Əlaqə Arxiv
news Image
2018.08.21
09:30
| A A A
Dünyanın iqtisadi nəhəngi Azərbaycanla xüsusi əməkdaşlığa başlayır
Fikrət Yusifov: “Azərbaycanın Çin üçün strateji əhəmiyyəti böyükdür, bu baxımdan da Pekinin Bakıya marağı artır” Aydın Mirzəzadə: “Bu, Azərbaycanın dünyada durmadan artan siyasi və iqtisadi nüfuzu ilə bağlıdır”

Çinin Azərbaycandakı səfiri Vey Tszinhua bu günlərdə mətbuata açıqlamasında deyib ki, Pekin üçüncü ölkələrdə Azərbaycanla birgə müəssisələrin yaradılması imkanlarını dəstəkləyir.

Qeyd edək ki, 2015-ci ildən başlayaraq Çin hökuməti “üçüncü ölkə bazarlarında beynəlxalq əməkdaşlıq” modelini işə salıb. Səfirin açıqlamasına görə, həmin model Çinin istehsalat gücünü, inkişaf etmiş ölkələrin qabaqcıl texnologiyaları və inkişaf etməkdə olan ölkələrin tələbatını səmərəli şəkildə əlaqələndirir.

Onu da vurğulayaq ki, Pekinlə Bakı arasında qarşılıqlı səmərəli əməkdaşlıq var və bu əməkdaşlıq böyük potensiala malikdir. İki ölkə arasında ticarətin həcmi ötən il rekord səviyyəyə çatıb. Cari ilin birinci yarısında Çin Azərbaycanın yeddi əsas ticarət tərəfdaşından birinə çevrilməyi bacarıb. Ölkələrimiz arasında əməkdaşlıq əsasən nəqliyyat, kommunikasiya, kənd təsərrüfatı, tikinti materialları istehsalı, maşınqayırma, yüngül sənaye kimi sahələri əhatə edir. Başqa bir tərəfdən, hazırda 20-dən çox Çin müəssisəsi Azərbaycanda neft-qaz, tikinti, aviasiya, logistika və digər sahələrdə sahibkarlıq fəaliyyətilə məşğuldur.

Beləliklə, Çin səfirinin açıqlamasından göründüyü kimi, Pekin üçüncü ölkə bazarlarında beynəlxalq əməkdaşlığa ciddi yanaşır ki, bu prosesdə də Azərbaycanla birgə müəssisələrin yaradılmasına xüsusi önəm verir.

İqtisad elmləri dokroru, professor, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov bildirdi ki, Çinin Azərbaycanla birlikdə üçüncü ölkələrdə birgə müəssisələr yaratmaq istəyi ölkəmizin iqtisadi-diplomatik uğuru kimi dəyərləndirilməlidir:  “İki ölkə arasında normal münasibətlər varsa, onların qarşılıqlı əməkdaşlığının istənilən forması mümkündür. Azərbaycan ərazi, əhli, iqtisadiyyat, maliyyə imkanları və digər baxımından Çinlə müqaisəediləcək dərəcədə böyük olmasa da, şərqlə qərbi birləşdirən ən uğurlu qapı hesab edildiyindən Çin üçün həmişə maraqlı bir ölkədir. Bir sözlə, Azərbaycanın Çin üçün strateji əhəmiyyəti böyükdür.

Çin bu gün ixrac məhsullarını su yolu ilə okeanlar və dənizlər vasitəsilə Avropaya 40-45 gün ərzində çatdıra bilir. Bu yüklərin bir qisminin Azərbaycan üzərindən keçən qədim orta ipək yolu vasitəsilə qərbə çatdırılması vaxta 3 dəfəyə qədər qənaət etməyə imkan yaradır. Biznesin uğuru isə ilk növbədə kapitalın dövriyyəsinin sürətləndirilməsindən asılıdır. Yəni istehsalçı öz məhsulunu alıcıya nə qədər tez çatdırarsa, onun kapitalının dövriyyəsi də bir o qədər sürətlənmiş olar. Kapitalın dövriyyəsi nə qədər sürətli olarsa o sahibinə daha çox mənfəət gətirər. Buna görə daşımaların sürətlə başa çatdırılması həmişə böyük maraq kəsb edir. Bu baxımdan Çinin də Azərbaycana marağı böyükdür.

Azərbaycanla birlikdə üçüncü ölkələrdə birgə müəssisələr yaratmaq istəyi də iki ölkə arasında münasibətlərin daha da yaxınlaşdırılması məqsədini güdür. XXI əsrin hegemon dövləti olacaq Çinlə ölkəmizin belə əlaqələr qurması və bu təşəbbüsün Çin tərəfindən gəlməsi tədqirə layiq bir hal kimi qiymətləndirilməlidir”.

Milli Məclisin deputatı Aydın Mirzəzadənin fikrincə, Çin hazırda Azərbaycanın timsalında qüdrətlənən iqtisadi gücü görür və ona görə də ölkəmizlə bütün sahələrdə, o cümlədən üçüncü ölkələrdə birgə müəssisələrin yaradılması istiqamətində  əməkdaşlığa can atır: “Çin hazırda dünyanın ikinci aparıcı iqtisadi gücüdür. Proqnozlara görə qısa zaamandan sonra Çin daha da irəli gedərək aparıcı iqtisadi gücə malik dövlətə çevriləcək. Çün hazırda dünyanın müxtəlif regionlarına, əsasən də, yoxsul ölkələrə investisiya qoymaq praktikası çox geniş yayılıb.  Azərbaycana da Çin müəyyən qədər investisiya yatırıb. Amma Azərbaycan bu gün öz resurslarına söykənərək həm neft, həm də qeyri-neft sektorunu inkişaf etdirməkdə böyük uğurlar qazanıb. Çin sadəcə olaraq bu gün Azərbaycanın timsalında ərazi, əhali baxımından kiçik olsa da, qüdrətlənən və güclənən iqtisadi gücü görür. Azərbaycanın İslam dünyasının tərkib hissəsi və Yaxın Şərqin mərkəzində yerləşməsi onun imkzanlarını daha da artırır. Bu baxımdan da Çin Azərbaycanla birlikdə xarici ölkələrdə birgə investisiyanın hər iki ölkə üçün uğurlu olacağı qənaətindədir. Bu da bir tərəfdən, Azərbaycanın dünyada durmadan artan siyasi və iqtisadi nüfuzu ilə bağlıdır. Azərbaycanla bağlı olan, onunla dostluq edən ölkələrin sayı durmadan artır. İkincisi, hər bir ölkənin maraqlı və diqqəti cəlb edən iqtisadi fəaliyyət təcrübəsi vardır. Azərbaycanın da bu istiqamətdə əldə etdiyi təcrübələr Çinin marağına səbəb olur.

Çinin iqtisadi potensialı, yüksək nüfuzu ilə Azərbaycan təcrübəsi və geosiyasi imkanlarını və ölkəmizin etibarlı tərəfdaş olduğunu nəzərə alaraq birgə fəaliyyət həyata keçirilə bilər. Bu ölkəmizin də maraqlarına cavab verir. Həmin əməkdaşlıq təkcə üçüncü ölkələrdə deyil, eyni zamanda, Azərbaycan tərəfdən Çinə və əksinə istiqamətdə də belə investisiyalar həyata keçirilə bilər. İstənilən halda Çin səfirinin həmin fikri Pekin hakimiyyət dairələrinin fikridir və bu bir qayda olaraq Azərbaycana verilən yüksək fikirlərin növbətisi kimi qiymətləndirilə bilər”.

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz