Əlaqə Arxiv
news Image
2018.05.25
10:10
| A A A
Aqrar sahədə mühüm yeniliklərə start verilir
Qadir Bayramlı: “Aqrar Tədqiqatlar Mərkəzi bütövlükdə kənd təsərrüfatının müasir təsərrüfat üsuluna keçidində əhəmiyyətli rol oynaya bilər”

Xəbər verildiyi kimi, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi yaradılıb. Belə bir qurumun yaradılması aqrar sahədə hansı dəyişikliklərə gətirib çıxaracaq?

İqtisad Universitetinin dosenti Qadir Bayramlının fikrincə, Aqrar Tədqiqatlar Mərkəzinin yaranması ilə kənd təsərrüfatı sahəsində bu günə qədər mövcud olan bir çox problemlər öz həllini tapacaq: “Yeni yaradılan Aqrar Tədqiqatlar Mərkəzinin fəaliyyəti çoxyönlü olacaqsa, daha səmərəli olacaq. Bu fonda həmin mərkəz kənd təsərrüfatı sahəsi üzrə bir çox problemlərin həllində mühüm rol oynaya biləcək. Bilirsiniz ki, Azərbaycanda kənd təsərrüfatının başlıca problemlərindən biri ekstensiv təsərrüfat üsulunun üstünlik təşkil etməsidir. Düşüncəmə görə Aqrar Tədqiqatlar Mərkəzi kənd təsərrüfatının intensiv inkişaf üsuluna keçidi sürətləndirə bilər. Bu isə həm məhsuldarlıq, həm də məhsul istehsalının artması deməkdir. Aqrar Tədqiqatlar Mərkəzi bütövlükdə kənd təsərrüfatının müasir təsərrüfat üsullarına keçiddə zənnimcə, əhəmiyyətli rol sahibi ola bilər. 
Müasir dövrdə kənd təsərrüfatı məhsullarının ixracatı prosesində bilirsiniz ki, ciddi  rəqabət mövcuddur. Xüsusən də inkişaf etmiş ölkələr kənd təsərrüfatı məhsullarının standartlara uyğun olmasını tələb edir. Bu isə gübrə və digər kimyəvi maddələrin normalar çərçivəsində istifadəsini zəruri hala gətirir. Bu mənada mərkəz fermerlər üçün təfərrüatlı və asan tətbiq edilən qaydalar tətbiq edə bilər.  Dünya bazarlarında ekoloji təmiz məhsullara böyük ehtiyac var. Onun yetişdirilməsi  də müəyyən bilgi və səriştənin olmasını tələb edir. Yeni yaranan Aqrar Tədqiqatlar Mərkəzi bu mənada da prosesə öz töhfəsini verə bilər. Ölkəmizdə kənd təsərrüfatı üçün əhəmiyyət kəsb edən torpaq və su ehtiyatlarının invertarizasiyasında da bu mərkəzin mühüm əhəmiyyəti vardır. Çünki kənd təsərrüfatında əldə edəcəyimiz nəticələr torpaq və su ehtiyatının səmərəli istifadəsilə bağlıdır. Həmin ehtiyatların səmərəli istifadəsi isə onların müasir elmi metodlarla tətbiqini tələb edir. Mərkəz həmçinin ayrı-ayrı elmi-tədqiqat mərkəzlərinin koordinasiyası funksiyasını da yerinə yetirə bilər. Mərkəz səmərəli fəaliyyət göstərməklə elmi tədqiqatların nəticələrinin tətbiqini də asanlaşdıracaq. Kənd təsərrüfatında problemli məsələlərdən biri də fermerlərin maarifləndirilməsilə bağlıdır ki, bu da sistemli fəaliyyət tələb edir. Fikrimcə, bu istiqamətdə də Aqrar Tədqiqatlar Mərkəzinin xidmətindən istifadə edilə bilər. Aqrar sektorda ən əhəmiyyətli məsələlərdən biri kadr bankının yaradılmasıdır. Zənimcə, bu məsələnin həllində də Aqrar Tədqiqatlar Mərkəzi öncül yerlərdən birini tuta bilər. Mərkəz həmçinin ölkədə fermerlərin fəaliyyətinin əlaqələndiriməsi məsələsinə də töhfə vermək gücündədir”. 
Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz