Əlaqə Arxiv
news Image
2018.04.19
09:00
| A A A
Ölkəyə daxil olan dollar kütləsinin artımı manatı bahalaşdıra bilər
Vüqar Bayramov: “Bu, birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq” Yaşar Əsədov: “Hər şey daxili bazardakı vəziyyətdən, əsasən də qlobal şərtlərdən asılıdır”

Azərbaycana daxil olan dollar kütləsi çıxar dollar kütləsini əhəmiyyətli dərəcədə üstələyir. Cari il ərzində vəziyyətin bu şəkildə qalması gözlənilir. Belə ki, son zamanlar dünya birjalarında neftin qiymətinin qalxması ilə ölkəmizə dollar qismində gələn valyutanın həcmi də artıb. Qeyri-neft sektoru üzrə artan ixrac da vəziyyətə əsaslı surətdə təsir edir. Bu durumda dolların ucuzlaşması baş tuta bilərmi? 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirdi ki, ölkəyə gələn dollar kütləsinin çıxan dollar kütləsini üstələməsi fonunda həmin valyutanın manata nisbətən ucuzlaşıb-ucuzlaşmayacağı birbaşa Mərkəzi Bankın tutacağı mövqedən asılı olacaq: “Manatın məzənnəsini qiymətləndirən zaman onu qeyd edək ki, bu istiqamətdə ona müsbət təsir göstərən faktorlar var. Eyni zamanda, milli valyutanın məzənnəsinə mənfi təsir göstərən faktorlar da mövcuddur. 
Manatın məzənnəsinə müsbət təsir edən fakrorları qiymətləndirsək, görərik ki, neftin mövcud qiymətinin büdcədə nəzərdə tutulandan təxminən 30 dollar çox olması ölkəyə daxil olan valyuta həcminin artmasına imkan yaradır. Bu da nəticə etibarı ilə ölkəyə daha çox valyuta gəlməsi deməkdir. Yaranmış vəziyyət tədiyyə balansında müsbət saldonun yaranmasına gətirib çıxarır. Çünki ölkəyə daxil olan valyutanın həcmi ölkədən çıxan valyutanın həcmindən daha çox olur. Eyni zamanda, qeyri-neft ixracatında da artımlar var. 
2018-ci ilin birinci rübündə qeyri-neft sektoru üzrə ixracat 37 faiz artıb. 2017-ci ildə isə qeyri-neft ixracatı 1,5 milyard dollara çatmışdı. Bu da əvvəlki illə müqayisədə 24 faiz çoxdur. Qeyri-neft ixracatının çoxalması da nəticə etibarı ilə ölkəyə daxil olan valyutanın həcminin artımına səbəb olub. O baxımdan həm neft, həm də qeyri-neft ixracatı Azərbaycana daha çox valyuta cəlb edə bilib. Bu amillər də valyutanın məzənnəsinə müsbət təsir göstərən faktorlardır. Bununla yanaşı, manatın məzənnəsinə mənfi təsir edən faktorlar da var ki, bu da daha çox Rusiya və Türkiyədə milli valyutaların ucuzlaşması ilə bağlıdır. Sirr deyil ki, Rusiya və Türkiyə Azərbaycan üçün vacib tərəfdaşlardır. Azərbaycanın qeyri-neft ixracatının 36 faizi məhz şimal qonşumuzun payına düşür. Ümumiyyətlə, qeyri-neft ixracatımızın 60 faizi Rusiya ilə Türkiyənin payına düşür. Aqroiqtisadiyyatımızın isə hətta 90 faizi Rusiya bazarına yönəldilir. Bu mənada həmin ölkə valyutalarının məzənnəsinin aşağı düşməsi manata da psixoloji təsir göstərir. Çünki, Azərbaycanın qeyri-neft ixracatı üçün həmin ölkələrdə milli valyutanın məzənnəsi əhəmiyyətli tendensiyadır. Eləcə də, yaranmış vəziyyət Rusiyada yaşayan soydaşlarımızın Azərbaycana daha az vəsait gödərmələrinə gətirib çıxara bilər. Onların il ərzində göndərdiyi 2 milyard dollarlıq məbləğinin müəyyən qədər azalacağı proqnozlaşdırılır. Ona görə də manatın məzənnəsini müəyyənləşdirən müsbət və mənfi faktorlar kontekstində Mərkəzi Bankın mövqeyi önəmlidir. Mərkəzi Bank daha çevik məzənnə siyasəti yürütməklə Rusiya və Türkiyədə milli valyutaların dollara nisbətən ucuzlaşmasının ölkəmizə təsirlərini optimallaşdıra bildi. Belədə həmin siyasətilə manatın mövcud məzənnəsinin qorunub saxlanılmasını təmin etdi. Güman edirik ki, mövcud faktorlar çərçivəsində Mərkəzi Bank manatın məzənnəsini qoruyub saxladığından, növbəti dövrlərdə də milli valyutamızın məzənnəsinin dəyişməsi birbaşa baş bankın mövqeyindən asılı olacaq”. 
İqtisadçı-ekspert Yaşar Əsədovun fikrincə, dolların manata nisbətən məzənnə dəyişikliyi əsasən qlobal bazarlarda cərəyan edən proseslərdən asılıdır: “Ölkəmizə gələn dolların çıxandan çox olması fonunda iki məsələni qabartmaq lazımdır. Azərbaycanın  xarici ticarət dövriyyəsində müsbət saldo artıb, ona görə də daha çox valyuta daxil olur. 
Digər tərəfdən, xaricdən Azərbaycana pul köçürülür. İnformasiyalara görə həmin köçürülən pulun həcmi də artmaqdadır. Dünya ölkələri artıq böhranı adlayırlar, hər yerdə iqtisadi inkişaf templəri qeydə alınır. Ölkəmizə daxil olan pul kütləsinin əhəmiyyətli hissəsi Mərkəzi Bankın valyuta ehtiyatlarında cəmlənir. Digər tərəfdən dollar əsas valyutalarla müqayisədə tədricən məzənnəsini itirməkdədir. Bu mənada ola  bilsin ki, baş verən həmin qlobal prosesin Azərbaycan manatına da təsiri olsun. Yəni, dollar bütün dünyada zəiflədikcə, ola bilər anoloji proses özünü manata nisbətən də göstərsin. Bütün hallarda hər şey daxili bazarda mövcud olan vəziyyətdən asılıdır. Azərbaycan daxilində istehsal yüksələrsə, təklif və əhalinin alıcılıq qabiliyyəti artarsa, manat da dollara nisbətdə daha güclü mövqe qazana bilər. Amma bütün hallarda manatın dollara nisbətən dəyişməsi daxili faktorlardan daha çox əsasən qlobal şərtlərdən asılıdır”.
Rüfət NADİROĞLU  

Sizin Reklam Yeriniz