Əlaqə Arxiv
news Image
2018.08.22
09:30
| A A A
Bakı-Tiflis-Qars Orta Asiyanın yeni ümid qapısına çevrilir
Vüqar Bayramov: “Aşqabadın Bakı-Tiflis-Qarsdan istifadə etməsilə Azərbaycanın sözügedən layihədən əldə etdiyi gəlirləri daha da artacaq”

Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu layihəsi uzadıla bilər. Bu barədə Türkiyənin Türkmənistandakı səfiri Mustafa Kapucu bildirib.

Diplomatın sözlərinə görə, müvafiq layihələr artıq Türkiyə tərəfindən hazırlanıb. Səfir qeyd edib ki, Türkmənistan bu marşurutu enerji resurslarını dünya bazarlarına çıxarmaq üçün istifadə edə bilər: "Bakı-Tiflis-Qars layihəsini uzatmaq planlarımız var. Bu marşrut həm Türkiyə, həm də Türkmənistan üçün strateji əhəmiyyətə malikdir. Aşqabad neft və qaz ixrac edir və onlar gəlirlərini artırmaq istəyirlər". Türkmənistanın öz enerji məhsullarını Bakı-Tiflis-Qars dəmir yolu ilə daşıması mümkündürmü və belə vəziyyət tranzit ölkə olaraq Azərbaycan üçün hansı dividendlər vəd edir?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirdi ki, Aşqabadın öz enerji resurslarını Bakı-Tiflis-Qars dəmir yolundan istifadə etməklə daşıması mümkündür və belə bir addımın atılması Azərbaycanın iqtisadi maraqlarına cavab verir: “Bakı-Tiflis-Qars dəmir yolu xəttindən Orta Asiya ölkələrinin istifadə etməsi, sözügedən kəmərdən faydalanması əsas hədəflərdən biridir. Nəticə etibarı ilə Orta Asiya ölkələrinin Bakı-Tiflis-Qars dəmir yolundan istifadə etməsi həm də bu xəttin rentabelliyinin artırılması baxımından çox vacibdir. Bu kontekstdə təbii ki, Türkmənistan sözügedən dəmir yolu xəttində iştirak edə və faydalana biləcək ölkələrdəndir. Xüsusən də Xəzər su hövzəsinin statusu müəyyənləşdikdən sonra Aşqabad, eləcə də digər  Orta Asiya respublikalarının Bakı-Tiflis-Qars dəmir yolundan istifadə imkanları daha da genişlənib. Güman olunur ki, xüsusən də Xəzərin hüquqi statusu müəyyənləşdiyi üçün Türkmənistanın enerji, hətta qeyri-enerji məhsulları birbaşa Bakı-Tiflis-Qars vasitəsilə geniş bazarlara çıxarıla bilər. Burada əhəmiyyətli məqamlardan biri enerji məhsullarının çıxarılması ilə bağlıdır. İndiki halda enerji məhsullarının çıxarılması və indiki məqamda Xəzər dənizindən daşındıqdan sonra dəmir yolu kəmərinə qoşulması ilə bağlı işlərin genişləndirilməsinə ehtiyac vardır. Nəzərə alsaq ki, Türkmənistan və Azərbaycan eyni terminaldan istifadə edir, bu mənada Aşqabadın Bakı-Tiflis-Qars dəmir yolu xəttindən daha asan istifadə etməsinə imkan yarana bilər. Bu isə Türkmənistanın sözügedən kəmərdən istifadə etmək imkanlarını xeyli asanlaşdırır. Azərbaycan üçün Türkmənistanın sözügedən dəmir yolu xəttindən istifadə etməsi çox vacibdir.

Çünki nəticə etibarı ilə bu vəziyyət Azərbaycana tranzit ölkə olaraq gəlir əldə etməyə imkan yaradacaq. Bu da rentabellik baxımından Azərbaycan üçün iki mənada əhəmiyyətlidir. Birincisi, Azərbaycan bununla tranzit ölkə olaraq gəlir əldə etmək şansı qazanacaq. Ölkəmiz üzərindən nə qədər çox yük daşınarsa, nəticədə Azərbaycanın tranzit ölkə olaraq o qədər çox gəlir götürmək imkanları olacaq. Bu isə dövlət gəlirlərinin artması baxımından vacibdir. Ona görə də həmin məsələnin həllini Azərbaycan üçün qeyri-neft sektorunda əsas gəlir mənbələrindən biri kimi dəyərləndirmək olar. Beynəlxalq yükdaşımaların artırılması ilə bağlı islahatların da aparıldığını nəzərə alsaq, sözsüz ki, bu ölkəmizin beynəlxalq yükdaşımalardan gəlirinin çoxalmasına gətirib çıxaracaq. Türkmənistanın həmin dəmir yoluna qoşulması ilə Bakı-Tiflis-Qarsın rentabelliyi də artacaq.

Qeyd edək ki, bu layihə məhz Azərbaycanın təşəbbüsü ilə reallaşıb. Layihənin reallaşması üçün hətta Gürcüstana kredit də vermişik. O baxımdan Türkmənistanın da öz məhsullarının həmin dəmir yolundan istifadə etməklə daşıması Azərbaycan üçün həm də Bakı-Tiflis-Qarsın rentabelliyinin gücləndirilməsi mənasında olduqca vacibdir. Belədə görürük ki, sözügedən addımın atılması Azərbaycanın iqtisadi maraqlarına uyğundur. Rentabelliyin artması ilə isə dəmir yolu xəttinin xərclərinin daha qısa zamanda ödənilməsinə şərait yaradacaq. Nəticədə də Azərbaycan bu layihədən ən qısa zamanda dividentlər götürəcək. Ona görə də Türkmənistanın sözügedən kəmərə qoşulması birmənalı şəkildə Azərbaycanın maraqlarına uyğundur. Azərbaycan onun vasitəsilə sözügedən layihədən əldə etdiyi gəlirləri daha da artıracaq”.

Rüfət NADİROĞLU  

 

Sizin Reklam Yeriniz