Əlaqə Arxiv
news Image
2018.07.07
08:00
| A A A
Qeyri-leqal fəaliyyətdən leqal fəaliyyətə keçid
Ruslan Atakişiyev: “Sahibkarın şəffaf fəaliyyət göstərməsi üçün hökumət müvafiq tədbirlər görməlidir” Vüqar Bayramov: “Vergilər orqanları ilə sahibkarlar arasında tərəfdaşlığın qurulması vacib məsələdir”

Vergilər Nazirliyi 2018-ci ildə vergi ödəyiciləri və sahibkarlarla birlikdə rəsmi məşğulluğun təmin edilməsi sahəsində faydalı müzakirələr apararaq qeyri-leqal fəaliyyətdən leqal fəaliyyətə keçid üçün yeni səmərəli mexanizmlərin hazırlanması və tətbiqini planlaşdırır. Nazirlik bildirir ki, qeyri-rəsmi məşğulluğun qarşısının alınması, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşdırılması və iqtisadi fəallığın yüksəldilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarında tələb və təklif arasında dinamik uyğunluğun yaxşılaşdırılması ölkədə aparılan islahatların əsas istiqamətlərindəndir. Mütəxəssislərin sözlərinə görə, bu hal vergilər yolu ilə büdcə daxilolmalarını ciddi şəkildə artıracaq.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirdi ki, ümumiyyətlə Vergilər Nazirliyi 2018-ci ili özü üçün keçid ili elan edib: “2019-cı ildən başlayaraq, sahibkarla qanunun tələblərinə uyğun iş qurulacaq. Hazırda bu məsələ ona görə aktualdır ki, uzun müddətdir boşluqdan istifadə edərək sahibkarlıq subyektlərində şəffaf fəaliyyət tam şəkildə təmin olunmayıb. 
Bununla yanaşı, işçi və işəgötürən münasibətləri də ön plandadır. Bu gün sahibkarın bütün işçiləri tam şəkildə rəsmiləşdirə bilməməsinin bir sıra səbəbləri var. Ona görə bütün günahı sahibkarda görmək də düzgün olmazdı. Nəzərə alaq ki, sahibkar işçiyə görə 40 faizə qədər məcburi sosial ödənişlər, vergilər ödəyir. İşçinin 500 manat alması üçün sahibkardan 850 manata yaxın pul çıxır. Ona görə də işverən işçiyə 850 yox, daha aşağı rəsmi maaş yazır. Qalan hissəsini isə qeyri-leqal yolla verir. Yaxud da heç əmək müqaviləsi bağlamır. Bəzən də elə işçinin özü əmək müqaviləsinin bağlanmasında maraqlı olmur ki, daha çox maaş alsın. Vergilər Nazirliyinin son dövrlərdəki bəyanatlarının mahiyyətində də bu dayanır. 
Nazirlik son dövlər Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Həmkarlar İttifaqı Komitəsi və digər müvafiq qurumlarla əməkdaşlıq etməklə sahibkarı stimullaşdırmaq üçün çıxış yolları  axtarır. Bunu sərt tədbirlərlə həyata keçirmək mümkün deyil. Sahibkar harada daha yaxşı şərait varsa, ora gedəcək. Sahibkarın şəffaf fəaliyyət göstərməsi üçün hökumət də müvafiq tədbirlər görməlidir”.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirdi ki, vergilər orqanları ilə sahibkarlar arasında tərəfdaşlığın qurulması vacib məsələdir: “Nəzərə alaq ki, qeyri-leqal iqtisadiyyat da əsasən bu cür tərəfdaşlığın olmamasından irəli gəlir. O baxımdan qeyri-leqal iqtisadiyyata qarşı mübarizənin gücləndirilməsi üçün bu cür tərəfdaşlığın formalaşdırılmasına və yeni mexanizmlərin tətbiq edilməsinə ehtiyac var. 
Əvvəlki mexanizmlər bir sıra hallarda qeyri-leqal iqtisadiyyata imkan verir. Bu da vergi ödəyicilərinə vergidən yayınmağa şərait yaradır. Bu baxımdan mövcud şərtlər daxilində yeni mexanizmlərin tətbiq edilməsi həm vergidən yayınmanın qarşısını almağa imkan yaradacaq, həm də qeyri-leqal iqtisadiyyatın həcmini azaldacaq. Mövcud potensialın qiymətləndirilməsi ondan xəbər verir ki, dövlət büdcəsinə qeyri-neft sektorundan daha çox vergi cəlb edilməsi imkanları mövcuddur. Bunun üçün qeyri-leqal iqtisadiyyatın tam olaraq vergiyə cəlb edilməsinə ehtiyac var. Ona görə yeni mexanimzlərin tətbiqi vacibdir. Bu mexanizmlər həm vergi orqanları ilə sahibkarlar arasında tərəfdaşlığın güclənməsinə, həm də qeyri-leqal iqtisadiyyatın həcminin minimumlaşdırılmasına gətirib çıxaracaq”.
Mübariz BAYRAMOV

 

Sizin Reklam Yeriniz