Əlaqə Arxiv
news Image
2018.07.11
10:00
| A A A
Artan valyuta ehtyiatları Azərbaycanın maliyyə sabitliyini daha güclü hala gətirir
Fikrət Yusifov: “Bu, Azərbaycanın maliyyə dayaqlarının daha da möhkəmlənməsi, milli valyutanın isə tam sabit qalması demək olacaq”

"İlin əvvəlindən valyuta ehtiyatları artıb və bu gün ölkənin valyuta ehtiyatları 44,3 milyard dollar təşkil edir. İlin sonuna qədər bu rəqəm daha da böyüyəcək". Bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib. 

Ölkə rəhbəri əlavə edib ki, xarici ticarət dövriyyəsi 35 faiz artıb: «İxrac 34 faiz, o cümlədən qeyri-neft ixracı 20 faiz artıb. Xarici ticarətin müsbət saldosu 4,2 milyard dollardır, əlbəttə ki, ilin sonuna qədər daha da artacaq. Bu, çox böyük rəqəmdir, bir daha onu göstərir ki, makroiqtisadi sabitlik tam təmin edilir
Bu, onu göstərir ki, biz çox inamla inkişaf edirik. İqtisadi inkişaf davam etdiriləcək. Sənaye, kənd təsərrüfatı sahələrində bu il böyük işlər görülübdür. Artıq gözəl nəticələr var. Əminəm ki, ilin sonuna qədər yaxşı nəticələr olacaq”. 
Ekspertlərin sözlərinə görə, ölkənin valyuta ehtiyatlarının artımı şərtləndirən səbəblər var. Gedişat ilin sonuna qədər valyuta ehtiyatlarının daha da artımına zəmin yaradacaq. Bu isə ölkədə maliyyə sabitliyinin qorunması deməkdir.  Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, professor Fikrət Yusifov  bildirdi ki, 2016-cı ilin dünya iqtisadi böhranının yaşatdığı çətinliklərdən sonra hökümətin ölkə iqtisadiyyatının stabilləşdirilməsi istiqamətində atdığı addımlar öz nəticələrini verməyə başladı: “Belə ki, 2017-ci il stabilləşmə ili kimi yaddaşlarda qaldı. Həmin ilin sonlarına yaxın və 2018-ci ilin əvvəllərində ölkə Prezidenti cənab İlham Əliyev 2018-ci ilin yüksəliş ili olacağını bir neçə dəfə bəyan etdi. Belə də oldu. 
2018-ci ilin birinci yarısı artıq geridədir və biz real sektorda çox yaxşı nəticələr əldə edildiyini görürük. İqtisadi dirçəliş səviyyəmiz bizə büdcəmizi dəyişərək onun gəlir və xərclərini artıra bilmək imkanları verdi. Büdcədən əlavə xərclərin həyata keçirilməsi nəticə etibarilə iqtisadiyyatın inkişaf sürətini bir qədər də artırmağa şərait yaradır. Bu gün ölkənin bütün bölgələrində tikinti-quraşdırma işləri görülür. Tikinti iqtisadi dirçəlişin ən əsas göstəricilərindən biridir”. 
Professor əlavə etdi ki, ötən dövr  ərzində real sektorda ümumi artım 2 % təşkil etsə də, onun aparıcı sahəsi hesab olunan qeyri-neft sənayesi 8,8%, kənd təsərrüfatı 7,6% arta bildi: “Bunlar yaxşı göstəricilərdir. Hesab edirəm ki, ilin sonuna doğru bu göstəricilər bir qədər də yaxşılaşacaq. Hesabat dövründə ölkənin valyuta ehtiyatları 44,3 milyard dollar çatdı. Neftin qiymətlərinin indiki səviyyəsində bu ehtiyatların ilin sonuna doğru 50 milyard dollara yaxınlaşacağı ehtimal olunur. Bu, Azərbaycanın maliyyə dayaqlarının daha da möhkəmlənməsi, milli valyutanın isə tam sabit qalması demək olacaq”.
Fikrət Yusifov qeyd etdi ki, yarım ildə əldə olunan bu uğurların kökündə ölkə Prezidentinin bilavasitə təşəbbüsü və təşkilatçılığı ilə formalaşdırılmış əlverişli biznes mühitin rolu əvəzedilməzdir: “Real sektorda əldə olunmuş uğurlar bu sahəyə yatırılan investisiyalardan bilavasitə asılıdır. İstənilən investor isə ölkədə investisiya mühiti normal olduqda addım atır. Azərbaycanda bu gün biznes mühit olduqca əlverişlidir. İnvestisiyaların və ixracın təşviqi ilə bağlı qaydaların tətbiq edilməsi isə bu mühiti daha maraqlı edir”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz