Əlaqə Arxiv
news Image
2018.05.24
07:00
| A A A
Manat-avro-dollar üçbucağında vəziyyət dəyişir
Cəfər İbrahimli: “Büdcənin vəziyyəti bu il dolların məzənnəsinin sabit qalmasına imkan verəcək” Samir Əliyev: “Dünya bazarında avro dollara nisbətən ucuzlaşdığı üçün Azərbaycanda da avro dəyər itirib”

Avro ucuzlaşıb. Belə ki, ilin əvvəlindən ilk dəfə olaraq avronun rəsmi məzənnəsi 2 manatdan aşağı düşüb.  İqtisadçıların fikrincə, avronun ucuzlaşması dünyada dollara nisbətən dəyər itirməsindən irəli gəlir. Tendensiya bu cür davam edəcəksə, Avropadan gətirilən məhsulların qiymətininin ucuzlaşması gözlənilir. 

İqtisadçı-ekspert Cəfər İbrahimli bildirir ki, bu, manatın dəyərinin hesablanmasına bağlı olan məsələdir: “Əslində, bu il ərzində manat rubl, lirə, avro qarşısında dəyər qazanıb. Sadəcə, dollara nisbətdə sabit qalıb. Məlumdur ki, manatın məzənnəsi çarpaz kurs vasitəsi ilə hesablanır. Avro digər valyutalar qarşısında dəyər itirdiyi üçün manata nisbətən də ucuzlaşıb”.
Ekspert əlavə etdi ki, avro-dollar nisbətinin 1.24 səviyyəsinə gələcəyi gözlənilməz idi: “Avropa ölkələrinin iqtisadiyyatlarında tam istənilən nəticələrə gələ bilməmələri, “Brexit” məsələsi avronun dəyərinin bu qədər artmasına şübhələr yaradırdı. Düzdür, ABŞ da dolların dəyər qazanmasını istəmir. Lakin FED-in qərarları dolların dəyərinin yüksəlməsini stimullaşdırır. Bu il ərzində də FED-in ən azı üç dəfə faizi artıracağı gözlənilir. Belə olan təqdirdə investorlar üçün dollar maliyyə alətinə keçməyə ehtiyacı yaranır. 
FED uçot dərəcəsini yüksəltdikcə, qiymətli kağızların gəlirləri artır. Bu da dollara tələbin yüksəlməsinə səbəb olur.  Avropa Mərkəzi Bankının tərəddüd içində olması, FED-in uçot dərəcəsini artıracağı ehtimalı dolların dəyər qazanmasına səbəb olacaq”.
Cəfər İbrahimli qeyd etdi ki, hazırda Azərbaycanın əsas idxalı Türkiyə, Rusiya, Avropa ölkələri və Çindəndir: “Əgər həmin ölkələrin valyutaları dəyər itirəcəksə, Azərbaycana idxalı stimullaşdıracaq. Gərək dollar da bu şəkildə stabil qalsın. Büdcənin vəziyyəti isə bu il dolların məzənnəsinin sabit qalmasına imkan verəcək”. 
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bildirdi ki, avronun Azərbaycanda məzənnəsinin aşağı düşməsi dünya bazarında avronun dollara nisbətən ucuzlaşması ilə bağlıdır: “Manatın məzənnəsi dollara münasibətdə müəyyən edilir. Lakin digər valyutalara nisbətdə manatın məzənnəsi çarpaz müəyyən olunur. Məsələn, may ayında avro-dollar məzənnəsi 1/1.2 olub. Hazırda isə bu rəqəm 1.18-ə düşüb. Yəni, dünya bazarında avro dollara nisbətən ucuzlaşdığı üçün Azərbaycanda da avro dəyər itirib”. 
Samir Əliyev əlavə etdi ki, Azərbaycanın xarici ticarətində dollar üstünlük təşkil edir: “İdxalda əsas tərəfdaşlarımız Türkiyə, Rusiyadır. Hər biri ilə 15-17 faiz ətrafında ticarətimiz var. Bundan sonra Çin və İran gəlir. Lakin tərəfdaşlarımızla hesablaşmalar da dollara nəzərən müəyyənləşdirilir. Ona görə də avronun ucuzlaşması idxal məhsullarının qiymətinə təsir etməyəcək. Lakin lirə, rublda ucuzlaşma var. Bu fonda həmin ölkələrdən gələn məhsulların qiymətləri ucuzlaşa bilər. Onu da nəzərə alaq ki, rəqabət zəif olduğundan xaricdəki hadisələr daxilə elə də təsir göstərmir”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz