Əlaqə Arxiv
news Image
2018.04.25
09:30
| A A A
Həm valyuta ehtiyatları, həm də investisiya qoyuluşu artacaq

Dünya birjalarında neft bahalaşmaqdadır. Hətta "Brent" markalı neftin bir barelinin qiyməti 27 noyabr 2014-cü il tarixindən bu yana ilk dəfə olaraq 75 dolları ötüb. Eyni zamanda Azərbaycanın "Azeri LT CIF" markalı xam neftin 1 barrelinin 75,25 dollar/barelə bərabər olub. Neftin   yüksək qiyməti fonunda əldə edilən gəlirlər də artıb. Bunu Dövlət Neft Fondunun (ARDNF) birinci rüb gəlirlərində də görmək mümkündür. 2018-ci ilin yanvar-mart ayları ərzində ARDNF-nin büdcə gəlirləri 4 424,2 milyon manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə artım deməkdir. 

Ekspertlərin fikrincə, belə vəziyyətdə əlavə vəsait yalnız valyuta ehtiyatlarının artımına sərf olanmayacaq. Belə ki, neftin indiki qiyməti  may ayında büdcəyə yenidən baxılma ehtimalını artırıb. Bu fonda da hökumətin əlavə investisiya layihələrini işə salması istisna edilmir. İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov bildirdi ki, neftin qiymətinin artması fiskal gəlirlərə öz təsiri göstərir: “İlk təsirləri məhz neft sektorunda işləyənlərin vergi ödəyişlərinin artmasıdır ki, bu da büdcə gəlirlərini yüksəldəcək. Maliyyə Nazirliyinin hesablamalarına görə, neftin hər barrelinin qiymətinin 5 dollar artması dövlət büdcəsi üçün əlavə 60 milyon dollar  gəlir formalaşdırır. Birinci rübdə neftin qiyməti təxminən 67 dollar olub. Bu da dövlət büdcəsi üçün birinci rübdə 60 milyon dollar əlavə gəlir deməkdir. İlin sonrakı dövrlərində bu tendensiya davam edərsə, dövlət büdcəsinin illik gəlirləri təxminən 300 milyon dollar artacaq. 
Eyni zamanda Dövlət Neft Fondunun (DNF) daxilolmaları da artır. Maliyyə Nazirliyinin hesablamalarına görə, neftin hər barrelinin qiymətinin 5 dollar artması nəticəsində DNF təxminən 500 milyon dollar gəlir əldə edir. Birinci rübdə DNF-nun strateji valyuta ehtiyatları təxminən 1.8 milyard dollar artıb. Yəni neftin baha olması dövlət gəlirlərinə öz müsbət təsirini göstərir. O baxımdan gözlənilən proqnozlardan biri ondan ibarətdir ki, may ayında büdcəyə yenidən baxıla bilər. Əgər büdcəyə yenidən baxılarsa, investisiya istiqamətində vəsaitlərin artırılması qərarı mümkündür. Ümumiyyətlə, neftin qiymətinin artması fonunda hökumət yenə də xərcləmələri artırır. Bu, 2018-ci ilin büdcəsində də öz əksini tapıb. Büdcə xərcləri 19.6 faiz artırılıb. Yenidən fiskal ekspansiya siyasətinə keçid müşahidə olunur. Bu da son nəticədə daha çox investisiya xərclərinə yönələcək”. 
Digər iqtisadçı-ekspert Natiq Cəfərli də may ayında böyük ehtimalla büdcəyə dəyişiklərin olacağını düşünür: “Həmişə Azərbaycanda belə yanaşma olub. Yumşaq yanaşma ilə büdcə təsdiq edilib. Sonradan dəyişiklik olub. Bu dəfə də kifayət qədər konservativ yanaşma oldu. Büdcədə neftin qiyməti 45 dollardan götürüldü. Hazırda isə Azərbaycan neftinin qiyməti 55 faizə yaxın artıb. Çox güman ki, may ayında büdcəyə dəyişiklər olacaq. Təqribən 3-4 milyard manatlıq gəlir və xərc hissəsində dəyişik ola bilər. Bu fonda da əsasən investisiya layihələri və yeni işlərinin açılması gözlənilənilir. May ayında dəyişiklikdən sonra büdcədə neftin təxminən 10-12 dollar arıtırıla bilər ki, bu da təqribən 2 milyard əlavə vəsait deməkdir. Həmin vəsaitin məhz təmir-tikinti, yeni layihələrə yönləndirilməsi nəzərdə tutulacaq”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz