Əlaqə Arxiv
news Image
2013.04.04
12:30
| A A A
Köhnə avtomobillərin bahalaşması gözlənir
Zöhrab İsmayıl: “Ölkəmizdə köhnə avtomobillərin qiyməti qalxa bilər” Seymur Yunusov: “Çox insan maşını gedib birbaşa gəmidən düşən kimi götürür” Məlumdur ki, hazırda Azərbaycana istismarda olmuş maşın ən çox qonşu Gürcüstadan idxal olunur. Amma sözügedən bazarın bağlanma təhlükəsi var. Belə ki, Rustavidəki "AUTOPAPA" avtomobil bazarının baş direktoru Yevgeniy Ustinov bildirib ki, hazırda Gürcüstanda avtomobil bazarı kommersiya baxımından sərfəli deyil və perspektivsizdir. Çünki, həmin avtomobil bazarının tikintisinə Ukraynanın "Privatbank"ı kredit verib. Lakin "AUTOPAPA" avtomobil bazarından gələn gəlir kreditin qaytarılmasına yox, yalnız onun faizlərini ödəməyə yetir. Bəzi ekspertlərin fikrincə isə məhz bu səbəbdən bazar bağlana bilər. Amma ekspertlər həmçinin həmin bazarın bağlanacağı təqdirdə Azərbaycanın maşın bazarına o qədər də təhlükə yaratmayacağını da bildirirlər. İqtisadçı ekspert Zöhrab İsmayılın fikrincə, Gürcüstandakı maşın bazarı bağlanarsa, ölkəmizdə köhnə avtomobillərin qiyməti qalxa bilər: "Çünki, əgər qiymət etibarı ilə götürsək, ölkəyə yeni avtomobillər daha çox gəlir. Onların da qiymətləri bahadır. Yəni, bu gün bazarda yeni istehsal olunmuş avtomobillərin payı daha çoxdur. Ancaq istismarda olmuş Gürcüstanda gətirilən avtomobillərin payı da az deyil. Ona görə əgər o bazar bağlansa, təbii ki, Azərbaycanda da istifadə olunmuş avtomobillərin qiyməti qalxacaq. Düzdür, rəqabət üçün yeni avtomobil satan şirkətlər müəyyən güzəştlər edirlər. Belə olan təqdirdə onlar da həmin güzəştlərdən imitina edə bilərlər. Ancaq ümumiyyətlə götürdükdə, Gürcüstanda maşın bazarı bağlansa da, bu, o demək deyil ki, Gürcüstana avtomobillər gətirilməyəcək və ordan da Azərbaycana gəlməyəcək. Bu, hansısa bazardan asılı olan məsələ deyil. Həmin bazar bağlanacaq, ola bilsin başqa bazar açılacaq. Əvvəl orda bir bazar var idisə, indi bir neçəsi var".
Ekspertin öszlərinə görə, ən yaxşısı odur ki, biz ümumiyyətlə, idxal proseslərində islahatlar aparaq: "Xüsusi ilə də avtomobil və texnikanın rüsumları aşağı salınmalıdır. Həm də lap yaxşı olar ki, biz Ümumdünya Ticarət Təşkilatına daxil olaq. O halda ƏDV-dən, böyük vergilərdən azad olarıq".
Nəqliyyat üzrə ekspert Seymur Yunusov bildirir ki, qiymətlər o qədər də ciddi qalxmayacaq: "Çünki, ildən - ilə həm yeni avtomobillərin həm də brendlərin satışı artıb. İndi orta sinif brendlərin də bazarda təmsilçiliyi artıb. Yəni, alıcıların alternativi var. Ona görə də qiymətlərin kəskin artmasını gözləmək olmaz. İkinci məsələ də odur ki, əvvəl Azərbaycanın daxili bazarında avtomobil azlığı var idi. Amma bu gün bazarda avtomobil bolluğu hökm sürür. Yəni, xeyli müddət əldə olan avtomobillərin alınıb – satılması ilə bazarda tələbat ödənilə bilər. Bu da qiymətlərin artmamasına bir müddət öz təsirini göstərəcək. Keçən il ölkəmizə rekord həddə - 101 min avtomobil gətirildi. Onun da təxminən yarısı yeni avtomobillərdir. Onun da get - gedə çəkisi artır. Bu da müəyyən bir həddə qədər gedəcək. Lakin Gürcüstanda hər şey "Rustavi bazarı"ndan asılı deyil. Burada artıq çoxlu sayda şəxslər və firmalar var ki, onlar da avtomobil gətirib satırlar. Çox insanlar maşını gedib birbaşa gəmidən düşən kimi götürürlər. Həm də "Rustavi bazarı"nın çəksini araşdırmaq lazımdır. Əvvəl onun çox ola bilərdi. Ancaq indi həmin çəki aşağı düşüb. Bəlkə də bazarın bağlanma təhlükəsinə səbəb, orada artan rəqabətdir. Maşın gətirən kənar şəxslər alveri özlərinə cəlb edə biliblər. Ola bilsin, bu səbəbdən bazarın vəziyyəti ağırdır".
Sizin Reklam Yeriniz