Əlaqə Arxiv
news Image
2018.07.17
09:00
| A A A
Avtomobil bazarında süni bahalaşma
Rəşad Əliyev: “Bu, bazarda sırf texniki faktorların nəticəsində yaranan prosesdir” Elnur Əsədov: “Hazırda avtomobil bazarında müşahidə edilən qiymət artımı sünidir”

Araşdırmalar göstərir ki, avtomobil bazarında yenidən qiymətlərdə artım var. Halbuki, bazarda buna gətirib çıxaracaq ciddi dəyişiklik, yaxud əsaslı səbəb yoxdur. Mütəxəssislərin fikrincə, hazrıki qiymət artımı sünidir. Yəni, bir müddət sonra qiymətlərdə enmələr qaçılmazdır. 

Bununla yanaşı, yerli istehsalın da avtomobil bazarına təsiri istisna edilmir. Yerli istehsal ümumi bazarda qiymətlərin enməsini şərtləndirən amilə çevrilə bilər. Bunun üçün ilk növbədə istehlakçılar istehsalçının etibarını qazanmalıdır. “Value and Sources” konsaltinq şirkətinin sədri Rəşad Əliyev bildirir ki, yay aylarında adətən avtomobil bazarında canlanma müşahidə edilir: “Nəzərə alaq ki, bu il Azərbaycana avtomobil idxalı da artıb. Avtomobil idxalının artımını tələbatın artımı ilə əlaqələndirmək olar. Ancaq tələbatın artımı üçün də fundamental faktorlar yoxdur. Bu, bazarda sırf texniki faktorların nəticəsində yaranan prosesdir”. 
Rəşad Əliyev əlavə etdi ki, Azərbaycanda “Xəzər” Avtomobil Zavodu fəaliyyətə başlayıb: “Amma yerli istehsalın avtomobil bazarına təsir etməsi üçün bir müddət vaxt lazımdır. Çünki insanlar avtomobil alarkən, araşdırma aparırlar ki, bu da vaxt aparır. Yəni, istehsalçının alıcıların etibarını qazanması üçün müəyyən müddət lazım gəlir. Buna görə də yerli istehsalın ilkin dövrlərdə bazara təsiri məhdud olacaq. Həmin avtomobillərə etibar yaranandan sonra tələbatın da artımı yaşanarsa, yerli maşınların bazara təsiri mümkündür. Həm də nəzərə alaq ki, yerli avtomobilllər əsasən ekonom sinifə aiddir”. 
"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin icraçı direktoru Elnur Əsədov bildirdi ki, hazırda avtomobil bazarında müşahidə edilən qiymət artımı sünidir: “Çünki bu gün maşın bazarında canlanma yox səviyyəsindədir.  Təşkilatımız bir neçə aydır avtomobil bazarının monitorinqini aparır. Belə ki, əvvəlki illərlə müqayisədə maşın bazarında avtomobil satışı kəskin azalıb. 
Hazırda satışa çıxarılan çox az maşın var. Sadəcə, hansısa bir şəxs öz avtomobilini süni olaraq baha qiymətə satmağa çalışır. Digəri ilə də ona baxıb qiyməti artırır. Proses yalnız bu cürdür. Yəni, qiyməti artıracaq digər amil yoxdur. Ancaq əvvəlki illərlə müqayisədə maşın bazarına axın çox azdır”. 
Elnur Əsədovun fikrincə, yerli avtomobil istehsalı bazara ilk mərhələdə ciddi təsir göstərməyəcək: “Çünki yerli avtomobillər qiymət baxımından bir qədər bahadır. Həmin avtomobilləri ilk olaraq daha çox dövlət müəssisələri alacaq”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz