Əlaqə Arxiv
news Image
2018.05.18
08:00
| A A A
Avropa İttifaqı və İran dollara qarşı
Rəşad Həsənov: “Hələlik, neft bazarlarında dolların mövqeyinin zəifləməsini müşahidə etməyəcəyik” Cəfər İbrahimli: “Neft satışının dollarla deyil, avro ilə aparılmasında əslində, daha çox İran maraqlı olub”

Avropa İttifaqı İrandan alacağı neftin ödənişini ABŞ dolları ilə deyil, avro ilə həyata keçirəcək. Brüsseldə Avropa ölkərləri ilə İran arasındakı danışıqlarda bununla bağlı razılıq əldə olunub. 

Qeyd edək ki, İran uzun müddətdir dollar asılılığından xilas olmağa çalışır. Xüsusən də ABŞ-ın İranla imzalanan nüvə sazişindən birtərəfli qaydada çıxmasından sonra, Tehran bu istiqamətdə daha aktiv addımlar atmağa başlayıb Artıq göründüyü kimi, Avropa İttifaqı İrandan alacağı neftə görə ödəməli olduğu  vəsaiti dollarla deyil, avro ilə verəcək.  
Bu hal dolların durumuna nə vəd edir. Neft sövdələşmələrində bu gedişlə avronun payı arta bilərmi?
İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov düşünür ki, İranla AB arasında olan razılaşma dolların kursuna hər hansı bir təsir göstərməyəcək: “Bildiyiniz kimi, İran rialı bir müddətdir ki, dollara nisbətən öz mövqeyini itirir. Təbii ki, avro dönərli valyutadır. Demək olar ki, dünya bazarında onun kifayət qədər ciddi mövqeyi, payı var. Amma düşünürəm ki, İranın öz neftini Avropa İttifaqı ölkələrinə avro ilə satması cənub ölkəsində dollar çatışmamazlığı prosesini daha da artıracaq. Bu, bir reallıqdır. Ola bilsin, qısa müddətli dövrdə İranla Avropa İttifaqı arasında əldə olunan bu razılaşmanın ciddi təsirləri hiss olunmasın. 
Son iki həftə ərzində  dollara nisbətdə avronun məzənnəsində 7 faizə qədər zəifləmə olsa da, indiki halda həmin razılaşma İran yığıntıları üçün ciddi problem yaratmayacaq.  Amma uzunmüddətli dövrdə avronun məzənnəsinin formalaşacağı hər hansı bir situasiyadan asılı olaraq son nəticədə İranda dollara tələbat artacaq. Bu prosesdə digər amilləri də nəzərə almalıyıq. İran Avropa bazarlarına təxminən 1,5 milyon barrelə qədər neft göndərir. Onun da hazırkı qiymətlərlə dəyəri təxminən 120 milyon dollardır. Avro ilə götürdükdə bu 100 milyon avro edir. Belə olanda görürük ki, İranın Avropaya satdığı neftin həcmi və ondan gələn gəlir elə də böyük göstərici deyil. Ona görə də İranla Avropa ölkələri arasında başlanan həmin razılaşmanın dolların kursuna hər hansı bir təsir edəcəyini düşünmürəm. Hələlik, neft bazarlarında dolların mövqeyinin zəifləməsini müşahidə etməyəcəyik”.
Digər ekspert Cəfər İbrahimlinin fikrincə də, İranla AB-nin nefti avro ilə almaq barədə əldə etdikləri razılaşma, bütün hallarda dolların mövqeyində heç nəyi dəyişməyəcək: “Neft satışının dollarla deyil, avro ilə aparılmasında əslində, daha çox İran maraqlı olub. Təşəbbüs də ilk olaraq məhz İrandan gəlib. İran sanksiyalarla üz-üzə qalan illərdə də hasil etdiyi nefti xaricə dollarla deyil, avro ilə satmaq istəyini dəfələrlə ortaya qoymuşdu. Bu müstəvidə də indi Avropa ölkələrilə razılıq əldə olunub. Amma düşünmürəm ki, İranla Avropa Birliyi arasında əldə olunan bu razılıq dolların mövqeyinə hər hansı bir təsir göstərsin. 
Nəticə etibarı ilə heç nə dəyişməyəcək. Neftin satılması istiqamətində çoxsaylı müqavilələr bağlanıb. Hansı ki, həmin müqavilələrin böyük əksəriyyəti dollarla üzərindən imzalanıb. Düzdür, dollara qarşı çıxan dövlətlərin öz aralarındakı ticarətin müəyyən həcmini milli valyutalarla həyata keçirə bilərlər. Amma yaxın dövrlərdə dünya bazarında dolların mövqeyinin kəskin şəkildə aşağı düşəcəyini gözləmirəm”.
Rüfət NADİROĞLU  

Sizin Reklam Yeriniz