news Image
2018.05.18
09:40
| A A A
Yerli istehsal idxal məhsullarında bahalaşmanı kompensasiya edir
Natiq Cəfərli: “Neftin qiymətinin bahalaşması ilə əlaqədar dünyada ərzaq və qeyri-ərzaq məhsullarının qiymətində artımlar var” Qubad İbadoğlu: “Neftin qiymətinin yüksəlməsi manatı möhkəmləndirir və ölkəyə əlavə valyutanın gəlməsini təmin edir”

Dünya bazarlarında neftin qiyməti bahalaşmaqda davam edir. 2014-cü ilin noyabr ayından bəri ilk dəfə olaraq 80 dollardan yuxarı həddə çatıb. Belə ki, “Brent” markalı neftin  qiyməti  London birjasında 80,18 dollara satılır. "AzeriLight" markalı neftin 1 barreli isə 79,28 dollaradır. İqtisadçıların fikrincə, neft qiymətlərinin yüksəlməsi idxal məhsullarının qiymətini artıra bilər. Bununla belə yerli istehsal həmin artımı kompensasiya etmək iqtidarındadır. 

İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, neftin qiymətinin bahalaşması ilə əlaqədar dünyada ərzaq və qeyri-ərzaq məhsullarının qiymətində artımlar var: “Çünki mal və xidmətlərin daşınma xərcləri artıb. Xüsusən də kənd təsərrüfatı məhsullarının qiymətlərinin formalaşmasında yanacaq mühüm rol oynayır. O baxımdan ərzaq məhsullarının qiymətləri artıb. Artıq Şimali Avropa, Asiya ölkələrində belə tendensiya müşahidə olunur. Yəni neftin qiymətini artması bir tərəfdən ölkəmiz üçün xeyirlidir. Bu, ölkəyə kifayət qədər böyük həcmdə vəsaitin daxil olmasını təmin edir. Ancaq digər tərəfdən, idxaldan asılı olduğumuz məhsulların üzrə qiymətlərin artımı ehtimalını yüksəldir. Nəzərə alaq ki, Avrozonada 3, ABŞ-da isə 2 faizi ötən inflyasiya müşahidə olunur.  Asiya ölkələrində isə inflyasiya daha çoxdur. Məsələn, Türkiyə 10, Rusiyada isə 6 faizə yaxın olub. Yəni, qiymət artımı bütün dünyada yaşanmaqdadır. Bu da ölkəyə daxil olan vəsaitlərin həcmini artırmaqla yanaşı, ölkəyə daxil olan məhsulların qiymətini də artıra bilər”.
Digər iqtisadçı-ekspert Qubad İbadoğlu bildirdi ki, dünya bazarında neftin qiymətinin bahalaşması ölkədə manatın məzənnəsinin sabit qalmasına, güclənməsinə səbəb olub: “Bu da öz növbəsində idxalı stimullaşdırır. Bütün bunlarla yanaşı, idxal etdiyimiz, tərəfdaş ölkələrdə inflyasiya səviyyəsi yüksəlib. Odur ki, idxal məhsulları ilə yanaşı, inflyasiyanı idxal edirik. Bu da idxal edilən məhsulların qiymətinin artmasını şərtləndirir. Ancaq neftin qiymətinin yüksəlməsi manatı möhkəmləndirir və ölkəyə əlavə valyutanın gəlməsini təmin edir”.
Mübariz BAYRAMOV