Əlaqə Arxiv
news Image
2018.04.20
16:49
| A A A
Goranboyda infrastruktur və sosial-mədəni obyektlərin tikintisi genişlənib

Bu ilin birinci rübünün yekunları respublikamızın digər rayonları kimi, Goranboy üçün də uğurlu olub. Qeyri-neft sektorunun aparıcı sahələrindən olan kənd təsərrüfatının, onun ayrı-ayrı istiqamətlərinin, eləcə də sənayenin inkişafı Goranboy rayonunda diqqətdə saxlanılıb. Rayonda infrastruktur və sosial layihələrinin icrası, o cümlədən tikinti, quruculuq və abadlıq işləri davam etdirilib.

Movqe.az AzərTac-a istinadən xəbər verir ki, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev 2018-ci ilin birinci rübündə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında rayonun əsas iqtisadi göstəriciləri və digər məsələlər barədə məlumat verib.

Bildirilib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin inzibati binasının tikintisi başa çatmaq üzrədir. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ayrılmış vəsait hesabına rayon mərkəzi xəstəxanası üçün yeni binanın tikintisi tezliklə yekunlaşacaq. Dövlətimizin başçısının tapşırığı ilə rayonda Olimpiya İdman Kompleksinin tikintisi üçün 3 milyon manat vəsait ayrılaraq tikinti işlərinə başlanılıb. Kompleksin növbəti ildə istifadəyə verilməsi planlaşdırılıb. Sahəsi 750 kvadratmetr olan Bayraq muzeyinin tikintisi isə başa çatmaq üzrədir. Ərazidə, həmçinin 67 metr hündürlüyündə dövlət bayrağı dirəyi ucaldılacaq. Xalça istehsalı emalatxanasının tikintisinə də başlanılıb. Yaxın günlərdə isə Ailə və Uşaqlara Dəstək Mərkəzinin tikintisinə start veriləcək. Bundan başqa, Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir. Dəliməmmədli-Quşçular-Fəxralı-Alpout-Qurbanzadə avtomobil yolunun tikintisi ilə bağlı hazırlıq işləri aparılır. Ümumilikdə isə son 8 ildə 130 kilometrdən artıq yol yenidən tikilib ki, bu da mövcud kəndlərarası yolların 82 faizi deməkdir.

Qeyd olunub ki, Goranboy şəhərində 28 ədəd çoxmənzilli yaşayış binası var. Prezidentin tapşırığına əsasən 2016-cı ildə bu binalardan 11-i, ötən il isə 12-si, o cümlədən Goranboy şəhərində 9, Dəliməmmədli şəhərində 2, Qızılhacılı qəsəbəsində 1 bina təmir edilib. Bu il Goran qəsəbəsində 3, Goranboy şəhərində isə 1 binanın dam örtüyünün dəyişdirilməsi, fasad və həyətyanı sahələrinin təmiri işləri aparılıb. Həmçinin Dəliməmmədli şəhərində 20-dək kommunal evin dam örtüklərinin dəyişdirilməsi üçün sənədləşmə işləri aparılır. Bu binalarda da yaxın günlərdə təmir işlərinə başlanılacaq. Yaxın günlərdə şəhərin Mirqalib Nağıyev, Məmməd Məhərrəmov, Cəfər Cabbarlı, Nizami, Nəriman Nərimanov küçələrində asfalt beton örtüyün salınacaq.

Açılmış ictimai iş yerlərində 524 nəfər aztəminatlı vətəndaş işlə təmin edilib. Bu ilin birinci rübündə isə 335 yeni ictimai iş yeri açılıb.

Rayonun ümumtəhsil məktəblərinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilib. Bu barədə məlumat verilərək bildirilib ki, Xoylu kənd tam orta məktəbinin əlavə tədris korpusunda əsaslı təmir işləri başa çatmaq üzrədir. Məktəbəqədər təhsilin ilkin pilləsi olan uşaq bağçalarının maddi-texniki bazasının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılıb. Kələk kəndində tikilmiş uşaq bağçasının yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulub. Ağamalıoğlu kənd uşaq bağçasında isə hazırda əsaslı təmir işləri aparılır.

Ötən il aqrar bölmədə ciddi uğurlar əldə edilib. Pambıqçılığın, tütünçülüyün, baramaçılığın və digər sahələrin inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramları aqrar sahənin inkişafına ciddi təkan verib. Goranboy və Samux rayonlarının inzibati ərazisində yerləşən “Boz dağ” massivində yaradılmış “Goranboy aqroparkı”nda hazırda 100 nəfər işləyir. İşlər yekunlaşdıqdan sonra isə burada 500 nəfər işlə təmin ediləcək.

Diqqətə çatdırılıb ki, keçən il Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən Şəmkir maşın kanalı vasitəsilə Dəliməmmədli şəhəri ərazisinə suvarma suyu verilib. Bununla da kanalın yaxınlığında yerləşən 8 kəndin su təminatı əsasən ödənilib. Bu il isə kanalın Nadirkəndədək olan 7 kilometrlik hissəsi istifadəyə veriləcək. Eyni zamanda, Prezidentin müvafiq Sərəncamı ilə 16 yaşayış məntəqəsində 19 subartezian quyusu qazılacaq.

Məruzə və çıxışlarda əhalinin həyat şəraitinin yaxşılaşdırılması, elektrik enerjisi, təbii qaz və su ilə təminatı, təhsilin, mədəniyyətin inkişafı sahəsində görülən işlər təhlil olunub, uğurlarla yanaşı, problemlər də sadalanıb, onların həlli üçün təkliflər irəli sürülüb.

Sizin Reklam Yeriniz