news Image
2018.04.17
08:00
| A A A
Qeyri-neft sektoru üzrə Azərbaycandan məhsul almaq istəyən ölkələrin sayı artır
Fikrət Yusifov “Son üç ay ərzində götürülən iqtisadi inkişaf sürəti bizə cari ili yüksək nəticələrlə başa vurmaq şansları yaradır”

Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkı (YTP) “Azexport”la əməkdaşlığın yeni mərhələsinə start verib. YTP-nin istehsal etdiyi sürtgü və motor yağlarına mövcud tələbi nəzərə alaraq, məhsulların “Azexport” portalında yerləşdirilməsi ilə bağlı müzakirə aparılıb. Həmçinin Millers Oils və TSZ markası altında istehsal edilən yağların “Azexport”da və beynəlxalq platformalarda marketinq və satış imkanları dəyərləndirilib və müzakirə edilib. 

Qeyd edək ki, artıq “Azexport” portalı vasitəsilə Azərbaycan məhsulları almaq istəyən ölkələrin sayı 80-i keçib. Burada da söhbət sırf qeyri-neft sektorunda istehsal edilən məhsullardan gedir. Ekspertlərin fikrincə, artan tələb fonunda qeyri-neft sektor üzrə Azərbaycanın daha çox gəlir əldə etməsi  gözlənilir.
Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, professor Fikrət Yusifov  bildirdi ki, son üç ay ərzində götürülən iqtisadi inkişaf sürəti bizə cari ili yüksək nəticələrlə başa vurmaq şansları yaradır: “Belə ki, cari ilin birinci rübündə Azərbaycan iqtisadiyyatı 2,3 faiz, onun qeyri-neft sektoru 3 faiz, sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə rekord həddə - təxminən 10 faiz artıb. Kənd təsərrüfında 4,2 faiz artım qeydə alınıb. Hesabat dövründə valyuta ehtiyatlarımız 2,2 milyard dollar artaraq  44,2 milyard dollara çatıb. Son üç ayda xarici ticarət dövriyyəmiz 31 faiz, ümumi ixrac 24 faiz, qeyri-neft ixracı isə 37 faiz artıb. Qeyri-neft sektorundan ixracın həcmində baş verən bu sıçrayış hökumətin ölkə iqtisadiyyatının real sektorunun sürətli inkişafına hesablanmış qətiyyətli addımlarının məntiqi nəticəsidir. 
Azərbaycanın real sektorunda istehsal edilən məhsulların bazarları getdikcə genişlənir. Bunun əsas səbəblərindən biri də odur ki, bizdə istehsal olunan məhsulların - ilk növbədə aqrar sektorda istehsal olunan ərzaq məhsullarının keyfiyyət göstəriciləri kifayət qədər yüksəkdir.  Bu gün beynəlxalq təşkilatlar tərəfində Azərbaycanda aparılan iqtisadi islahatlara və əldə olunan nəticələrə çox yüksək qiymət verilir. Davos İqtisadi Forumunun hesablamalarında rəqabətqabiliyyətliliyə görə Azərbaycan dünyanın 35 ən rəqabətqabiliyyətli ölkəsindən biri, inklüziv inkişaf baxımından isə inkişafda olan ölkələr arasında üçüncü yerdədir.  Bu göstəricilərin əldə olunmasında Azərbaycan hökumətinin azad sahibkarlığın inkişafı istiqamətində gördüyü tədbirlərin polu əvəzsizdir. 
Hökumət sahibkarlığın inkişafına maneə olan bütün neqativlərə qarşı barışmaz mübarizə aparmaqla yanaşı, bu məsələdə dünya praktikasında mütərəqqi olan təcrübələrin də Azərbaycana gətirilməsi işində layiqli addımlar atır. Bu sıradan olan addımlar içərisində investisiyaların və ixracın dövlət tərəfindən təşviq edilməsi ölkə iqtisadiyyatına həm daxili və həm də xarici investorların cəlb edilməsi işində əvəzsiz rol oynayır. Cari ilin birinci rübündə iş adamlarına 28 investisiya təşviqi sənədi verilib. Bu günə qədər isə 229 sahibkar 257 investisiya təşviqi sənədi ala bilib ki, bu hesaba reallaşacaq layihələrə qoyulacaq və qoyulmaqda olan sərmayənin həcmi 2,3 milyard manatdır. Bir sözlə, bu gün Azərbaycan hökuməti iqtisadi artımın məhz qeyri-neft sektorunun hesabına əldə olunmasını hədəfləyib”. 
Digər iqtisadçı-ekspert Yaşar Əsədov bildirdi ki, 80-dən çox dünyada mövcud dövlətlərin təxminən yarısı deməkdir: “Hansı ki, bu da Azərbaycan üçün əla göstəricidir. Çünki Azərbaycan bilavasitə qeyri-neft sektoronun sürətli inkişafına yaxın zamanlarda başlayıb.Q qısa müddət ərzində Azərbaycanın məhsullarını almaq istəyən ölkələrin sayının 80-i keçməsi böyük nailiyyətdir. Bununla da gəlirlər arasında qeyri-neft gəlirlərinin artımı qaçılmazdır. Görünür ki, qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir”. 
Mübariz BAYRAMOV

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs