Əlaqə Arxiv
news Image
2018.05.22
09:50
| A A A
Qeyri-neft sektoru iqtisadiyyatda tutduğu yeri genişləndirir
Neftin qiymətinin qalxması bu prosesi daha dinamik hala gətirir

Son günlər neft qiymətlərində artım müşahidə olunur. Mütəxəssislərin fikrincə, belə sürətli qiymət artımı çox çəkə bilməz, ona görə ki, siyasi meyarlara söykənir və təbii gedən proses deyil. Məsələ burasındadır ki, iri neft ixracatçısı olan İranla ABŞ arasında münasibətlərin yenidən kəskinləşməsi neft bazarında çaxnaşma yaradıb. Bəzi politoloqlar yaxın bir neçə ayda amerikalıəlar İrana qarşı müharibəyə başlaya biləcəkləri barədə anonslar verməyə başlayıblar. Bununla da, müharibə olacağı təqdirdə İranın hasilatı azaldacağını proqnozlaşdırıblar. Demək, bazara çıxarılan neftin azalması fonunda neft qıtlığını yaranması baş verə bilər. Bu səbəbdən alıcılar öz ehtiyatlarını artırmaqla qiymətlərin artımını stimullaşdırırlar. 

Lakin daha ətraflı düşünənlər müharibə ehtimalını kənara qoyur, sadəcə, neft ixracı üzərində sanksiyaların baş verə biləcəyini irəli sürürlər. Lakin bu versiya da özünü doğrultmayacaq, çünki Avropa Birliyi ABŞ-ın İranı sıxışdırmaq üçün irəli sürdüyü bəhanələrlə razılaşmır və bu da mümkün sanksiyaların əhəmiyyətsizliyini bəri başdan ehtiva edir. Yəni, neftin qiymətlərinin qalxması müvəqqətidir və 100 dolları ötəcəyi haqda fikirlərin ciddi əsası yoxdur.
Bunlar öz yerində, qiymət, istər qalxsın, yaxud ensin, bunun iqtisadiyyatın digər sahələrinə mənfi təsirinə yol verilə bilməz. Hətta qiymətlər 100 dollar həddini keçsə belə, ölkəmizdə sənayenin digər sahələrinin inkişafını dayandaırmaq və zəiflətmək olmaz, ona görə ki, bu, təhlükəli tendensiyalara yol açar. Əvvələn, postneft dövrünün xarakterinə uyğun olaraq hökumət qeyri-neft sektorunun inkişafı strategiyasını işləyib hazırlayıb. Bu sahədə nəhəng işlər görülüb və milyardlarla vəsait xərclənib. Bu səbəbdən investisiyalar iqtisadiyyata nə vaxtsa geri çəkilmək üçün yox, daimi işlək mexanizmə nail olmaq üçün qoyulur. İkincisi də görülən işlərin nəticələrivar və hər il ölkə büdcəsi yüz molyonlarla vəsait qazanır. Həm də əhalinin geniş qrupları işlə təmin olunur. Belə bir əlverişli istiqamətdən əl çəkmək mümkün deyil.   
Fərəhli haldır ki, bu gün Azərbaycanda qeyri-neft sektorunun inkişaf yolunu dönməz edən sanballı baza var. Buraya həm insan kapitalı, həm də texniki vəsaitlər daxildir. Hökumətin qərarı ilə yaradılmış iri sənaye parkları, aqroparklar, sənaye məhəllələri, fərdi sahibkarlıq subyektləri, fermer təsərrüfatları ölkənin iqtisadi inkişafının vahid mexanizminin ayrılmaz hissəsinə çevrilib. Təsadüfi deyil ki, ixrac məhsulları arasında qeyri-neft sektoruna aid məhsullar öz çəkisini ildən-ilə artırır. Xüsusilə, kənd təsərrüfatı üzrə ixrac potensialının yaranması və reallaşdırılması günün tələblərinə cavab verir. Belə ki, Azərbaycan təbiətinin zənginliyi və istehsal potensialı yüksək keyfiyyətli ərzaq bitkilərinin yetişdirilməsi üçün çox əlverilşlidir. Cənub günəşinin şəfəqləri altında yetişən bol vitaminli məhsullarımız indi dünya bazarlarına möhkəm rəqabət addımları ilə daxil olur. Azərbaycan meyvələri öz dadı və keyfiyyəti ilə xarici alıcıların rəğbətini qazanır və ölkəyə valyuta gətirir.
Eyni zamanda sənaye xammalı rolunu böyük uğurla oynayan pambıq, barama, tütün kimi məhsullar da Şərqdən-Qərbəcən geniş məkanda məşhurlaşmağa başıayıb. Bu məhsullar daxili məkanda toxuculuq sənayesinin dirçəldilməsində böyük əhəmiyyət kəsb edir. 
Bütün saydıqlarımızın iqtisadi səmərəsini nəzərə alanda aydın olur ki, neftin qiymətindən asılı olmayaraq Azərbaycanın qeyri-neft sektoru sabit işləyən iqtisadi mexanizm kimi cəmiyyətimizin inkişafında daim öz böyük rolunu nəinki qoruyub saxlayacaq, həm də ildən-ilə genişlənəcək və iqtisadi əhəmiyyətini artıracaq.
N.NOVRUZ

Sizin Reklam Yeriniz