Əlaqə Arxiv
news Image
2018.07.10
07:00
| A A A
Neft 100 dollarlıq həddə qayıdır
Vüqar Bayramov: “Neftin qiymətinə təsir edən iki əsas faktor var” Yaşar Əsədov: “. Prezident Donald Tramp işgüzar şəxs kimi nəticələri dollarla ifadədə yaxşı qiymətləndirə bilir”

ABŞ-İran qarşıdurması kəskinləşir. İranın İnqilab Keşikçiləri Korpusunun komandanı, general Qasım Süleymani deyib ki, noyabr ayında neft alışının dayandırılacağı təqdirdə, bölgədəki digər dövlətlərin də neft satmasına mane olacağıq. İranın OPEC-dəki nümayəndə heyətinin rəhbəri Hüseyn Qazempur Ərdəbili isə bildirib ki, İrana qarşı sanksiyalar bazardakı neft təklifini azaldacaq. Nəticədə “qara qızıl”ın dəyərinin 100 dollara yüksəlməsi istisna deyil. 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirir ki, neftin qiymətinə təsir edən iki əsas faktor var: “Onlar biri siyasi faktor – İran ətrafında baş verən hadisələrdir. Bu baxımdan son dövrlər dünya bazarında neftin qiymətinin 80 dollar ətrafında dəyişməsini müşahidə edirik. Yəni, neftin qiymətinin yüksəlməsinə səbəb olan siyasi faktor İran ətrafında baş verən hadisələrdir. 
Digər - iqtisadi faktor isə neftə olan tələbatın artmasıdır. Bu da qiymətlərə təsir göstərir. Ancaq nəzərə alaq ki, ABŞ neftin qiymətinin kəskin artmasının qarşısını almağa çalışır. ABŞ-ın OPEK-ə hasilatın 1 milyon barrel artırılması müraciətindən sonra OPEK və üzv olmayan ölkələr hasilatın artırılması ilə bağlı razılıq əldə etdilər. Əgər İran ətrafındakı gərginlik fonunda ABŞ neftin qiymətinin artımının qarşısını almağa çalışarsa, indiki qiymətlər qorunub saxlanılacaq. Yox, OPEK və üzv olmayan ölkələr hasilatın əlavə olaraq 1 milyon barrel artırılması ilə bağlı qərar qəbul etməyəcəklərsə, qiymətlərdə artım yaşana bilər. Əslində, bu ssenaridə dünya bazarında neftin qiymətinin 100 dollara qədər yüksəlməsi mümkündür. Əgər OPEK İranın boşluğunu doldurarsa, indiki qiymət qorunub saxlanılacaq. O baxımdan İran ətrafında yaşanan gərginlik bazara birbaşa təsir göstərir. Ancaq neftin qiymətinə təsir edən güc yenə də ABŞ-dır”. 
Digər iqtisadçı-ekspert Yaşar Əsədov isə fərqli düşünür: “Bu işin təşəbbüskarı ABŞ-dır. Hazırda isə neftin qiymətinin qalxması ABŞ-a sərf etmir. Prezident Donald Tramp işgüzar şəxs kimi nəticələri dollarla ifadədə yaxşı  qiymətləndirə bilir. Yəni, neftin qiymətinin bahalaşması ABŞ-a sərf etmirsə, İran ətrafında hadisələrin baş verməsi ciddi səbəb deyil. Bu, stəkanda fırtınaya bənzəyir. 
Ən ağır sanksiyalara məruz qaldığı dövrdə də İran neftinin satışında heç bir problem yox idi. İran neftini Avropa, Çin, Yaponiya və digər ölkələr də alırdı. Digər tərəfdən OPEK+ hasilatın gündəlik 1 milyon barrel artırılması qərarı alıb. Düzdür, İran bazardan çıxarsa, təklif azalacaq. Lakin OPEK+ həmin boşluğu artıqlaması ilə doldurmağa hazırdır”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz