Əlaqə Arxiv
news Image
2018.04.20
08:00
| A A A
Beynəlxalq miqyasda Azərbaycan iqtisadiyyatına verilən növbəti yüksək qiymət
Natiq Cəfərli: “Emal sənayesinin və ixracın manatla ekvivalentində artımı ÜDM-yə müsbət təsir göstərib” Vüqar Bayramov: “Qeyri-neft sektoru mərhələli şəkildə Azərbaycan iqtisadiyyatında dominant mövqeyə keçməkdədir”

Beynəlxalq Valyuta Fondu (BVF) 2018-ci il üçün Azərbaycan iqtisadiyyatının artımı ilə bağlı proqnozu 1,3 faizdən 2 faizədək yüksəldib.Bbu barədə “World Economic Outlook” hesabatında deyilir. 

Qeyd olunur ki, proqnozun təkrar nəzərdən keçirilməsinin səbəbi iqtisadiyyata dövlət investisiyalarının gözləniləndən daha yüksək olmasıdır. Yerli iqtisadçılar bildirirlər ki, Azərbaycan iqtisadiyyatının artımı ilə bağlı proqnozun yüksəldilməsini şərtləndirən səbəblər çoxdur. Həm qeyri-neft sektorunda əldə edilən nailiyyətlər, həm də neftin qiymətinin artması proqnozların daha yüksək olmasına imkan yaradıb. İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, bu ilk rübünün rəsmi rəqəmlərində də iqtisadi artım oldu: “Bunun əsası odur ki, 2016 və 2017-ci ildə ümumi daxili məhsulun artımında dinamika zəif idi. Bu il müxtəlif sahələrdə dinamikanın artması ÜDM-in yüksəlməsinə təsir etdi. İkinci səbəb isə, dünya bazarında neftin qiymətlərinin artmasıdır. Ötən ilə nisbətən neftin qiymətində təxminən 45 faiz artım var. Həmçinin emal sənayesinin və ixracın manatla ekvivalentində artımı ÜDM-yə müsbət təsir göstərib. 
Bundan başqa ötən ilin ortalarında etibarən qeyri-neft sektorunda istehsalın və ixracatın artımı yaşanır. Təxminən üç faizdən yuxarı artım dinamikası var. Kənd təsərrüfatının istehalı və ixracatında da artım müşahidə olunur. Bütün bunlar Azərbaycanın makroiqtisadi göstəricilərinə müsbət təsir göstərib. İndiki neft qiymətləri ilin sonuna qədər qalarsa, ÜDM-də hətta 3 faizlik artım gözlənilir”. 
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirdi ki, bu, ilk nöbədə qeyri-neft sektorunun iqtisadiyyatda payının artması ilə bağlıdır: “Qeyri-neft sektoru mərhələli şəkildə Azərbaycan iqtisadiyyatında dominant mövqeyə keçməkdədir. 2018-ci ilin ilk rübünün yekunları da göstərir ki, ÜDM-də qeyri-neft sektorunun artım tempi daha yüksəkdir. İlk rübdə qeyri-neft sektorunda 10 faiz artım qeydə alınıb. Bu da ondan xəbər verir ki, artıq qeyri-neft sektoru daha çox iqtisadi inkişafa səbəb olur. Bütövlükdə ÜDM-də artıma birbaşa təsir göstərir. 
Digər məqam isə neftin dünya bazarındakı qiymətidir. Neftin qiyməti büdcədə planlaşdırılandan təxminən 30 dollar yüksəkdir. Hazırda Azərbaycan neftinin qiyməti 75 dollardır. Bu da ölkəyə daha çox valyutanın daxil olacağına şərait yaradır. 2018-ci ilin birinci rübündə Azərbaycan dövlət rezervləri 44 milyard dollara çatıb. O baxımdan da həm qeyri-neft sektorundakı artım, həm də  neftin qiymətinin bahalaşması 2018-ci ildə ÜDM-nin proqnozlaşdırılandan daha çox olacağına zəmin formalaşdırıb”.
Mübariz BAYRAMOV

 

Sizin Reklam Yeriniz