Əlaqə Arxiv
news Image
2018.04.27
08:00
| A A A
Azərbaycan və Türkiyə ticarətdə milli valyutalara keçirlər
Cəfər İbrahimli: “Milli valyutalarda ticarət etmək yaxşı ideyadır” Əkrəm Həsənov: “Saziş bağalanarsa, mümkündür”

“Azərbaycan Türkiyədə ən böyük investisiya yatıran ölkəyə çevrilir”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib. 

R.T. Ərdoğan qeyd edib ki, Türkiyə və Azərbaycanın iqtisadi və ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi prioritet məsələdir: “Bu gün önəmli addım atdıq. Yaxın gələcəkdə yeni layihələr də həyata keçirəcəyik. Təbii ki, ən önəmlisi iqtisadi sahədə yerli və milli valyutaya keçişimiz olacaqdır”. 
Qeyd edək ki, qarşılıqlı ticarətin milli valyutalarda həyata keçirilməsi zaman-zaman gündəmə gətirilir. Artıq bəzi ölkələr müəyyən qədər buna nail ola biliblər. Ekspertlər Azərbaycan və Türkiyə arasında da bunun baş tuta bilmə ehtimalını az görmürlər. Lakin bunun üçün görüləcək bəzi tədbirlər də var. İqtisadçı-ekspert Cəfər İbrahimli bildirdi ki, bu məsələ zaman-zaman gündəmə gəlib: “Son üç ildə Azərbaycanda da müzakirə edilib. Hazırda da dünyada məzənnə müharibələri davam etməkdədir. Düzdür, milli valyutalarda ticarət etmək yaxşı ideyadır. Ancaq bunun fundamental əsası olmalıdır. İllərdir deyilsə də, konkret mexanizmi yoxdur. 
İş orasındadır ki, hazırda dünyada ticarət əsasən dollar və avro ilə həyata keçirilir. Çünki bu valyutalar stabil və güvənlidir. İş adamlarını vəsaitlərini bu valyutada saxlamağa üstünlük verirlər. Çünki, dollar və avro ilə daha rahat ticarət edə bilirlər. Bu valyutaların konvertasiyası çox rahatdır. Lakin digər valyutalar dönərli valyuta olmadığı üçün iş adamları risk etmirlər. Praktiakada da manat və lirə ilə müqavilənin bağlanması çətinlik yaradıb. Çünki əvvəlcə müqavilə bağlanır. Malın gəlməsi isə müəyyən zaman tələb edir. İnvestor da həmin vaxtdakı riskdən qorxur. Ona görə də birbaşa dönərli valyutalarda müqavilə bağlamağa üstünlük verirlər”.
İqtisadçı əlavə etdi ki, milli valyutadan istifadə etdikdə bank-maliyyə sistemi də çətinlik yaşayır: “Bu gün Azərbaycandakı banklardan türk lirəsi göndərmək, konvertasiya etmək mümkün deyil. Amma müqavilələrin dərinliyində, tam maliyyə sxemində hesablama dollarla həyata keçirilir. Yəni, müqavilə lirə və ya manat ilə bağlana bilər. Amma köçürülməsi zamanı mütləq dolların həmin günkü məzənnəsi ilə hesablanır. Bu, dünyanın problemidir və asan həll olunan iş deyil. Bunun üçün milli valyutalarımız ən azından bölgədəki etibarlılığını təmin etmək lazımdır. Yalnız dövlət şirkətləri bunu həyata keçirə bilər. Lakin ümumi ticarət sferasında bir qədər çətin olacaq”.
İqtisadi məsələlər üzrə hüquqşünas Əkrəm Həsənov isə fərqli düşünür: “Bu, texniki cəhətdən mümkündür. Belə ki, iki ölkə arasında müqavilə bağlana bilər. Bu halda hamı lirə və manatla ödəniş ediləcək. Ancaq məcburi qaydaların olacağı gözlənilmir. Məcburiyyət olmayana qədər isə yalnız dövlət şirkətlərinə şamil oluna bilər. Özəl şəxsləri heç kim məcbur edə bilməz. Əgər məcburi xarakter saziş bağlanmasa, heç kim lirə və manatla müqavilə imzalamayacaq. Çünki dollar və avro lirə və manata nisbətən daha sabit valyuta hesab olunur. Sadəcə, saziş bağalanarsa, mümkündür. Bu da inandırıcı görünmür”. 
Ekspert əlavə etdi ki, yerli valyutadan istifadə edilsə də, bunun dolların məzənnəsinə ciddi təsiri olmayacaq.

Mübariz BAYRAMOV 

Sizin Reklam Yeriniz