Əlaqə Arxiv
news Image
2018.05.22
07:00
| A A A
Avropa İttifaqında Azərbaycanın aqrar məhsullarına tələb artır
Qadir Bayramlı: “Potensialdan yaxşı istifadə etdiyimiz zaman kənd təsərrüfatı məhsullarının ixracatında hədəflərə çatmaq imkanlarımız da arta bilər”

“Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında kənd təsərrüfatı məhsulları ticarətinin inkişafı üçün böyük potensial var”. Bunu Bakıda keçirilən 1-ci Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı zamanı Aİ-nin Bakı ofisinin əməkdaşlıq şöbəsinin rəhbəri Eron Uilyams deyib. 

O bildirib ki, eyni zamanda Azərbaycan məhsulunun keyfiyyətinin Aİ standartlarına çatdırılması üçün işləri davam etdirmək lazımdır: “Bu gün Azərbaycan qida məhsullarının yalnız 5 faizi Aİ bazarlarına çatır. Ümumilikdə Aİ bazarına yalnız 10-20 ölkə məhsul ixrac edə bilir. Bu gün təkcə qida təhlükəsizliyi standartlarının təmin olunması Avropa ölkələrinə ixracat üçün kifayət etmir. Bir çox iri riteylerlər həmin məhsulun ekoloji və etik standartlara uyğun istehsal olunduğunu təsdiq edən sənədlər də tələb edir”.
Mütəxəssislərin də fikrincə, Azərbaycanın Avropa İttifaqı ilə kənd təsərrüfatı məhsulları ticarətinin inkişafı üçün böyük potensialı var. Lakin bunun üçün bir sıra işlər həyata keçirilməlidir. Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Qadir Bayramlı bildirdi ki, Avropa İttifaqı kənd təsərrüfatı məhsulları  üçün böyük bazardır: “Amma nəzərə alaq ki, bu bazara məhsul ixracatında büyük rəqabət də var. Digər tərəfdən, Avropa İttifaqı ölkələrinin idxal edilən məhullarla bağlı ciddi tələbləri də var.  Aİ   ölkələri standarta uyğun olmayan məhsulları ölkələrinə buraxmırlar. Ona görə də bizim fermerlərimiz gübrə, pestisid və digər kimyəvi maddələri normadan  çox  istifadə  edilməməlidirlər. Çünki Avropa İttifaqı idxal prosesində məhsulları öz  laboratoriyalarında analiz edirlər. Daha sonra qısa müddət ərzində standartlara uyğun olub-olmadığını müəyyənləşdirirlər. Yəni, ekoloji təmiz məhulların istehsalını artırmaq kənd təsərrüfatımıza  böyük fayda verə bilər”.
Ekspert əlavə etdi ki, Aİ ölkələrinə kənd təsərrüfatı  məhsullarının ixracatını artırmaq üçün bir sıra işlər həyata keçirmək lazımdır: “Əvvəla, kənd  təsərrüfatının  intensiv  inkişafına nail olmaq  istiqamətində görülən işləri sürətləndirməliyik. İntensiv təsərrüfat üsulu  məhsuldarliğı və nəticədə məhsul  istehsalını artırmaq  baxımdan ən  önəmli şərtdir. Bundan başqa, Avropa İttifaqı ölkələrinə  dair sistemli bazar araşdırmalarına ehtiyac var. Həmçinin Avropa ölkələrində keçirilən kənd təsərrüfatı məhsulları  sərgilərində daha fəal iştirak etməliyik. Məhsullarımız tanıdılması ilə əlaqədar reklam işləri genişləndirilməlidir.  
Nəzərə alaq ki, Azərbaycanda  həm  mövsümlük kənd təsərrüfatı məhsullarının,  həm də istixanalarda yetişdirilən  bitkilərin istehsalını artırmaq üçün potensial var. Bu potensialdan yaxşı istifadə etdiyimiz zaman kənd təsərrüfatı məhsullarının ixracatında hədəflərə çatmaq imkanlarımız da arta bilər. Yaş və quru meyvədən başqa aqrosənaye kompleksinin məhsullarının ixracat imkanları araşdırmalıdır. Həmçinin kənd təsərrüfatı ilə əlaqədar olan digər sənayeləri  də inkişaf etdirmək lazımdır. Məsələn, kağız karton, şüşə, plastik sənayelərimiz inkişaf etdirilməlidir ki, ixrac edilən  məhsulların maya dəyəri  aşağı, rəqabət qabiliyyəti isə yüksək olsun. 
Bundan başqa, fermerlərimizin digər ölkələrdən olan fermerlərlə rəqabət apara bilmələri üçün əlçatan qiymətlərlə  kənd təsərrüfatı  texnikası, yanacaq,  gübrə, pestisid və digər materiallarla  təmin edilməlidir. Eyni zamanda fermerlərimizə xarici bazarlara çıxışda kömək edilməlidir. Tərəvəz məhsulları ilə yanaşı,   sitrus meyvələri, nar, gərzəkli meyvələr, bal kimi məhsullarda imkanlarımız daha çoxdur. Heyvandarlıq məhsullarının ixracatı məsələsinə də diqqət artırılmalıdır. Bütün bunlar həyata keçirilərsə, Aİ ölkələrinə kənd təsərrüfatı məhsullarının ixracını artıra bilərik”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz