Əlaqə Arxiv
news Image
2018.07.06
16:23
| A A A
Hacıqabulda 2 qəsəbə və 3 kəndi əhatə edən yolların tikintisi yekunlaşır

Hacıqabul rayonunda 2 qəsəbə və 3 kəndi əhatə edən M2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 84-cü kilometrindən ayrılan və uzunluğu 2,1 kilometr olan Atbulaq kəndinin, magistralın 87-ci kilometrindən ayrılan və uzunluğu 2,5 kilometr olan Qızılburun kəndinin və magistralın 103-cü kilometrindən ayrılan ümumi uzunluqları 7,6 kilometr olan Nəvahi və Pirsaat qəsəbələrinin, həmçinin Rəncbər kəndinin avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması işləri davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən Movqe.az-a bildirilib ki, ümumi uzunluğu 12,2 kilometr olan yolların hər biri IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur.

Tikinti layihəsi uyğun olaraq yollar boyu torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılıb və yeni yol yatağı inşa olunub. Bu işlərə paralel olaraq suların ötürülməsi üçün 18 yerdə müxtəlif diametrlərə malik dəmir-beton boruların tikintisi işləri də aparılıb. Bundan başqa layihə çərçivəsində Qızılburun və Rəncbər kəndlərinə gedən yolların üzərində yerləşən mövcud 12 metr uzunluğa malik körpülərin də əsaslı şəkildə təmiri nəzərdə tutulub.

Torpaq yatağının tikintisindən sonra optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yeni yol əsası inşa edilib. Texnoloji ardıcıllığa əsasən növbəti mərhələdə yollara 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. Qeyd olunan işlər ümumilikdə yolların 70 min kvadratmetrdən çox sahəsində aparılacaq. Asfaltlanan ərazilərdə çiyinlərin lazımi materialla bərkidilməsi işləri də görülür.

Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında tikinti norma və qaydalarına uyğun olaraq yüksək keyfiyyətlə və sürətlə aparılır. Tərtib olunmuş qrafikə uyğun işlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Tikinti işlərinin yaxın müddət ərzində yekunlaşdırılması planlaşdırılır.

Qeyd olunub ki, bununla 5 yaşayış məntəqəsinin 11 min əhalisinin M2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə respublikanın bütün istiqamətlərinə hərəkət etmələri xeyli asanlaşacaq.

Sizin Reklam Yeriniz