Əlaqə Arxiv
news Image
2018.03.20
09:30
| A A A
Azərbaycan iqtisadiyyatında neft və qazdan asılılığa son qoyulur
Vüqar Bayramov: “Azərbaycanda diversifikasiya ilə bağlı pozitiv məqamların aparıcı reytinq agentlikləri tərəfindən qeyd edilməsi nəticə etibarı ilə ölkəmizdə aparılan islahatlara verilən beynəlxalq dəstək kimi qiymətləndirilə bilər”

"Fitch” beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda qeyd olunur ki, Azərbaycan neft və qazdan asılılığına son qoyacaq. Bildirilir ki, “Cənub Qaz Dəhlizi” çərçivəsində həyata keçirilən layihələr Azərbaycanın uzunmüddətli makroiqtisadi sabitliyi üçün strateji əhəmiyyət daşıyır.  

Agentliyin hesablamalarına görə, Azərbaycan tədricən neft və qazdan asılılığına son qoyacaq, çünki sovet dövründən qalan neft yataqları artıq hökuməti yeni gəlir mənbələrini inkişaf etdirməyə sövq edir: “OPEC-lə əldə olunan razılaşmaya əsasən 2017-ci ildə neft hasilatı azaldılıb. 2018-ci ildə reallaşacaq “Şahdəniz-2” layihəsi nəticəsində isə gələcək inkişafa nail olunacaq. Layihənin strateji əhəmiyyəti gələcəkdə onun transsərhəd mahiyyəti, o cümlədən daxili öhdəliklərin və tranzit ölkələri, Avropa Birliyi və istehlakçıların siyasi dəstəyi ilə möhkəmlənəcək”. 
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun fikrincə, “Fitch” agentliyinin sözügedən rəyə gəlməsinə təsir edən başlıca faktor Azərbaycanda son illər həyata keçirilən islahatlar və bu islahatların dünya miqyasında rəğbətlə qarşılanması ilə bağlıdır: “2014-cü ildən sonra Azərbaycan iqtisadiyyatın diversifikasiyası və neftdən asılılığın aradan qaldırılması baxımından qısa müddətdə gələcək strategiyaya təsir göstərəcək bir mərhələni keçdi. Həm yeni modelin hazırlanaraq tətbiq edilməsi, həm strateji yol xəritələrinin gündəmə gəlməsi və ona müvafiq olaraq neftdən asılılığın aradan qaldırılması istiqamətində addımların atılması nəticə etibarı ilə Azərbaycan üçün yeni imkanlar yaratdı. Xüsusən də struktur islahatlarının davam etdirilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması ilə bağlı atılan addımlarla neftdən asılılığın aradan qaldırılması yolunda ciddi zəmin formalaşdı. 
Sözsüz ki, neftdən asılılığın aradan qaldırılması qısamüddətli dövrdə əldə ediləcək nəticə deyil. Bu, bir qədər zaman tələb edir. Strateji yol xəritəsində də neftdən asılılığın tamamilə aradan qaldırılması məhz strateji dövrdə nəzərdə tutulub. Xüsusən 2020-2025-ci illər üçün orta müddətli dövrdə bu istiqamətdə islahatların dərinləşməsi və 2025-ci ildən sonra artıq tamamilə şaxələnmiş iqtisadiyyata nail olmaq ölkəmiz üçün əsas hədəflərdən biridir. Bu baxımdan dünyanın aparıcı reytinq təşkilatlarından biri olan “Fitch” agentliyinin apardığı qiymətləndirmə təbii ki, təqdirəlayiqdir. Ümumiyyətlə, “Fitch” daxil olmaqla digər beynəlxalq təşkilatlar ölkələrlə bağlı beynəlxalq rəyin formalaşmasına birbaşa təsir göstərirlər. “Fitch”in hesabatlarında da məhz bu məsələnin ayrıcı olaraq qeyd edilməsi Azərbaycanda diversifikasiya ilə bağlı pozitiv məqamların qeyd edilməsi nəticə etibarı ilə həm də ölkəmizdə aparılan islahatlara beynəlxalq dəstək kimi qiymətləndirilə bilər.  Bu addım islahatların dərinləşməsi üçün daha çox stimul və zəmin yaradır. Doğrudur, bu islahatlar beynəlxalq hesabatlarda Azərbaycanın yerinin dəyişməsi üçün deyil, investisiya mühitinin daha da yaxşılaşması üçün aparılır. Amma hesab etmək lazımdır ki, dünyanın hər bir ölkəsi üçün beynəlxalq hesabatlarda aldığı yer, rəy  və qiymətləndirmələr çox önəmlidir. O baxımdan islahatların dərinləşməsilə qiymətləndirmədə daha pozitiv dəyişikləri müşahidə edəcəyik.  İslahatların dərinləşməsi nəticə etibarı ilə Azərbaycanın beynəlxalq hesabatlar, eləcə də qiymətləndirici təşkilatlar tərəfindən verilən rəylərdə mövqeyinin daha da yaxşılaşmasına gətirib çıxaracaq”. 

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz