Əlaqə Arxiv
news Image
2018.07.11
09:40
| A A A
Böyük ölkələrin strateji yolları Azərbaycanda kəsişir
Ölkənin iqtisadi-siyasi inkişafı və müstəqil siyasəti dünyanın güc mərkəzlərinin diqqətini cəlb edir

Azərbaycanın yüksəldiyi sosial-iqtisadi inkişafın səviyyəsi bütün istiqamətlərdə səmərəli fəaliyyət göstərməyə, beynəlxalq birliyin qlobal layıhələrində yaxından iştirak etməyə imkan verir. “Bu dünyada mövcud olub, ondan kənarda qalmaq mümkün deyil” kəlamına uyğun olaraq deyə bilərik ki, Azərbaycan dünya ölkələrinin dəstəsinə uğurla inteqrasiya olunub. Bu, son 15 ildə ölkə rəhbərliyinin apardığı son dərəcə yerli-yataqlı, müasirliyə cavab verən, intellektuallığı və səmərəliliyi ilə seçilən dəyişməz və real siyasətlə mümkün olub. 

Azərbaycanın daxili siyasi sistemi olduqca çevik və qaynardır. Ölkə heç vaxt yerində saymır, daim gələcəyə boylanır. 2016-cı ildə Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilmiş ümumxalq referendumu, bu ilin aprelində keçirilmiş prezident seçkiləri xalq-iqtidar birliyinin real gücünün göstəricisi oldu. Dövlət xalq üçün işlədiyi kimi xalq da öz etibarlı dövlətini dəstəkləyir. Qarşılıqlı hüsniyyət ölkədə sabitliyi və inkişafı təmin edir. Təsadüfi deyil ki, “xalq-iqtidar birliyi” sıralanmasında Azərbaycan dünyada 20-ci sırada qərarlaşıb.
İyulun 8-də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev deyib: “Aprel ayında keçirilmiş prezident seçkiləri bir daha onu göstərdi ki, Azərbaycan xalqı bizim siyasətimizə çox böyük dəstək verir. Seçkilərdə qazandığım inamlı qələbə onu göstərir ki, son 15 il ərzində görülmüş işlər Azərbaycan xalqı tərəfindən çox yüksək qiymətləndirilir. Bu böyük dəstək bizə imkan verəcək ki, bundan sonra da ölkəmizi inkişaf yolu ilə inamla irəliyə aparaq. Seçkilərdən əvvəl keçirilmiş rəy sorğuları, seçkilər günü keçirilmiş “exit-poll”lar rəsmi nəticələrlə üst-üstə düşür. Bu, bir daha onu göstərir ki, seçkilərdə Azərbaycan xalqının iradəsi tam öz əksini tapmışdır. Seçkilər şəffaf, ədalətli şəkildə keçirilmişdir və Azərbaycan bütün dünyaya bir daha göstərmişdir ki, müasir, demokratik ölkədir. O ölkədir ki, burada bütün azadlıqlar təmin edilir”. 
Elə buna görə də Azərbaycandakı seçkilər dünyaya səs saldı. Dünyanın hər yerindən Prezident İlham Əliyevin ünvanın təbrik məktubları gəldi. Ölkəmizin qazandığı iqtisadi və siyasi nailiyyətlərə, demokratik quruculuğa və müasirliyə görə dövlətlərin rəhbərləri təbriklərini ən səmimi sözlərlə ifadə edirdilər. Bu hələ də davam edir. Dünyanın güc mərkəzləri Azərbaycana hörmətlə yanaşır və onunla iş birliyi yaratmaq üçün Cənubi Qafqaza gəlirlər. Hazırda Avropa İttifaqı ilə yeni Saziş üzərində iş gedir. Bu gün Avropa İttifaqına üzv ölkələrin üçdəbir hissəsi ilə Azərbaycanın strateji tərəfdaşlıq səviyyəsində münasibətlər qurub.
Dünyanın ən güclü dövləti Amerika Birləşmiş Ştatları Azərbaycanla əlaqələrini yeni mərhələyə yüksəltməyə maraq göstərir. Prezident Trampın bu ilin birinci yarısında Azərbaycan prezidentinə üç dəfə məktub göndərməsi və ölkənin siyasi və iqtisadi həyatında baş verən uğurlu hadisələrlə əlaqədar təbriklərini çatdırması Azərbaycanın malik olduğu beynəlxalq hörmət və nüfuzun göstəricisidir. Prezident İlham Əliyev bu cür yüksək əlaqələrinmahiyyəti haqda deyib: “Beləliklə, apardığımız uğurlu xarici siyasət nəticəsində Azərbaycan demək olar ki, bütün ölkələrlə, bütün güc mərkəzləri ilə çox səmərəli, işgüzar, bərabərhüquqlu münasibətlər qura bilmişdir. Bu münasibətlər qarşılıqlı inam, hörmət, bir-birinin işinə qarışmamaq prinsipləri əsasında qurulur. Beləliklə, ölkəmizin uğurlu inkişafı üçün çox gözəl beynəlxalq mühit mövcuddur. Deyə bilərəm ki, bu mühiti biz yaratmışıq. Əminəm ki, bundan sonra da bu istiqamətdə ardıcıl siyasət aparacağıq”. 
Azərbaycan siyasi oriyentasiyasına görə say etibarı ilə dünyanın ikinci böyük təşkilatının - Beynəlxalq Qoşulmama hərəkatının üzvüdür. Bu il Bakıda təşkilatın xarici işlər nazirlərinin konfransı keçirilib. Qoşulmama hərəkatının Zirvə görüşü gələn il Azərbaycanda keçiriləcək və ölkəmiz bu böyük və mötəbər təşkilata sədrlik edəcək. Azərbaycanın bu cür daim beynəlxalq orbitdə olması, baş verən geosiyasi hadisələrə təsir göstərməsi onun hömətinin və ona yaranmış rəğbətin bariz nümunəsidir. Çünki, ölkəmizin inkişafının təməlində düşünülmüş siyasət, güclü iradə, güclü iqtisadiyyat və işgüzar əzmkarlıq dayanır.
N.NOVRUZ

Sizin Reklam Yeriniz