Əlaqə Arxiv
news Image
2018.07.11
09:30
| A A A
Yeni iqtisadi mərhələ yeni uğurlar gətirir
Azərbaycan iqtisadiyyatı 2018-ci ildə gözlənilən proqnozları əzmlə doğruldur

İyulun 8-də Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə iqtisadiyyatının qazandığı uğurlardan söhbət açılıb. Əsas məsələ yeni iqtisadi mərhələyə keçidin səmərəli şəkildə başa çatdırılması və oturuşmuş strukturların dinamik fəaliyyətə davam etməsidir. Çünki, hökumət iqtisadi sahədə kifayət qədər rasional makroiqtisadi siyasət aparıb, islahatlar həyata keçirib, sahibkarlığın inkişafını təmin edib. Nəticədə qlobal və regional miqyasda gözlənilən riskləri neytrallaşdırmaqla yanaşı, valyuta ehtiyatlarını qoruyub saxlamaq və artırmaq, sosial proqramların dayanıqlılığını qorumaq mümkün olub. 

Dövlət başçısının yeni iqtisadi mərhələdə həyata keçirdiyi strateji xəttin əsas komponentləri  çevik addımlarla dayanıqlı iqtisadi inkişafın təmini, islahatların kpmpleks həyata keçirilməsi yolu ilə makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, iqtisadi şaxələndirmə mexanizminin təkmilləşdirilməsi, regionların və sahibkarlığın inkişafı sürətləndirilməsidir. Bu istiqamətə əldə olunan nəticələr hesabına ilin birinci yarısında qeyri-neft ixracı xeyli dərəcədə artıb.
İqtisadi artımın səviyyəsi rəqəmlərdə daha atdın görünür. Bu ilin birinci yarısında ümumi daxili məhsul 1,3 faiz, qeyri-neft sektoru 2 faiz artıb, inflyasiya birrəqəmli olmaqla 3 faiz təşkil edib. İqtisadiyyatın şaxələndirilməsində xüsusi rolu olan qeyri-neft sənayesində 8,8 faiz, kənd təsərrüfatında 7,6 faiz, informasiya və rabitə xidmətlərində 4,9 faiz, ticarətdə 2,5 faiz artıma nail olunub. Qeyri-neft sektoru üzrə dövlət büdcəsinə 4,1 milyard manat vəsait daxil olub ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 275 milyon manat və ya 7,3 faiz çoxdur.  Əsas kapitala yönəldilən vəsaitlər qeyri-neft sektoru üzrə 22 faiz, qeyri-neft sənayesi üzrə isə 69 faiz artıb.
Qeyri-neft sektorunun inkişafına yönələn səylər öz bəhrəsini verir. Sənaye parklarına indiyədək 2,6 milyard dollar investisiya yatırılıb, tikintidə və istehsalda 11 minə yaxın iş yeri yaradılıb. Növbəti mərhələdə 1,1 milyard dollardan çox investisiya qoyuluşu və 7500-dək yeni iş yerinin açılması nəzərdə tutulur. Artıq Sumqayıt Kimya Sənaye Parkında 7 müəssisə fəaliyyət göstərir, 2018-ci ilin sonunadək daha 7 müəssisə istifadəyə veriləcəkdir. 
Balaxanı, Pirallahı, Mingəçevir sənaye parklarında  10-a yaxın iri müəssisə işə salınıb. Neftçalada  və Masallıda sənaye məhəllələrinin tikintisi başa çatıb, Hacıqabul və Sabirabadda isə ilin sonunda tikinti işləri yekunlaşacaq. Təkcə Neftçalada 8 müəssisə fəaliyyət göstərir. Regionlarda xalça emalatxanalarının tikintisi sürətlə davam edir.
İslahatlar  iqtisadi fəallığın artmasına güclü təsir edir. Dövlət tərəfindən ixracyönümlü məhsulların istehsalının dəstəklənməsi, investisiyaların cəlb edilməsinin stimullaşdırılması yeni istehsal sahələrinin mənimsənilməsini və məhsuldarlığın artırılmasını təmin edir. İqtisadiyyat Nazirliyinin 251 sahibkarlıq subyektinə verdiyi 283 investisiya təşviqi sənədi sayəsində reallaşdırılan layihələr nəticəsində yerli istehsala 2,5 milyard manatdan artıq investisiya  yatırılıb. 
Qeyri-neft sektorunun sürətlə inkişaf edən və ixrac potensialını ardıcıl olaraq artıran kənd təsərrüfatında aqroparkların yaradılması davam edir. Ümumi dəyəri 1 milyard manatdan çox olan 45 aqroparkın yaradılması üzrə işlər sürətlə davam etdirilir. Artıq fəaliyyət göstərən aqropark və iri fermer təsərrüfatlarında 50 min hektardan artıq ərazidə müasir suvarma sistemlərinin tətbiqi nəticəsində buğda, arpa, dənlik qarğıdalı və digər kənd təsərrüfatı bitkiləri üzrə hər hektardan əldə edilmiş orta məhsuldarlıq ölkə üzrə müvafiq göstəricilərdən 2 dəfəyədək çoxdur. 
Qeyri-neft sektorunda keyfiyyətli və ixracyönümlü məhsulların istehsalı ticarət əlaqələrinin genişləndirilməsinə rəvac verib. Bu gün Azərbaycanın Rusiya, Çin, Birləşmiş Ərəb Əmirliklərində və Şərqi Avropada ticarət nümayəndələri fəaliyyət göstərir. Belarusda və Ukraynada Azərbaycan ticarət evləri açılıb, Çində “Şərab Evi”nin, Latviyada və Birləşmiş Ərəb Əmirliklərində ticarət evlərinin ilin sonunadək açılması planlaşdırılır. Heydər Əliyev Fondunun dəstəyi ilə Rusiyanın Həştərxan şəhərində “Azərbaycan İş Mərkəzi” açılıb.
Təsadüfi deyil ki, Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə 35-ci, yol infrastrukturunun inkişafına görə 36-cı, inkişaf edən ölkələr arasında inklüziv inkişaf indeksinə görə 3-cü, ümumi infrastrukturun inkişafına görə dünya miqyasında 26-cı yerdədir. 
Nazirlər Kabinetinin son iclasında qazanılan uğurları Prezident İlham Əliyev belə ifadə edib: “Biz güclü iqtisadiyyat qura bilmişik, bu gün heç kimdən asılı deyilik, özümüz öz taleyimizin sahibiyik və iqtisadi sahədə böyük uğurlar əldə etmişik. Son 15 ilin göstəriciləri bunu əyani sübut edir. İqtisadi baxımdan 15 il ərzində Azərbaycan qədər inkişaf edən ikinci dövlət yoxdur”.
N.NOVRUZ

Sizin Reklam Yeriniz