Əlaqə Arxiv
news Image
2018.08.14
09:45
| A A A
Aqrar sektorun ödənilməyən sığorta ehtiyacı
Xəyal Məmmədxanlı: «Ən böyük problem kənd təsərrüfatı sahəsində çalışan fermerlərin aqrar sığorta növündən xəbərsiz olmasıdır»

Havaların yağışlı keçməsi, çaylarda sululuğun artması nəticəsində baş verən daşqınlar kənd təsərrüfatına təsirsiz ötüşmür. Fərdi təsərrüfatların su altında qalması, təsərrüfatlarda, mal-qara arasında yayılan xəstəliklər fermerləri narahat edən əsas məsələlərdəndir. Təbiətin bu şıltaqlıqları isə diqqəti aqrar sektorda sığorta məsələsinə yönəldir.

Sığorta eksperti Xəyal Məmmədxanlı deyir ki, kənd təsərrüfatı sektorunda sığorta məsələsi unudulan sığorta növlərindəndir: «Əslində Sovet dövründə isə ən geniş yayılmış sığorta növü kənd təsərrüfatı risklərindən sığorta idi. Amma Sovetlər Birliyi dağıldıqdan sonra bu sığorta növü bir növ unuduldu. Artıq yenidən kənd təsərrüfatı risklərindən sığortalarda canlanma hiss olunur. Məsələn, bu ilin 6 ayı ilə ötən ilin 6 ayını müqayisə etdikdə kənd təsərrüfatları risklərindən sığortaların həcmində artım nəzərə çarpır. Bu sevindirici hal olsa da, problemlər qalmaqda davam edir”.

X. Məmmədxanlı deyir ki, ən böyük problem kənd təsərrüfatı sahəsində çalışan fermerlərin aqrar sığorta növündən xəbərsiz olmasıdır: «Sığorta şirkətlərinin günahı isə ondadır ki, heç bir sığorta əməkdaşı kəndlinin çəkməsini geyinib tövləyə, tarlaya girmək istəmir. Hamı rahat qazanc arxasınca qaçır, heç kəs aqrar sığorta ilə bağlı fermerləri məlumatlandırmır. Fermerlərin də başı kombayn, gübrə, əkin-biçin işlərinə qarışdığından aqrar sığorta barədə düşünməyə imkan qalmır. Aqrar sığorta o vaxt yada düşür ki, artıq fermerə ciddi maddi ziyan dəyir. Məlumdur ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı neftdən sonra ölkə iqtisadiyyatının əsas prioritetlərindən biri elan edilib. Hal-hazırda da taxılçılıq, pambıqçılıq, üzümçülüyün inkişafı ilə bağlı ciddi işlər aparılır. Bu da risklərdən sığorta məsələsini gündəmə gətirir.  Ona görə də bu sahədə işlər kompleks aparılmalıdır. Hazırda bu sahəni risklərdən qoruyan yeni qanunun qəbuluna ehtiyac var. Bildiyim qədər, belə bir qanunun payızda Milli Məclisdə müzakirəsi nəzərdə tutulur”.

X. Məmmədxanlının sözlərinə görə, fermerlərə daha ucuz kreditlər verməklə onları aqrar sığortaya həvəsləndirmək lazımdır: “Bu gün nəzərə almaq lazımdır ki, sığorta şirkətlərinin özündə də aqrar sahəni bilən sığorta ekspertləri azdır. Bir-iki aqrar sektordan başı çıxan yaşlı sığorta eksperti var ki, bu da tələbatı ödəmir. Ona görə də, bu sahədə kadrların hazırlanmasına da ehtiyac var”.

Sığorta eksperti sığorta şirkətlərinin fermerlərdən də böyük gözləntlərinin olduğunu, bunun da aqrar sığortanın inkişafına maneə olduğunu söyləyir: “Sığorta şirkətləri gözləyir ki, bizim fermerlərin səviyyəsi Yeni Zelandiyanın, Avstraliyanın fermerlərinin səviyyəsinə yüksəlsin ki, onlar aqrar sektorda sığortalara başlasınlar. Amma bu səviyyə çatınca fermerlərə də dəstək lazımdır.  Qeyd edim ki, sığorta risk idarəetmə sistemidir. Ona görə də, bu münasibətlər qarşılıqlı olmalıdır. Sığorta şirkəti maldarlıqla bağlı sığorta təklifi gəldikdə öncə fermerin heyvanları saxlama şəraitinə, onları vaxtlı-vaxtında baytar müayinəsindən keçirdib-keçirtmədiyinə, xəstəliklərə qarşı peyvəndlənmə aparılması məsələsinə diqqət yetirir. Fermer bunları edirsə, sığorta şirkəti sığortadan imtina etmir. Amma sığorta şirkəti fermerin heyvanları açıq şəraitdə, təhlükəli vəziyyətdə, eləcə də baytar nəzarətindən kənar saxladığını görürsə, təbii ki, sığortadan imtina edir. Bu, kənd təsərrüfatının digər sahələri ilə də bağlıdır. Sığorta şirkətləri meyvə, bostan sahələrini sığortaladıqda da əkin sahəsində suvarmaya, aqrotexniki qulluğa diqqət yetirirlər. Əgər görsələr ki, əkin sahəsi sulanmırsa, vaxtında gübrəsi verilmirsə, təbii ki, bu riskin altına girməkdən imtina edir. Ona görə də, fermerlər öz təsərrüfatlarına qulluqda bu məsələləri nəzərə almalıdırlar”.

Kənd Təsərrüfatı Nazirliyindən isə son vaxtlar aqrar sığortanın tətbiqi istiqamətində işlər görüldüyünü söylədilər. Nazirlikdən bildirdilər ki, bu gün ölkədə aqrar sığorta mexanizminin tələblərə cavab verməməsi kənd təsərrüfatının inkişafına əsas maneədir: «Sığortalanmayan fermer təsərrüfatını genişləndirməyə, kredit götürməyə risk etmir. Rəqəmlərə diqqət etdikdə görərik ki, 2015-ci ildə əmlak sığortasına görə cəmi haqlarda bitkilər və heyvanlarının sığortasının payı 1,3 faizə bərabər olub ki, bu da əsasən “Aqrolizinq” ASC və bir neçə iri şirkətin payına düşüb. Hər il dövlət büdcəsindən kənd təsərrüfatının sığortalanmasına 1 mln. manat vəsait ayrılır. 2017-ci ildə yalnız 4 sığorta şirkəti kənd təsərrüfatı sığortası sahəsində müəyyən xidmətlər göstərib və bu vəsaitdən cəmi 15 min manat xərclənib. Ötən il kənd təsərrüfatı sığortası üzrə yığımlar 4.3 mln. manat təşkil edib. Ən təkmil aqrar sığorta modeli bu gün Avropanın ispan modeli üzərində hazırlanmış Türkiyənin TARSİM modelidir. Bu model həm sığorta şirkətlərinin maraqlarına cavab verir, həm dövlətdə aqrar sahənin inkişafına şərait yaradır, həm də sığorta qiymətlərinin ucuzluğu ilə fermerlər üçün əlçatandır. Yeni sığorta mexanizminin hazırlanması ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatası ilə sıx əməkdaşlıq edirik. İlkin qanun layihəsi hazırlanaraq, rəy üçün Nazirlər Kabinetinə təqdim edilib. Ümid edirik ki, yaxın vaxtlarda hökumət müsbət rəyini verərək, qanun layihəsinin Milli Məclisin payız sessiyasında müzakirəsinə imkan yaradacaq».

Zülfiyyə QULUYEA 

 

Sizin Reklam Yeriniz