Əlaqə Arxiv
news Image
2018.04.20
09:40
| A A A
Regional layihələrdən təcrid Ermənistanın çöküşünü sürətləndirir
Aydın Ağayev: “Təcrid siyasətinin davam etdirilməsi Ermənistanın gələcəyinin olmadığını deməyə əsas verir” Natiq Miri: “Ermənistanın gələcək inkişaf perspektivi böyük şübhə altındadır”

“Ermənistanı bütün regional layihələrdən təcrid etmək siyasətini davam etdirəcəyik və əminəm ki, istədiyimizə nail olacağıq”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 18-də andiçmə mərasimində deyib. Ermənistanın bütün regional layihələrdən təcrid etmək siyasətiniy davamı işğalçı ölkə üçün nə deməkdir və qarşıdakı dövr ərzində düşmənin daha böyük problemlə üzləşməsini gözləmək olarmı? Bu amil Qarabağ münaqişəsinin gedişinə nə vəd edir?

Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayev bildirdi ki, Azərbaycanın işğalçı ölkəni regional layihələrdən təcrid etməkdə davam etməsi Ermənistan üçün böyük bir fəlakətlə nəticələnəcək: “Ermənistanın bütün regional layihələrdən təcrid edilməsi siyasətinin davam etdirilməsi o demədir ki, bu işğalçı ölkənin müstəqil dövlət olaraq gələcəyi sual altındadır. Daha doğrusu, gələcəyi yoxdur. Bunu tək Azərbaycan demir. 
Azərbaycan deyəndə kimlərsə düşünə bilər ki, Ermənistanla müharibə vəziyyətində olduğumuzdan belə deyirik. Artıq xarici ölkələrdə də bildirirlər ki, Ermənistanı gələcəyi yoxdur. Bunu artıq məsələyə obyektiv yanaşması olan xaricdəki bəzi erməni dairələri də deyir. Bu illər ərzində Ermənistanın hərbçilərinin himayədarlarına arxalanaraq Azərbaycandan rədd olub getməmələri nəticəsində onlara qarşı tətbiq edilən addımlar təbii ki, Ermənistanın gələcəyi üçün yaxşı heç nə vəd etmir. Yaranan dövlətin gələcəyi də olmalıdır. Ancaq işğalçılıq siyasəti Ermənistanın gəcələyini sual altına qoyur. Son zamanlar  həm Rusiya, həm də Qərb mətbuatında da artıq bu kimi fikirlər yer almağa başlayıb. Bu da onu göstərir ki, Azərbaycanın yeritdiyi siyasət doğrudur, cənab Prezidentin dediklərinin təsir mənasında əməli nəticələri var. Hansı ki, bu nəticələr də əvvəl-axır öz işini görəcək. Buna qəti şübhəm yoxdur. İşğalçı ölkə ilə Azərbaycanın bu strategiyasına uyuşmayan hansısa əlaqələr qurulursa, təbii ki, bu heç zaman dövlətimizi qane etməyəcək. Hər zaman buna etirazımızı bildirmişik və həmişə də bildirəcəyik. 
Cənubi Qafqaz regionunda real vəziyyətin nədən ibarət olduğunu görmək istəyənlər üçlük, dördlük formatları çərçivəsində gerçəkləşən işləri görməyə bilməz. Bütün bunlarda Ermənistan yoxdur və heç zaman olmayacaq. Bu siyasəti əməli işlə gerçəkləşdirməklə məqsədimizə nail olmuşuq. Ermənistan bu fonda seçim etməlidir. Region ölkələri arasında məhz Ermənistanda əhalinin ölkəni tərk edib getməsi prosesi daha miqyaslı xarakter alıb. Bu ölkədə əhali yaşamaq istəmir. Çünki özləri üçün perspektiv görmürlər. Ötən 10 il ərzində Ermənistanda hakimiyyətdə olan şəxsin indi də baş nazirlik kürsüsünü ələ keçirməsi həmin ölkə əhalisi arasında həqiqətən də etiraz ovqatını daha da gücləndirib. Əlbəttə ki, Ermənistandakı Qarabağ klanı özünə arxayındır, çünki müəyyən xarici dəstəyə malikdir. Ancaq xarici dəstək nə zamana qədər davam edəcək? Dövlət özü müstəqil yaşamalıdır. Lakin Ermənistanda bunlar yoxdur”.  
Politoloq Natiq Miri də qeyd etdi ki, mövcud durumda işğalçı ölkənin gələcək perspektivi ciddi şübhə altındadır: “Ermənistanın blokada siyasətinin davam etdirilməsi düşmən ölkə iqtisadiyyatının, bütövlükdə cəmiyyətinin inkişaf perspektivinin qarşısının alınması deməkdir. Bu siyasət Ermənistanı müəyyən güzəştlərə vadar etmək xarakteri daşıyır. Ancaq bunun Ermənistandan yana nə qədər effektli olub-olmadığını da düşünmək lazımdır. 
Doğrudur, işğalçı ölkənin iqtisadiyyatı və dövləti bütövlükdə humanitar, sosial, hərbi və iqtisadi baxımdan baxanda Azərbaycandan çox-çox geridə qalıb. Blokada Ermənistanın inkişafının qarşısını alır. Bu fonda Ermənistanın gələcək inkişaf perspektivi  böyük şübhə altındadır. Ancaq hərbi xunta olan Sarkisyan klanının hakimiyyəti dövründə onun Dağlıq Qarabağ məsələsində güzəştə gedəcəyini düşünmək də fikrimcə, o qədər də perspektivli görsənmir. Çünki 25 il ərzində blokada siyasəti Ermənistanı güzəştlərə vadar edə bilməyibsə, deməli, o vacib olsa da, ondan əlavə başqa addımlar da atılmalıdır. Ona görə ki, Ermənistan təkcə özünün siyasi iradəsilə idarə olunan dövlət deyil. Hələ də Ermənistan Rusiyanın əyaləti olaraq fəaliyyət göstərir. Bu baxımdan, hətta Dağlıq Qarabağ məsələsində belə istənilən siyasi qərarı verəcək səviyyədə Ermənistan müstəqil dövlətə malik deyil. Blokadadan əlavə başqa yönlü proseslər də paralel getməlidirki, Ermənistan və havadarları güzəştlərə vadar olsunlar. 
Ermənistan dilənçi ölkədir. Zaman-zaman bu ölkə rəhbərliyi xaricdəki lobbiləri və havadar ölkələrdən müəyyən dilənçilik yolu ilə sədəqələr alıb. Təəssüf ki, bu istiqamətdə dəstək hələ də Ermənistana münasibətdə davam edir. Həmin sədəqələr də 25 il müddətində Ermənistanın ayaqda durmasına səbəb olub. Ermənistana bu fonda göstərilən yardımlar həm ABŞ, həm Avropa, həm də Rusiya tərəfindən davam etdirilir. Həmçinin, cənub qonşumuz müsəlman İranı tərəfindən də Ermənistana ciddi güzəştlər edilir. Bütün bunlar da Ermənistanın ayaqda durmasına şərait yaradır. Bu gün Ermənistan inkişaf perspektivi olmasa da, yalnız yaşamaq uğrunda mübarizə aparır. Ona görə düşünürəm ki, blokada siyasəti önəmli olsa da, ancaq yetərli deyil. Ona paralel elə proseslər yaradılmalıdır ki, İrəvan və havadarları problemi həll etmək məcburiyyətində qalsınlar”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz