Əlaqə Arxiv
news Image
2018.05.23
07:00
| A A A
Beynəlxalq ödənişlərdə dolları qızıl əvəzləyəcək?!
Elnur Quliyev: “Azad bazar şəraitində beynəlxalq hesablaşmalarda qızıl onunla mübadilə edənlər üçün valyuta rolu oynayır” Cəfər İbrahimli: “Təklif edilən varinatın necə olmasını incələmək lazımdır”

Məlumdur ki, zaman-zaman müxtəlif ölkələr xarici ticarətdə dollardan imtina məsələsini gündəmə gətirirlər. Əvəzində isə son vaxtlar əsasən milli valyutalar təklif edilir. Lakin milli valyuta ilə yanaşı, bəzən beynəlxalq hesablaşmalarda qızılın da adı çəki çəkilir. 

İqtisadçı-ekspert Elnur Quliyev bildirdi ki, qızıl haqqında valyuta kimi danışdıqda, çoxları “qızıl standart”ın fəaliyyət göstərdiyi zamanı yada salır: “Hansı ki, bu, 1971-ci ilə qədər dövrü əhatə edirdi. “Qızıl standart”la olan əsas problem onun “oyun qaydalarını təyin edən” dünya mərkəzi banklarına söykənməsi idi. Mərkəzi banklar valyutaların dəyərinin bütün tərəflər üçün münasib olan səviyyədə saxlamaq məqsədi ilə qızılın həcmini tənzimləyirdi. Bəzi dövlətlər, məsələn Belçika və Fransa bu qaydalara tabe olmurdu. 
Əslində, “qızıl standartı” kağız pulların təminatlı olması illüziyasını yaradırdı. Lakin qızılı praktik istifadə etmək yəni, nahar etmək və ya hər hansı xidmət almaq mümkün deyil. Bu səbəbdən onun dəyəri bazar oyunçularının təsəvvürlərindən irəli gəlir. Azad  bazar şəraitində beynəlxalq hesablaşmalarda qızıl onunla mübadilə edənlər üçün valyuta rolu oynayır. Halbuki digər investorlar malın və xidmətin alınması üçün ödəmə vasitəsi kimi nağd pula (əsasən dollar) daha çox etibar edirlər. Bu inamlar nağd pulun ödəmə vasitəsi olması fikrini təsdiq edərək, onun qiymətini təklif edir. Qızıl bu sistemdə ayrıca durur və ancaq şərait və ya bazar vəziyyəti bu çevrilişə səbəb olduğu halda, ödəniş vasitəsi rolu oynayır. 
İnvestorlar qızılı əsasən iqtisadi böhranlardan sığortalanmaq niyyəti ilə alırlar. Lakin bir faktı da unutmaq olmaz ki, iqtisadiyyatlar rəqəmsallaşdıqca iqtisadi subyektlər arasındakı ödəniş vasitəsi də rəqəmsal pullara keçmə ehtimalı daha da artırır. Yaxın gələcəkdə qızıl və dollardansa, beynəlxalq ödənişlərdə rəqəmsal pullar daha effektli olacaq”.
Digər iqtisadçı-ekspert Cəfər İbrahimli bildirdi ki, qızıl ödəniş vasitəsi kimi etibarlı maliyyə aktividir: “1970-ci ilə qədər bu model işləyib. Lakin həmin model özünü doğrultmadığı üçün ondan imtina edilib. Xarici ticarətdə yeganə ödəniş vasitəsi kimi valyutaya ehtiyac yaranıb. Yəni, qızılla ticarət özünü doğrultmadı. Ancaq indi təklif edilən varinatın necə olmasını incələmək lazımdır. Nəzərə alaq ki, qızılın daşınma və saxlanma kimi problemləri var. Çünki qızıl bir ölkədən digər ölkəyə transfer olunmalıdır”.
Ekspert əlavə etdi ki, daim ökələrin öz valyutaları ilə ticarəti maliyyələşdirmək gündəmə gəlib: “Amma bu istiqamətdə də ciddi nəticələr yoxdur. Ona görə də qızılı gündəmə gətirirlər. Lakin inkişaf etməkdə olan ölkələrin problemi xarici ticarəti dollarla həyata keçirmək deyil. Ödəniş vasitəsinin nə olmasının bu məsələyə o qədər də təsiri yoxdur. İnkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarında problemlər var. İqtisaiyyatları yetərincə oturuşmuş deyil. Onlar idxala bağlıdırlar. Ona görə də hansı maliyyə aləti ilə ödənişdən asılı olmayaraq, sonda onların əleyhinə vəziyyət yaranır. Əsl problem budur. 
İnkişaf etməkdə olan ölkələr inkişaf etmiş ölkələrdən daim mal və texnologiyaları almaq məcburiyyətində qalırlar. Bu da hər zaman inkişaf etməkdə olan ölkələrin əleyhinə işləyən vəziyyətdir. Bunun həll yolu iqtisadiyyatlarını liberallaşdırmaları, rəqabətqabiliyyətli məhsul istehsal etmələridir. Xarici ticarətdə ödəniş vasitələri dəyişdirmək problemi həll etmir”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz