news Image
2013.04.11
11:21
| A A A
İstanbulda XVI Avrasiya İqtisadi Zirvə Toplantısı keçirilir

İstanbulda Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə XVI Avrasiya İqtisadi Zirvə Toplantısı keçirilir. Azərbaycan nümayəndə heyəti tədbirdə iştirak edir.

 

Zirvə Toplantısından əvvəl Azərbaycanın təşkilatçılığı ilə 58 ölkədən gəlmiş 450-dən çox prezident, baş nazir, nazirlər və digər rəsmi şəxslərin iştirak etdikləri "Azərbaycan gecəsi" keçirilib.

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Prezidenti, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin fəxri sədri İlham Əliyevin Zirvə Toplantısının iştirakçılarına müraciətini oxuyub. Zirvə Toplantısında Türkiyə Prezidenti Abdullah Gülün və UNESCO-nun baş direktoru İrina Bokovanın da müraciətləri oxunub.

 

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə müsahibəsində bildirib ki, Azərbaycan bu il də bu Zirvə Toplantısında geniş tərkibdə iştirak edir. "On altıncı dəfə keçirilən bu Zirvə Toplantısında Azərbaycan hər şeydən əvvəl müxtəlif sahələrdə qazandığımız uğurları təbliğ edir. Burada iqtisadiyyat, sosial sahə, kommunikasiya, nəqliyyat, enerji, mədəniyyət və digər sahələr üzrə təmsil olunan ölkələrlə əlaqələr qururuq. Bu ölkələrlə Avrasiya məkanında əməkdaşlığın müxtəlif tərəflərini müzakirə edirik. Nəticə olaraq, Azərbaycanın dünyaya daha sıx inteqrasiyasına dəstək veririk. Bizim ölkəmiz bu il də xüsusi konsert proqramı təşkil etdi. Keçiriləcək bölmə iclaslarında nümayəndə heyətimizin üzvləri informasiya-kommunikasiya texnologiyaları, enerji, nəqliyyat, təhsil və digər sahələrə dair məruzələr təqdim edəcəklər", deyə o qeyd edib.

 

Ə.Həsənov vurğulayıb ki, 60-a yaxın ölkədən çoxsaylı nümayəndələrin iştirak etdikləri Zirvə Toplantısında Azərbaycan Dağlıq Qarabağ, təhlükəsizlik və digər problemlərini də bölüşür, Xəzər bölgəsində ölkəmizin reallaşdırdığı transmilli layihələr, digər mühüm məsələlər üzrə vacib əlaqələr yaradır.

 

Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver açılış nitqində bildirib ki, Avrasiya İqtisadi Zirvə Toplantısı bu il də dünyanın bütün qitələrindən qonaqların iştirakı ilə planetin aktual məsələlərini gündəmə gətirir.

 

Sonra toplantı işini bölmə iclaslarında davam etdirib. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, təhsil naziri Misir Mərdanov ölkəmizdə müasir kommunikasiya texnologiyaları, təhsil sahəsində həyata keçirilən islahatlar və əldə olunmuş nailiyyətlərdən ətraflı bəhs ediblər.

 

XVI Avrasiya İqtisadi Zirvə Toplantısı öz işini aprelin 11-də davam etdirəcək.