Əlaqə Arxiv
news Image
2018.06.14
10:00
| A A A
Regionlarda təsərrüfat və əmlakın sığorta səviyyəsi qeyri-kafidir
Rəşad Həsənov: “Maliyyələşmə mexanizmlərinin təkmilləşməsi, təsərrüfat fəaliyyətinin dayanıqlığının təmin edilməsi məqsədilə sığorta prosesi təkmilləşdirilməlidir” Vahid Məhərrəmov: “Burada elə qaydalar müəyyən olunmalıdır ki, həm sığortalanana, həm də sığortalayana sərf etsin”

Son günlər Azərbaycanın müxtəlif bölgələrində yağan yağış kənd təsərrüfatı sahələrinə, eləcə də bəzi evlərə ziyan vurub. Bu fonda təsərrüfat və ev sahibləri üçün vəziyyətdən ən yaxşı çıxış yolu əkin sahələri və mənzillərin sığortalanmasıdır. Lakin Azərbaycandakı mənzərə ondan xəbər verir ki, hələ də aqrar sahə və evlərin sığortalanması məsələsi çox aşağı səviyyədədir. Belədə həmin təsərrüfatların heç biri sığortalı olmadığından dəymiş ziyanın ödnəilməsində problemlər yaşanır.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov düşünür ki, sığorta prosesi təkmilləşərsə, təsərrüfat və evlərin sığortalanması problemi də öz həllini tapar: “Aqrar sahə və evlərin sığortalanması məsələsi çətin prosesdir. Belə vəziyyətin yaranmasına səbəb olan əsas məsələ sığortaya ictimai inamın zəif olması amilidir.

İkinci bir tərəfdən, bölgələrdə yaşayan və kiçik təsərrüfatları olan əhalinin gəlir səviyyəsi aşağı həddədir. Ona görə də onlar sığortaya ayırmalar edə bilmir. Bu sahədə ümumiyyətlə, fundamental problemlər var. Azərbaycanda mənzil və daşınmaz əmlakın icbari sığortası haqqında qanunvericilik aktından da göründüyü kimi proses məcburidir. Lakin buna baxmayaraq, hələlik ölkə ərazisində daşınmaz əmlakın icbari qaydada sığortalanması prosesi zəifdir. Görünür, hökumət də başa düşür ki, insanlar həmin prosesi həyata keçirməkdə çətinlik çəkir. Ona görə də sığortalanma məcburi olsa da, hələlik bu istiqamətdə konkret addımlar atılmır.

Bir zamanlar avtomobil sığortasında da bənzər situasiya yaşanıb. Sonradan avtosığorta mexanizmlərinin və nəzarət prosesinin təkmilləşdirilməsi, bu istiqamətdə Dövlət Yol Polisinə xüsusi göstərişin verilməsi və s. kimi tədbirlərlə demək olar ki, ölkədə 80 faiz avtomobilin icbari sığortası tətbiq edildi. Amma daşınmaz əmlakla bağlı müvafiq prosedurları həyata keçirmək çətindir. Daşınmaz əmlak sahibləri avtomobil sahibləri kimi tez-tez dövlət qurumlarına müraciət edib, alqı-satqı prosesində iştirak etmir. Həmin səbəbdən də onlara öhdəlik olaraq icbari sığorta tələbinin irəli sürülməsi çətinləşir. Zəif maarifləndirmə işi də təsərrüfat və evlərin sığortalanması prosesinin ləng olmasına səbəb olur. Ona görə düşünürəm ki, bu istiqamətdə maarifləndirmə işini də gücləndirmək lazımdır.  

Digər tərəfdən, sığorta şirkətlərinə ictimai inam da zəif olaraq qalır. Deməli, elə işlər görülməlidir ki, onlara münasibətdə əhalidə ictimai inam da yaransın. İkinci bir amil aqrar sektordakı təsərrüfatla bağlı məsələdir. Aqrar sektorda sığorta səviyyəsi təxminən 5 faiz ətrafındadır. Daha çox olaraq da kənd təsərrüfatında böyük təsərrüfatlar və şirkətlər sığortalanıb.  Nəzərə alaq ki, aqrar sektprdakı təsərrüfatların 97 faizi fərdi ailə təsərrüfatlarıdır, amma bu insanların öz fəaliyyətlərini sığortalaması təcrübəsi yox səviyyəsindədir. Dünya təcrübəsi də göstərir ki, aqrar sektor kifayət qədər risqli sahədir. Həmçinin, sığorta şirkətləri də prosesdə iştirakda maraqlı deyil. Çünki bu sahədə fəaliyyət göstərən sığorta şirkətləri əksər hallarda zərərlə üzləşir. Həmin zərəri kompensasiyası isə əksər ölkələrdə dövlət tərəfindən həyata keçirilir. Yəni əksər ölkədə aqrar sahənin sığortası sahəsində dövlət əsas zərəri öz üzərinə götürməklə birbaşa olaraq əsas iştirakçıdır. Belədə dövlət təsərrüüfat subyektlərinin daha dayanıqlı fəaliyyət göstərməsinə şərait yaratmağa çalışır. Azərbaycanda da bu sahədə qanun hazırlanması istiqamətində işlər görülüb. Maliyyə Bazarına Nəzarət Palatası onunla bağlı yeni qanunvericilik hazırlayıb. Hələlikdə bu qanunun qəbulu, təsdiqi və qaydaların tətbiqi prosesi gecikir.

Ölkədə son illər qeyri-neft sektorunun şaxələndirilməsi istiqamətində əsas diqqət məhz kənd təsərrüfatına yönəlib. Bu fonda düşünürəm ki, maliyyələşmə mexanizmlərinin təkmilləşməsi, təsərrüfat fəaliyyətinin dayanıqlığının təmin edilməsi məqsədilə sığorta prosesinin təkmilləşdirilməsinə ciddi ehtiyac var”.

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov isə ilkin mərhələdə sözügedən prosesdə dövlətin aktiv iştirak etməsini vacib bildi: “Aqrar sektorun sığortalanması məsələsi qəlizdir. Burada elə qaydalar müəyyən olunmalıdır ki, həm sığortalanana, həm də sığortalayana sərf etsin. Təsərrüfatların sığortalanması məsələsində ilk mərhələdə dövlətin prosesdə həm müəyyən rolu olmalı, həm də prosesin inkişafına töhfə vermək üçün maliyyə resursu ayırmalıdır. Sığorta şirkətlərinə yaranmış vəziyyətdən sui-istifadə etmələrinə imkan verilməməlidir. Fermerlərin bu istiqamətdə, xüsusən də hüquqi baxımdan biliyi aşağı səviyyədədir. Ona görə də sığorta tərəfi asanlıqla onları aldada bilər. Nəticədə fermer təsərrüfatını sığortalamaq istəsə də, ziyana düşəndə onu sübut edə bilməyəcəklərilə bağlı qorxu var. Bu səbəbdən fermerlər arasında ciddi maarifləndirmə işləri aparılmalıdır. Həm də sığorta şirkətləri fermerləri öz şəffaf fəaliyətlərilə inandırmalıdırlar”.

Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz