Əlaqə Arxiv
news Image
2018.04.21
09:00
| A A A
Azərbaycan və İran hesablaşmalarda milli valyutalardan istifadə edəcək?!
Ekspert: “Hesablamaların dollarla deyil, milli valyutalarla aparılmasından həm Azərbaycan, həm də İran udacaq”

İran hökuməti ölkənin Amerika valyutasından asılılığının azaldılmasına yönəlmiş səyləri çərçivəsində hesablamalarda dollardan rəsmən imtina edib. Bu fonda maraq doğuran odur ki,  Azərbaycan və İran hesablaşmalarda hansı valyutadan istifadə edəcək. Nəzərə alaq ki, İran əsas ticarət tərəfdaşlarımızdan biridir. Ödəmələr milli valyutalar vasitəsilə aparıla bilərmi? 

İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, qarşılıqlı ticarətdə ödəmələrin milli valyutalarla aparılmasına cəhdlər olsa da, onun reallaşması o qədər də mümkün deyil: “Hesablaşmalarda dollardan imtina ilə yanaşı, İran ticarətin də milli valyuta ilə aparılması istiqamətində müəyyən danışıqlar aparır. İran bir çox ölkələr, Azərbaycan, Rusiya və Türkiyə ilə belə danışıqlar aparır. Amma bu addımın realizə olunması kifayət qədər çətindir. 
İranın hesablaşmalarda dollardan imtina istiqamətində atdığı addımın da əslində, iqtisadi amillə heç bir bağlılığı yoxdur. Bu istək siyasi məqamlardan doğan bir qərardır. Çünki hazırda ABŞ-la İran arasında növbəti gərginlik dalğası yaşanır. Bu fonda İran dollardan imtina etməklə sanki Amerikaya bir mesaj vermək istəyir. İranın ixracatında əsas yeri təbii resurslar, neft tutur. Onun da satış qiyməti dollarla müəyyən olunur. Belə olanda dollardan imtina edib başqa valyutalarla hesablaşma aparmaq əlavə bank xidmət xərclərinin olması demək olacaq. Bu fonda da məsələ problemli olacaq. Bununla belə, İran belə bir qərar versə, gözləniləndir ki, sona qədər gedəcək.  
İran bu addımı atsa, güman ki, Azərbaycanla ticarətdə ilkin mərhələdə proses avro ilə aparılacaq. Amma sonrakı mərhələlərdə qarşılıqlı ticarətdə milli valyutaya keçmək cəhdlərinin olacağını da istisna etmirəm. Çox güman ki, İran da belə bir təkliflə çıxış edəcək. Bununla bağlı da müəyyən danışıqlar olacaq”.
İqtisadçı-ekspert Yaşar Əsədov isə İranla Azərbaycan arasında hesablaşmanın milli valyuta ilə aparılmasını daha məqbul variant hesab etdi. Çünki, ona görə, bu fonda hər iki ölkə əlavə olaraq 2 faiz qazanc götürəcək: “Rusiya, Çin, İran, postsovet məkanındakı Orta Asiya ölkələri bir-birilə ticarət əlaqələrində dollardan imtina edilməsi məsələsini əslində, çoxdan müzakirə edirlər. Hətta Rusiya ilə Belarus arasında ticarət əlaqələrində dollardan ümumiyyətlə, istifadə olunmur. Bu mənada İranla Azərbahycan arasında ticarət əlaqələrində ödəmələrin milli valyuta ilə aparılması təbii ki, heç bir ölkəyə problem yaratmayacaq. Sadəcə, söhbət ondan gedir ki,  dollardan imtina hansısa vərdişlərdən imtina edilməsi deməkdir. 
Yeni hansısa bir ideyanın meydana çıxması isə həmişə ilk əvvəl müəyyən problemlərlə müşayiət olunur, bəzi çətinliklər yaradır. Lakin bu çətinliklər də adətən qısa zaman çəkir. Çünki, İranla Azərbaycan arasında ikitərəfli münasibətlərdə çox güman ki, adlamağın mümkün olmadığı problemlər meydana çıxmayacaq. Eyni zamanda, əminəm ki, hesablamaların dollarla deyil, milli valyutalarla aparılmasından hər iki tərəf udacaq. Fakt odur ki, pulu dollara çevirib, sonradan ticarət münasibətləri saxlanılan ölkənin valyutasına çevirmək prosesin gedişində təxminən 2 faiz itirmək, bu qədər əlavə xərcə düşmək deməkdir. Bu prosesdən isə adətən ABŞ qazanır. Keçən əsrin 40-cı illərin sonlarından ABŞ dünyaya dolların aparıcı mövqeyini sırımaqla özü də qazanırdı. Hesablamaların milli valyuta ilə aparılması fonunda isə həmin iki faiz ABŞ-a çatmayacaq, İranla Azərbaycanın özünə qalacaq”.
Rüfət NADİROĞLU  

Sizin Reklam Yeriniz