Əlaqə Arxiv
news Image
2018.05.17
08:00
| A A A
Dollar kəskin ucuzlaşacaq
Əkrəm Həsənov: “Dövlətlər yavaş-yavaş dollardan imtina edəcəklər” Cəfər İbrahimli: “Ölkələr öz aralarında müəyyən əməliyyatarı, xüsusən dövlət satınalmalarını milli valyuta ilə həyata keçirə bilərlər”

Son dövrlər ərzində dollardan asılılığın azaldılması istiqamətində praktiki addım atan ölkələrin sayı artır. Türkiyə, İran, Rusiya, Venesuela və digərləri artıq bu məsələdə əməli fəaliyyəət keçiblər. Avropa İttifaqı artıq İrandan alacağı neftin ödənişini ABŞ dolları ilə deyil, avro ilə həyata keçirəcək. Brüsseldə Avropa ölkərləri ilə İran arasındakı danışıqlarda bununla bağlı razılıq əldə olunub. Proseslərin bu cür davam etməsi isə dolların gələcək taleyini sual altına qoyur.  Belə ki, bəzi iqtisadçıların fikrincə, dollardan imtina edən ölkələrin sayı arta bilər. Bu isə ABŞ dollarının məzənnəsinin aşağı düşməsini qaçılmaz edəcək. Bu fonda hətta valyuta ehtiyatlarımızda qızılın payının artırılması təklif edilir. 

İqtisadçı-ekspert Əkrəm Həsənov bu addımların dolların məzənnəsinə təsirini mümkün hesab edir: “O baxımdan perspektivdə dünyada ABŞ dollarının məzənnəsinin aşağı düşməsi gözlənilən hadisədir. İlk növbədə ona görə ki, dövlətlər yavaş-yavaş dollardan imtina edəcəklər. ABŞ-la rəqabət aparan dövlətlər artıq bunu bəyan ediblər. Dollardan az istifadə olunacaqsa, ona tələbat da azalacaq. Bununla da məzənnəsinin düşməsi qaçılmaz olacaq. Düzdür, bunun nə vaxt olacağını indidən söyləmək mümkün deyil, lakin baş verəcək”.
Ekspert əlavə etdi ki, bu fonda Azərbaycan da valyuta ehtiyatlarında dolların payının azaldılması barəsində düşünməlidir: “Hansı ki, bu istiqamətdə artıq addımlar atılıb. Belə ki, valyuta ehtiyatlarımızın bir hissəsi digər valyutada saxlanılır. Düzdür, böyük hissəsi dollardadır. Amma xarici valyutalara yox, qızıla üstünlük vermək lazımdır. Çünki hazırda dünyada mövcud olan maliyyə modeli yavaş-yavaş sıradan çıxacaq. Bu gün dünya pulları təmin edilməyib. Yəni, pulların vəziyyəti yaxşı olmayacaq. Yeganə təmin edilmiş aktiv qızıldır. Ona görə də üstünlüyü qızıla vermək lazımdır”. 
Digər iqtisadçı-ekspert Cəfər İbrahimli isə bu kimi addımların dolların məzənnəsinə təsiri olmayacağını düşünür: “Ümumiyyətlə, dollardan imtina məsələsi uzun müddətdir müzakirə olunur. Ancaq ciddi nəticələrin əldə olunması gözlənilmir. 
Nəzərə alaq ki, investisiyalar, idxal-ixrac əməliyyatları müddət alan prosesdir. Ona görə də investorlar bunu əsasən dönərli valyuta ilə həyata keçirməyə çalışırlar. Məzənnəsi tez-tez dəyişməyən valyutalarda həyata keçirməyə üstünlük verirlər.  Adıçəkilən ölkələrin isə valyutaların məzənnələri gün  ərzində dəyişir. İnvestor vəsaitlərini bu vəsaitlərdə saxlamaq istəməz. Həm də nəzərə alaq ki, bu cür valyutaların konvertasiyası çətindir. Məsələn, Azərbaycanda lirəni, rialı dəyişdirən banklar yox səviyyəsindədir. Lakin dolları dünyanın istənilən yerində istənilən an dəyişmdirmək mümkündür. 
Düzdür, ölkələr öz aralarında müəyyən əməliyyatarı, xüsusən dövlət satınalmalarını milli valyuta ilə həyata keçirə bilərlər. Ancaq bütün əməliyyatları milli valyutalarda aparmaq üçün uzun illər lazımdır. Bu sistemin qurulması lazımdır. Bu məsələ Türkiyədə 20 il əvvəl də gündəmdə idi. Amma 20 il keçməsinə baxnmayaraq, Türkiyə bu istiqamətdə ciddi məsafə qət edə bilməyib”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz