Əlaqə Arxiv
news Image
2018.07.14
10:00
| A A A
Avropa bazarlarında daha çox Azərbaycan məhsulları gözləyirlər
Aqrar sahəyə yatırılmış sərmayələr sayəsində yaxın bir neçə ildə ixrac məhsulları sürətlə artacaq

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Dünya Bankı ilə birgə təşkil etdiyi 3-cü Bilik Sərgisidə “Azərbaycanın kənd təsərrüfatında məhsuldarlığın səviyyəsi ötən əsrin 60-cı illərrində Latın Amerikası ölkələrindəki məhsuldarlıq səviyyəsindən bir qədər çoxdur” deyən 

beynəlxalq maliyyə qurumunun nümayəndəsi Culian Lampietti eyni zamanda bildirib: “Məhsuldarlığı 3 dəfə artırmaq üçün imkanlar var. Bu baxımdan rəqəmsal texnologiyaların tətbiqi mühüm rol oynaya bilər. Xüsusilə ət və süd məhsullarının istehsalında potensial daha böyükdür”. Dünya Bankının rəsmisi Azərbaycanda kənd təsərrüfatı üzrə ixrac potensialının dəyərini də açıqlayıb və bu rəqəmin 1,1 mlrd. ABŞ dolları olduğunu deyib. Onun sözlərinə görə, aqrar sektor ixracın 77%-ni Rusiya istiqamətində həyata keçirir və bu, zəif cəhətdir: “Yeni bazarlar barədə düşünmək lazımdır”.
Xarici ekspertin fikirləri real vəziyyəti dəyərləndirmək və perspektivləri görmək baxımından əhəmiyyət kəsb edir. Belə ki, bədbinliyə heç bir əsas yoxdur. Hökumət və yerli istehsalçılar problemin əhatə dairəsini və aradan qaldırılma yollarının bilir və bu istiqamətdə məqsədyönlü fəaliyyət göstərir. Məsələ burasındadır ki, bir çox xarici ekspertlər Culian Lampiettinin fikirlərini bölüşdürür. Bəli, etiraf etməliyik ki, Azərbaycanın aqrar sektoru beynəlxalq standartlardan geri qalır və məhsuldarlığına görə müasir səviyyəyə cavab vermir. Lakin onda məntiqi sual doğur: nədən avropalılar Azərbaycan məhsullarının Avropaya göndərilməsində maraqlıdırlar? Cavab aydındır: ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsulları ekoloji keyfiyyət göstəricilərinə görə istehlakçılar tərəfindən yüksək qiymətləndirilir. Düzdür, məhsuldarlıq hələlik aşağıdır, daxili və xarici bazarların tələbatını tam ödəmək mümkün deyil. Lakin azərbaycanlı sahibkarlar məhsuldarlıq naminə kimyəvi gübrələrin tətbiqini artırmaqla məhsuldarlığa nail olmağı məqbul saymırlar. Çünki, "Azərbaycan brendi”nin xarici bazarlarda sürətlə yığdığı reytinq göstəricilərini aşağı salmaq olmaz. 
Ötən ilin sonlarında Bakıda keçirilən Kənd Təsərrüfatı Konqresində çıxışı zamanı beynəlxalq ekspert Tatyana Geltman deyib: “Azərbaycan Avropaya xurma ixrac edən ölkələrin siyahısına liderlik etməyi bacarıb. Bundan başqa, Azərbaycan Şərqi Avropaya nar ixrac edən ölkələrin siyahısında da öncül yerləri tutur. Bütün bunlara baxmayaraq, hazırda Azərbaycanda meyvə-tərəvəz bazarının inkişafını əngəlləyən bir sıra problemlər var”. Onun sözlərinə görə, Azərbaycan meyvə-tərəvəz bazarının inkişaf etdirilməsi üçün bir sıra üstünlüklərə malikdir ki, bunlardan biri də əlverişli coğrafi mövqeyidir: “Bu, azərbaycanlı fermerlərə ildə bir neçə dəfə məhsul yığmağa və satış sezonunun uzadılmasına imkan verir”. Ekspert bildirib ki, son illər yerli bazar iştirakçıları aktiv şəkildə logistika infrastrukturuna investisiya yatırır: “Buna baxmayaraq, infrastruktur və istehsal texnologiyası olduqca aşağı səviyyədədir.Bu səbəbdən meyvə-tərəvəz məhsuldarlığı başqa ölkələrə nisbətən 30-50% aşağıdır”.
Bu fikirlərlə razılaşmamaq olmaz.  Məsələn, İsraildə ölkə üzrə cəmi 200 hektarda nar yetişdirilir. Amma bu sahədən 60 min ton məhsul toplanır. Azərbaycanda isə başda Göyçay rayonu olmaqla Sabirabad, Kürdəmir, Ağsu, Ucar, Hacıqabul, Zərdab və Ağdaş rayonlarında bir neçə min hektarda nar bağları var. Təkcə Göyçayda 3000 hektarlıq bağdan ildə 40-50 min ton məhsul toplanır. Lakin bu tələbatı ödəmir və yeni nar bağları salınır. Ancaq məhsul yüksək keyfiyyətli olsa da məhsuldarlıq aşağıdır. Buna baxmayaraq, nar və ondan hazırlanan “Azərbaycan brendi” adı altında məhsullar dünyanın 26 ölkəsinə göndərilir. Bu sırada Avropa ölkələri də var. Bundan başqa İtaliya və İsveçrədə Azərbaycanın fındıq məhsuluna böyük tələbat yaranıb və müqavilələr əsasında həmin ölkələrə yeyinti sənayesi üçün qiymətli xammal sayılan bu meyvədən hər il tonlarla göndərilir. İndi ABŞ-ın, Kanadanın və Avstraliyanın bazarlarında da Azərbaycanın nar məhsullarına rast gəlinir.
İldən-ilə Azərbaycanın ixrac məhsullarının çeşidi, miqdarı və coğrafiyası genişlənir. Məhsullarımız Avropa bazarlarını da fəth edir. Çünki, hökumət və sahibkarlar bu istiqamətdə əlbir və səmərəli işlər görür. 
N.NOVRUZ

Sizin Reklam Yeriniz