Əlaqə Arxiv
news Image
2018.05.24
09:40
| A A A
İqtisadi şaxələndirmə siyasəti ixracın həcmini yüksəldir
Sürətli inkişaf idxalın azalmasına ciddi təsir edir

Ölkələrin xarici iqtisadi fəaliyyətində müsbət ticarət saldosunun yaranması onun iqtisadi inkişafının səviyyəsi barədə müsbət emosiyaların şərti sayılır. Bu, xüsusilə o zaman böyük legitimlik qazanır ki, ixrac məhsullarının çeşidi və coğrafiyası kifayət qədər geniş olur. Bu ilin ilk 3 ayı ərzində Azərbaycanın digər ölkələrlə apardığı ticarət əməliyyatlarının həcmi 5 milyard 546 milyon 139,4 min dollar olub. Ticarət əməliyyatlarının həcmi 2017-cı ilin yanvar-mart ayları ilə müqayisədə 34,6% və ya 1 milyard 427 milyon dollar artıb. İdxal əməliyyatları üzrə 2 milyard 191,1 milyon dollar, ixrac əməliyyatları üzrə isə 3 milyard 355,1 milyon dollar ticarət həcmi qeydə alınıb. 2018-ci ilin yanvar-mart aylarında ticarət dövriyyəsində 1 milyard 93,5 milyon dollarlıq müsbət saldo yaranıb.

Bu faktlar Azərbaycanda gedən iqtisadi islahatlar sayəsində qlobal iqtisadi böhranın yaratdığı çətinliklərdən sonra baş verən artımın bariz göstəriciləridir. Postneft dövrünün xarakterik xüsusiyyəti kimi meydana çıxan iqtisadi şaxələndirmə və qeyri-neft sektorunun sürətli yüksəlişi artıq nəticələrini verir. Yeni və ənənəvi istehsal sahələri işə salınır və bərpa olunur. İxrac məhsullarının çeşidi genişlənir, həcmi çoxalır, keyfiyyəti yüksəlir. Potensial artdıqca satılan məhsulların miqdarı da artır. Son bir ildə Azərbaycanın ixracı 28,7 faiz artıb.  
Bu ilin yekunlarına dair proqnozlara əsasən Azərbaycan bir sıra məhsulların, o cümlədən yumurta ixracını əhəmiyyətli dərəcədə artıra bilər. “Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev bu haqda deyib: “Bu gün bizim ixracat bazarımız Türkiyə, Rusiya, Mərkəzi Asiya ölkələri, eləcə də Əfqanıstan, İran, İraq, Qətər və digər ölkələrdir”.
Bu gün Azərbaycan toyuq əti və yumurtaya olan daxili tələbatı tam ödəyir və bunun nəticəsi olaraq həmin məhsulların idxalına olan ehtiyac tam olaraq aradan qalxıb. Üstəlik ixrac potensialı da yaranıb və yumurta ixracı uğurla həyata keçirilir. Düzdür, hələlik toyuq ətinin maya dəyəri nisbətən yüksək olduğu üçün ixrac üçün sərfəli deyil. Bu istiqamətdə iş gedir və yaxın gələcəkdə bu da mümkün olacaq. 
Təqdirəlayiq hal odur ki, qeyri-meft məhsullarının ixracı ildən-ilə çoxalır. Məsələn, 2017-ci ilin yanvar-aprel aylarında 408,2 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2016-cı ilin yanvar-aprel aylarına nisbətən faktiki qiymətlərlə 22,6 faiz, real ifadədə isə 20,5 faiz çoxdur. Həmin dövrlərin müqayisəsində təzə meyvə ixracı 62,3 faiz, təzə tərəvəz 74,6 faiz, tütün  49,5 faiz, çay  22,1 faiz, meyvə və tərəvəz şirələri  49,0 faiz, təbii üzüm şərabları 15,0 faiz, meyvə və tərəvəz konservləri 14,0 faiz, polietilen 0,3 faiz, pambıq lifi 5,8 dəfə, bentonit gili  3,4 dəfə artıb. Eyni zamanda buğda idxalı 47,6 faiz, xam şəkər və şəkər – 0,9 faiz, bitki yağları – 30,1 faiz,  kərə yağı, digər süd yağları və pastaları – 3,7 faiz, kartof – 16,0 faiz,  təzə tərəvəz – 35,7 faiz, qara metallardan borular – 74,6 faiz, polietilen – 30,8 faiz, sement və sement klinkerləri – 92,1 faiz, məişət soyuducuları – 44,6 faiz azalıb.
Bu tendensiyanın ardıcıllığının qorunub saxlanması şəksizdir. Çünki, ölkə iqtisadiyyatının yeni inkişaf mərhələsi bunu tələb edir. Hökumət də iqtisadi strategiyasını bu təməl üzərində qurub. Sənaye məhsulları üzrə ixracı iri şəhərlərin texnoparkları, kənd təsərrüfatı məhsullarının ixracı isə nəhəng aqroparklar və kəndli-fermer təsərrüfatlarının hesabına təmin edilir. Lakin iş bununla bitmir. Yeni suvarılan torpaq sahələrinin genişləndirilməsi və əkinə yararlılığının yüksəldilməsi, dövlətin güzəştli kreditləri hesabına edilən yardımla müasir texnologiyalı sənaye müəəssisələrinin işə salınması, habelə transmagistral neft-qaz kəmərləri şəbəkələrinin genişləndirilməsi sayəsində ölkəmizin ixrac imkanları günbəgün genişlənir. Bu minvalla yaxın gələcəkdə postsovet ölkələri arasında Azərbaycanın fərqlənməsi və ilk üçlükdə yer tutması gözləniləndir. Respublikanın bu istiqamətdə inkişafı real əsaslar üzərində gedir.
N.NOVRUZ

Sizin Reklam Yeriniz