Əlaqə Arxiv
news Image
2018.06.21
09:15
| A A A
Sığortadan uzaq düşən sahibkarlar özlərini daha çox zərərə salırlar
Natiq Cəfərli: “Həm ticarət mərkəzləri, həm də sahibkarın özü yarıbayarı olmaqla sığorta prosesində iştirak etməlidir” Xəyal Məmmədxanlı: “Bu proses iki formada həyata keçirilə bilər”

Ticarət mərkəzlərində yanğınlar zamanı sahibkarlar ziyana düşür. Paytaxtın Ziya Bünyadov prospektindəki tikinti materiallarının satışı bazarında baş verən yanğın bunun real təsdiqidir. Yanğın xırdavat bazarında qəflətən başlayıb və sonradan tikinti mağazalarına keçib. Nəticədə, tikinti materialı, boya, laminat, lambirin, taxta, istilik sistemləri satılan 9 mağaza yanaraq kül olub. Yanmayan mağazalarda isə materiallar yararsız hala düşüb. Mağazalarda tezalışan materiallar satıldığından, yanğın tez bir zamanda ətrafa yayılıb. Mağaza sahibləri 100 minlərlə manatlıq zərər çəkdiklərini deyirlər. Belə vəziyyətin qarşısını almaq üçün malların hansısa formada sığortalanması mümkündürmü?

İqtisasdçı-ekspert Natiq Cəfərlinin fikrincə, qarşılıqlı məsuliyyət yolu ilə həm ticarət obyekləri, həm də sahibkarın özü malların sığortalanması prosesində birgə iştirak etməlidirlər: “Sahibkarların öz mal, məhsullarını sığortalaması vacibdir. İstənilən dünya ölkələrinin praktikasına baxdıqda görürük ki, ticarət mərkəzində ya həmin obyekt tamamilə, ya da icarəyə götürülən yerlər sığortalanır, mal qalığının çıxarılması və onun üzərindən sığorta ödənişlərinin aparılması vacib şərt kimi ortalıqdadır. Həmin ölkələrdə çalışan iş adamları da anlayır ki, bu şərtləri yerinə yetirməsələr, sonradan vəziyyətləri pis olar. Bu səbəbdən də xaricdə sahibkarlar sığorta işlərinə ciddi yanaşırlar.

Azərbaycanda məsələ ciddi olsa da, təəssüf ki, sığorta mədəniyyəti hələlik tam olaraq oturuşmayıb. Bu tendensiyanı ticarət mərkəzlərinə, fərdi sahibkarların fərdi iş yerlərinə də aid etmək olar. Ona görə də ilk növbədə sahibkarlar müəyyən dəstək formasında sığorta işlərinə cəlb olunmalıdırlar. Çünki, hansısa bir fövqəladə hal, bədbəxt hadisə nəticəsində satdığı mala ziyan dəyir, lakin bu zaman sahibkar dövlətdən kömək gözləyir. Problemi fikrimcə, qarşılıqlı məsuliyyətli sığortanın tətbiqi yolu ilə həll etmək olar. Yəni həm sahibkardan pul yığan ticarət obyektinin sahibi, həm də sahibkarın özü yarıbayarı olmaqla sığorta prosesində iştirak etməlidirlər. Belə olarsa, ikili məsuliyyət yaranacaq və təbii fəlakət olarsa, sığorta şirkəti dəymiş ziyanın tamamını ödəməyə məcbur olacaq. Bu olduğu halda, təbii fəlakət və yanğınların vurduğu ziyanı sahibkar kompensasiya edə biləcək. Amma prosesin həllini tək sahibkarın üzərinə atmaq doğru yanaşma deyil. Ticarət mərkəzləri icarə pulu aldığından, həmin sığorta haqqının yarısını ödəməlidirlər. Yəni, sığorta prosesinə ticarət mərkəzləri də şərik olmalıdırlar”. 

Sığorta üzrə ekspert Xəyal Məmmədxanlı bildirdi ki, sahibkarın öz malını sığortalaması prosesi iki formada reallaşa bilər: “Ticarət obyektlərində baş verən yanğın zamanı dəymiş ziyanın kompensasiya edilməsi üçün sahibkar hökmən öz malını sığorta etməlidir. Bu proses isə iki formada həyata keçirilə bilər.

Birinci növbədə sahibkarların özləri mallarını sığortalaya bilər. Yəni, öz hesablarına baş verə biləcək yanğından, digər təbii fəlakətdən, oğurluq hadisəsindən, xarab olmadan ticarət mərkəzinin anbarlarında saxladıqları mallarını sığortalamalıdırlar. İkinci bir tərəfdən, sahibkarın malı ticarət mərkəzinin ərazisindədirsə, obyektin özü də müştəri, yaxud icarədarları qarşısında öz məsuliyyətini də sığortalaya bilər. Amma dəfələrlə yanğın hadisəsi olsa da, belə obyektlərdə sığorta məsələsinin hələ də həll olunmadığının şahidi olmaqda davam edirik.

«Gənclik Mall» kimi ticarət mərkəzləri öz məsuliyyətlərini sığortalayıb. Amma yalnız öz səhvləri üzündən yanğının baş verməsinə görə sığortalayırlar. Lakin sahibkarın əmlakına dəyən zərərdən söhbət gedirsə, yanğın vətəndaşın təqsiri üzündən baş veribsə, belə olan halda prosesə ticarət mərkəzi məsuliyyət daşımır. Nəticədə vətəndaş heç bir halda kompensasiya ala bilmir”.

Rüfət NADİROĞLU

  

Sizin Reklam Yeriniz