Əlaqə Arxiv
news Image
2018.05.26
09:30
| A A A
BVF Azərbaycan və Ermənistanın inkişaf fərqini açıq göstərdi
Fikrət Yusifov: “İndi Azərbaycan hökumətinin apardığı iqtisadi islahatların ali məqsədi ölkə iqtisadiyyatının neftdən asılılığını ən qısa zaman kəsiyində minimuma endirməkdən ibarətdir”

Azərbaycan bölgənin ən varlı, Ermənistan isə ən yoxsul dövlətidir. Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) müxtəlif dövlətlərin iqtisadiyyatının təhlilinə həsr edilən hesabatında bildirilib. 

Sənəddə qeyd edilib ki, Ermənistanda adambaşına düşən Ümum Daxili Məhsul (ÜDM) cari ildə 10 min dollar təşkil edib. Bu göstərici ilə Ermənistan araşdırma aparılan 192-i dövlət arasında 113-cü yeri tutub. Hesabata əsasən, regionun ən varlı dövləti isə Azərbaycandır. Ölkədə adambaşına düşən ÜDM 18,04 min dollar təşkil edib. Ekspertlərin sözlərinə görə, Beynəlxalq Valyuta Fondunun bu göstəricilərini şərtləndirən əsaslar var. Belə ki, Azərbaycan bütün sahələrdə Ermənistandan öndədir. Hətta Qarabağ münaqişəsi həll olumadığı halda tərəflər arasında fərqin daha da böyüməsi qaçılmaz olacaq. 
Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, professor Fikrət Yusifov  bildirdi ki, son 15 il ərzində ölkə iqtisadiyyatı 3,2 dəfə arta bilibsə, onun valyuta ehtiyatları ölkənin ümumdaxili məhsuluna bərabər bir səviyyədədirsə, xarici borcları ÜDM-in 20 faizi ətrafındadırsa, bu halda həmin ölkənin hansı inkişaf yolu keçdiyi hər kəsə tam aydın olar: “İndi Azərbaycan hökumətinin apardığı iqtisadi islahatların ali məqsədi ölkə iqtisadiyyatının neftdən asılılığını ən qısa zaman kəsiyində minimuma endirməkdən ibarətdir. Ölkə rəhbərliyinin postneft dövrünə qədəm qoymaqla bağlı verdiyi bəyanatdan heç üç il keçməyib ki, iqtisadiyyatın qeyri-neft sektorunda rekord nəticələr əldə olunub. Elə bunun nəticəsidir ki, cari ilin ilk dörd ayının yekunları üzrə ölkə iqtisadiyyatının qeyri-neft sektorundan ixracın həcmi 35%-ə qədər artıb. Həmçinin qeyri-neft sənayesində 10 faiz artım qeydə alınıb. Real sektorun bütün sahələrində belə uğurlu nəticələr əldə olunmaqdadır. Bunu aqrar sektor, turizm və tranzit yükdaşımalar haqqında da məmnuniyyətlə demək mümkündür. 
Bu gün Azərbaycanda pambıq, barama, tütün və başqa kənd təsərrüfatı məhsullarının istehsalı 2-3 il bundan öncəkindən dəfələrlə artıqdır. Bu artım, demək olar ki, kənd təsərrüfatında istehsal olunan bütün məhsullara aiddir. Azərbaycan bu gün regionun nəhəng tranzit yükdaşımalar məkanına çevrilib. “Şimal-Cənub” nəqliyyat dəhlizi, Qərblə Şərqi birləşdirən Bakı-Tiflis-Qars dəmir yolu Azərbaycanın bu sahədəki uğurlarının əsasını təşkil edən xətlərdir. Turizmin inkişaf sürətinə görə bu gün Azərbaycan dünya birincilərindən birinə çevrilib. Ən qısa zaman kəsiyində Azərbaycana gələn turistlərin sayı dəfələrlə arta bilib. Bütün bu göstəricilər Azərbaycan iqtisadiyyatının sürətli inkişaf yolunda olduğunu əyani olaraq ortaya qoyur”. 
Professor əlavə etdi ki, Azərbaycan bu gün bölgənin iqtisadi cəhətdən ən qüdrətli dövlətidir: “Onun Ermənistan kimi iqtisadi çətinliklər və sosial gərginliklər içərisində çabalayan bir ölkə ilə müqayisə edilməsi belə düzgün deyil. Ermənistan bir halda öz durumunu yaxşılaşdırmaq yoluna çıxa bilər. Bu ölkə işğalçılıq mövqeyindən əl çəkməli, Azərbaycanın ərazi bütövlüyünə tam hörmətlə yanaşmalıdır. Əks halda illərlə düşdükləri iqtisadi blokada daha da dərinləşəcək. Bu isə Ermənistanın bir dövlət kimi varlığını təhlükə altına qoyur”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz