news Image
2018.05.17
09:30
| A A A
Azərbaycan ölkə daxili və xaricinə daha çox investisiya yatıracaq
Ruslan Atakişiyev: “Formalaşmış vəsaitin ölkənin gələcək inkişaf perspektivlərinə investisiya kimi yatırılması davamlı inkişafın təmini baxımından əhəmiyyətlidir” Fuad İbrahimov: “İqtisadiyyatın şaxəli inkişafında, dövlətimizin beynəlxalq səviyyədə reytinqinin artırılması işində investisiya amilindən istifadə mütləqdir”

Neftin qiyməti sürətlə artır. Hazırda "AzeriLight" markalı neftin 1 barreli 79,28 dollara satılır. Bu isə 2014-cü ildən sonra qeydə alınan ən yüksək qiymətdir. Bu fonda ölkə daxilinə və xaricə yatırılan sərmayələrin həcminin artırılması məqbul hesab edilir. 

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirir  ki, neftin qiymətinin yüksək olduğu illərdən etibarən həmin vəsaitlərin səmərəli istifadəsi məsələsi gündəmdədir: “2016-cı ilin sonlarında milli iqtisadiyyatın inkişafı ilə bağlı qəbul edilmiş yol xəritələrində də enerji sektorunda formalaşmış vəsaitin qeyri-neft sektoruna yönəldilməsi prirotet məsələlərdən kimi göstərilir. Bu, maliyyə sektorunda sabitliyin qorunub saxlanılması, dövlət tərəfindən investisiyaların yatırılması formasında reallaşdırıla bilər. 
Dünyada müxtəlif təcrübələr var. Məsələn, İsveç təcrübəsinə görə, enerji sektorundan əldə olunan gəlirlər birbaşa istehlakçıya yox, istehsal yönümlü müəssisələrin formalaşmasında kapital kimi istifadə edilir. Həmin kapitallaşmadan formalaşan vəsaitlər də büdcəyə daxil olur. Yaxud Qətər modeli də geniş tətbiq olunur. Belə ki, Qətər modelinə görə, enerji sektorundan formalaşmış vəsait investisiya şəklində kimya sənayesinə, təhsil sektoruna yatırılır. Yəni, bunlar formalaşan vəsaitin səmərəli istifadəsi iqtisadiyyatın rəqabət qabiliyyətini gücləndirəcək sahələrə yönəldilməsi  deməkdir. O cümlədən, kadrların yetişdirilməsinə də yönəldilməsi əhəmiyyət daşıyır. Ümumiyyətlə, formalaşmış vəsaitin ölkənin gələcək inkişaf perspektivlərinə investisiya kimi yatırılması davamlı inkişafın təmini baxımından əhəmiyyətlidir”.
Digər iqtisadçı-ekspert Fuad İbrahimovun da fikrincə, iqtisadiyyatın şaxəli inkişafında, dövlətimizin beynəlxalq səviyyədə reytinqinin artırılması işində investisiya amilindən istifadə mütləqdir: “Yaxşı olar ki, investisiyanı ilk növbədə daxilə yönəldək. Ondan sonra Azərbaycan dünya bazarında xarici investor kimi də çıxış etməlidir. 
Nəzərə alaq ki, ən azından regional səviyyədə Azərbaycan xarici investor kimi tanınıb. Bu da xarici siyasətin normal qurulması ilə əlaqədardır. Azərbaycan Gürcüstan, Rusiya, Rumıniya, Ukrayna və Türkiyədə investor kimi çıxış edir. Hazırda isə əsas diqqət daxili bazara, xüsusən də qeyri-neft sektoruna yönəldilib. Azərbaycana qeyri-neft sektorunun sürətli inkişafı lazımdır. Bu da konkret göstəricilərlə olmalıdır ki, makroiqtisadi tarazlığı bərpa edə bilək. Bir çox inkişaf etmiş dövlətlər bu dövrü yaşayıblar. 
Düzdür, ölkəmizdə müvafiq göstərişlər verilib. Onları hərəkətə gətirmək lazımdır. İnkişaf yolunda isə bir nömrəli amil kapital qoyuluşudur. Artan neft qiymətindən rezervlər yaranıbsa, dövlət kapitalı ilk növbədə daxili bazara istiqamətləndirməlidir. Bunun effektini yaxın illərdə görəcəyik. Ancaq investisiyaların yatırılması ilə də iş bitmir. Dövlət nəzarəti gücləndirilməlidir. Şəffaf nəzarət fonunda azad bazar münasibətləri dərinləşməlidir”.
Mübariz BAYRAMOV

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs