Əlaqə Arxiv
news Image
2018.04.24
09:30
| A A A
Neft və qeyri-neft sektorları arasında balans dəyişir
Azərbaycan sənayesi yeni məhsul istehsalı ilə iqtisadi rolunu genişləndirir

Azərbaycan Prezidentinin struktur islahatlarını genişləndirilməsi qlobal dünyada baş verən iqtisadi proseslər, xüsusilə dünya neft bazarında nəzərəçarpan qiymət dəyişiklikləri ilə də müəyyən dərəcədə bağlıdır. Qeyd olunan məsələ həyata keçirilən iqtisadi islahatların idarə olunmasına dəstək verir. Qeyri-neft sektorunun inkişafı birmənalı şəkildə Azərbaycan iqtisadiyyatının neftdən asılılığının tamamilə aradan qaldırılmasına və böhrana dayanıqlı iqtisadi sistemin formalaşmasına imkan verəcək. 

Lisenziya verilmə kimi sahibkarlıq subyektlərinin qarşısında dayanan süni baryerlərin aradan qaldırılması sahibkarların işini xeyli asanlaşdırıb. İndi sahibkar bir dəfə lisenziya alır və bu lisenziya müddətsiz verilir. “Elektron lisenziya” portalının formalaşması lisenziya və xüsusi icazələrin verilməsi proseslərinin tamamən elektronlaşmasına gətirib çıxarıb. Yəni lisenziyaların alınması üçün elektron müraciət forması tətbiq edilir. Hazırda Azərbaycanda lisenziyaların alınması üçün tələb edilən günlərin sayı inkişaf etmiş ölkələrin cəmləşdiyi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı üzrə orta göstəricidən 3 dəfə azdır. İnhisarçılığın ləğvi və elektronlaşmanın gücləndirilməsi yerli sahibkarların fəallığını artırıb. Bununla yanaşı xarici investorların da ölkəyə gəlməsi sürətlənib. 
Bu il Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə 250 milyon manat güzəştli kreditlər veriləcək. İqtisadçı ekspertlərin hesablamalarına görə, bu il sahibkarların öz maliyyə resurslarını da nəzərə alsaq, regionlara qoyulan investisiyanın həcmi təxminən 1 milyard manat olacaq. Bura xaricdən cəlb ediləcək investisiya vəsaitini də əlavə etsək, inamla demək olar ki, qarşıya qoyulan tələblər tam ödənəcək. Əgər ölkədə başlanmış genişmiqyaslı islahatları da nəzərə alsaq, onda  qeyri-neft sektorunun ixrac qabiliyyətinin yüksəlməsi ilə valyuta daxilolmalarının artımları mütləq əhəmiyyət kəsb edəcək.  
Görülmüş işlər, əldə edilmiş valyuta gəlirlərinin mənbəyi sübut edir ki, ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi hesabına enerji gəlirlərindən asılılığın aradan qaldırılması uğurla davam edir. Qeyri-neft sektorunun inkişafı iqtisadi şaxələndirmənin nəticəsidir. Bu da öz növbəsində məşğulluq sferasında, istehlak və valyuta bazarında stabilliyin formalaşmasına müsbət təsir edir. 
Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş Strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir. Bu sənədlər Azərbaycanın gələcək inkişaf perspektivlərini elmi əsaslarla müəyyənləşdirən konseptual sənəddir. Təsdiq edilmiş xəritədə bütövlükdə milli iqtisadiyyat və 11 sektor üzrə yaxın orta və uzunmüddətli perspektivlər öz əksini tapıb. Strateji Yol Xəritəsinin mahiyyətinə görə qeyri-neft sektorunun inkişafı ölkənin iqtisadi potensialının gücləndirilməsi üçün mühüm amildir. Bunun nəticəsidir ki, son illər uğurla həyata keçirilən dövlət proqramları və bu sahədə görülən tədbirlər qeyri-neft sektorunun davamlı inkişafına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına təkan verib.
Qeyri-neft sektorunda ötən il baş vermiş irəliləyişlər göstərir ki, bir neçə ildən sonra Azərbaycan iqtisadiyyatı neft sektorundan asılılığı mimimum olan dövlətlər sırasında olacaqdır. Əgər keçən il kənd təsərrüfatı istehsalı, nəqliyyat, informasiya və rabitə xidmətləri, pərakəndə ticarət və s. sahələr üzrə ciddi irəliləyişlər ola bilibsə, bu, o deməkdir ki, dövlət postneft dövrünün xüsusiyyətlərini düzgün qiymətləndirib və düzgün də yol seçib.  Dünyanın iki ən böyük maliyyə institutları - Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının rəhbərlikləri təsdiq ediblər ki, davamlı surətdə həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində qısa müddət ərzində neft sənayesindən asılılıq minimuma enəcək. Ölkə Prezidentinin qeyd etdiyi kimi, islahatların əsas hədəfi bir neçə il ərzində dövlət büdcəmizin gəlirlərini qeyri-neft sektoru hesabına təmin etmək olmalıdır. Bu baş verdikdən sonra isə dünya bazarlarında neftin qiymətlərinin dəyişməsinin heç bir əhəmiyyəti olmayacaq.
N.NOVRUZ

Sizin Reklam Yeriniz