Əlaqə Arxiv
news Image
2018.08.14
09:15
| A A A
Azərbaycanı daha sürətli iqtisadi artım gözləyir
Natiq Cəfərli: “Qeyri-neft sektorunda atılan addımlar da effekt veməyə başlayıb” Vüqar Bayramov: “Moody’s” agentliyinin proqnozu tam iqtisadi təhlillərə uyğun hazırlanıb”

“Moody’s” beynəlxalq reytinq agentliyi 2019-cu ildə Azərbaycanda iqtisadi artım templərinin sürətlənəcəyini gözləyir. Agentliyin analitikləri 2018-ci ildə Azərbaycan iqtisadiyyatının artımının 1,5 faiz, 2019-cu ildə 3 faiz təşkil edəcəyini proqnozlaşdırır. İqtisadçılar bildirirlər ki, bu artımı şərtləndirən səbəblər var. Həm neftin qiymətinin yüksək olması, həm də qeyri-neft ixracının artımı buna şərait yaradıb.

İqtisadçı-ekspert Natiq Cəfərli bildirir: “Atılan bir sıra addımların nəticəsində 2017-ci ilin yarısından başlayaraq, Azərbaycan iqtisadiyyatında sabitlik yarandı. İlin sonunda isə ÜDM-də 1 faiz artım qeydə alındı. Cari il də bu temp davam edir. "Moody’s” agentliyinin hesablamasına görə, 2018-ci ildə Azərbaycanda ÜDM-in artım tempi 1.5 faiz olacaq. Gələn il isə bundan iki dəfə artıq olması gözlənilir. Bunun da bir neçə səbəbi var.

Birinci səbəb neftin qiymətidir. Nəzərə alaq ki, Azərbaycan iqtisadiyyatında hələ neftin payı çoxdur. Neftin qiymətinin artması ölkə gəlirlərini artırıb.  Gəlirlərin artması isə ÜDM-n göstəricilərinə müsbət təsir göstərdi. Bundan başqa, qeyri-neft sektorunda atılan addımlar da effekt veməyə başlayıb. Qeyri-neft ixracatı bu ilin ilk yarısında 20 faizə yaxın artıb. İlin sonuna qədər təqribən 25 faiz artması gözlənilir. Gələn il isə bu ilə nisbətən 30 faiz artması hədəf qoyulub. Həm də növbəti il bir neçə iri layihələr həyata keçiriləcək. Bu, TANAP layihəsinin tam işə düşməsidir. 2019-cu ildə TANAP layihəsi ilə Türkiyəyə 6 milyard kubmetr qaz satışı həyata keçiriləcək. Bu da ÜDM-in göstəricilərinə müsbət təsir göstərəcək.

Bundan əlavə həm Şərq-Qərb, həm də Cənub-Şimal nəqliyyat dəhlizlərinin işə düşməsi gözlənilir. Bunlar da makroiqtisadi göstəricilərə müsbət təsir edəcək. Ancaq "Moody’s” agentliyinin açıqlamasında da qeyd olunmuşdu ki, neft qiymətlərinin gələcəkdə hansı səviyyədə olması da ÜDM-ə təsir edən amildir”.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov da "Moody’s” agentliyinin proqnozunun tam iqtisadi təhlillərə uyğun hazırlandığını bildirdi: “Nəzərə alaq ki, agentlik dövlət və özəl qurumlarla əməkdaşlıq edir. Hesbatı onların iqtisadi göstəricilərinə əsaslanaraq, hazırlayıb.

Hesabatda göstərilir ki, əlverişli xarici mühit - 2017-ci ildə dünya bazarında neftin qiymətinin orta hesabla 54 dollar olması, milli valyutanın sabitliyi həmçinin inflyasiyanın azalması Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərib. Hesabata həmçinin qeyd edilir ki, iqtisadiyyatda artım tempi yalnız neftin qiymətinin yüksək olması ilə əlaqədar deyil. Yəni, qeyri-neft məhsullarının ixracı da önəmli rol oynayıb”.

Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz