Əlaqə Arxiv
news Image
2018.05.27
17:00
| A A A
Azərbaycanda böyük nar emalı kompleksi tikiləcək

2019-cu ildə Azərbaycanda nar məhsullarının istehsalı üçün böyük bir kompleksin tikilməsi planlaşdırılır.

Bunu Trend-ə Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov bildirib.

F.Qaraşov deyib: "Bizim assosiasiyamızın bir neçə üzvü artıq iş planı hazırlayıb. Onun tərtibi üçün xarici konsaltinq və audit şirkətləri cəlb olunub. Biznes plan artıq Azərbaycan İqtisadiyyat Nazirliyinə təqdim olunub və biz müsbət cavab gözləyirik. Layihə Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə maliyyələşdirilə bilər".

Sədrin sözlərinə görə, kompleks Azərbaycanın sənaye parklarından birində inşa edilə bilər.

"Kompleksin 4 müəssisədən ibarət olacağı gözlənilir: nar şirəsi, konsentrat, toxum və nar qabığı emalı üzrə. Biznes plana əsasən, kompleksin ümumi dəyəri 25 milyon manat təşkil edir. Tikintiyə 2019-cu ildə başlamaq, 2021-ci ildə isə onu yekunlaşdırmaq planlaşdırılır", - deyə birliyin rəhbəri bildirib.

Qaraşovun sözlərinə görə, nardan alınan məhsulların növlərini artırmaq vacib məsələdir: "Bu, həmin sahədə ixrac potensialının artırılmasına kömək edəcək. Nardan şirələr, spirtli içkilər, narşərab almaq mümkündür. Nar qabığı və toxumlarından alınan yağ, kosmetoloji və əczaçılıq istehsalında istifadə olunur. Yəni qalığı olmayan məhsuldur ".

Xatırladaq ki, Nar Məhsulları İstehsalçıları və İhracatçıları Birliyi 31 oktyabr 2016-cı ildə yaradılıb.

Sizin Reklam Yeriniz