Əlaqə Arxiv
news Image
2018.05.26
07:00
| A A A
Xəzərdə Azərbaycanın diqqətində olan daha bir layihəyə beynəlxalq diqqət artır
İlham Şaban: “Transxəzər” qaz kəmərinin tikintisinin şahidi ola bilərik” Natiq Cəfərli: “TANAP və TAP boru kəmərlərinin çəkilməsi həmin layihəni daha da aktuallaşdırdı”

“Türkmənqaz” Dövlət Konserninin sədri Mırat Arçayev bildirib ki, “Transxəzər” qaz kəməri layihəsi gündəlikdədir və Aşqabad onun realalşmasını istəyir. Bu məsələyə Avropa da xüsusi diqqət ayırmağa başlayıb. 

Qeyd edək ki, “Transxəzər” qaz kəməri ideyası ilk dəfə 1997-ci ildə ilk olaraq Türkiyənin Türkmənistan qazını almaq planı ilə bağlı olaraq gündəmə gəlib. Transxəzər” təbii qazın Azərbaycan ərazisi vasitəsilə Avropaya nəqli üçün Xəzərin Azərbaycan və Türkmənistan sahillərini birləşdirəcək. Bu layihə üzrə Tengiz (Qazaxıstan) - Türkmənbaşı (Türkmənistan) - Bakı (Azərbaycan) - Tiflis (Gürcüstan) - Ərzurum (Türkiyə) marşrutu ilə ildə 20-30 milyard kubmetr təbii qazın ixracı nəzərdə tutulur. 
Neft-qaz məsələləri üzrə ekspert İlham Şabanın fikrincə, bu gün olmasa da, gələcək üçün “Transxəzər” qaz kəməri layihəsinin gerçəkləşməsi mümkündür: “Yadınızdadırsa, bu ilin fevral ayında Bakıda «Cənub qaz dəhlizi» ilə bağlı keçirilən tdbirdə Avropa Komissiyasının vitse-prezidenti bəyan etdi ki, “Transxəzər” layihəsilə bağlı məsələləri üzvü olduğu qurum diqqət mərkəzində saxlayır və həmin istiqamətdə daim məsləhətləşmələr aparırlar. Ekspertlər səviyyəsində layihə ətrafında müəyyən danışıqlar gedir, mütəmadi görüşlər keçirilir. “Türkmənqaz” Dövlət Konseri rəhbərinin açıqlaması da həmin deyilənlərin bir daha təsdiqinə yönəlib. 
İkincisi, Türkmənistanda keçirilən beynəlxalq forumda türkmən rəsmisinin bunu dilə gətirməsi ona dəlalət edir ki, Aşqabad Qərb marşurutunun gündəmdən çıxmadığını dünya ictimaiyyətinin diqqətinə çatdırır. Türkmənistan qaz ehtiyatları və həcminə görə dünyanın 4-cü ölkəsidir. Bu fonda indi olmasa da, haçansa “Transxəzər” qaz kəmərinin tikintisinin şahidi ola bilərik. Hər şey kommersiya məsələsindən asılıdır. Kommersiya baxımından isə məsələ o zaman özünü döğruldur ki, onun siyasi və iqtisadi risqləri minimuma ensin. Hazırkı vəziyyətdə iqtisadi və siyasi risqlər yüksəkdir. Qazın qiyməti dünyada aşağı səviyyədədir. Xəzər dənizinin statusu da hələlik həllini tapmır. Bu mənada da indilikdə türkmən qazını Avropaya çatdırıb satmaq kommersiya baxımından qeyri-rentabellidir”.
İqtisadçı ekspert Natiq Cəfərli də düşünür ki, hələlik haqqında söhbət açılan layihənin reallaşçası mümkünsüz görünür: “Transxəzər” qaz kəməri layihəsinin tikintisi məsələsi keçən əsrin 90-cı illərin sonlarından başlayaraq diqqət mərkəzinə gəlib. Azərbaycan bu layihədə əsas operator olduğu dövrdə bu layihənin həyata keçməsi məsələsi bir qədər də aktuallaşdı. Yəni TANAP və TAP boru kəmərlərinin çəkilməsi həmin layihəni daha da aktuallaşdırdı. Türkmənistan tərəfdən də məsələnin həllinə münasibət çox normaldır. Yeganə və böyük problem ondan ibarətdir ki, Xəzərin statusu müəyyən olunmadığına görə “Transxəzər” boru kəmərinin çəkilişinə bütün ətraf ölkələr razılıq verməlidirlər, o cümlədən Rusiya və İran. Problem məhz burada düyünlənib. 
Tehran, əsasən də Moskvanın bu layihənin həyata keçməsində marağı yoxdur. Ona görə də sözügedən layihənin gerçəkləşməsi məsələsi bu qədər uzanır. 
Düşünmürəm ki, Xəzərin statusunun müəyyən olunması baş verməmiş, yaxud Rusiya ilə İran prosesə normal yanaşmayınca, layihəni reallşadırmaq mümkün olsun. Təəssüf ki, hələ uzun müddət “Transxəzər”lə bağlı danışıq və söhbətlər davam edəcək. Amma yaxın gələcəkdə reallıqda gerçəkləşmə istiqamətində hər hansı bir addım atılacağını düşünmürəm”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz