news Image
2018.09.07
09:00
| A A A
İqtisadiyyat Azərbaycan-Rusiya münasibətlərində mühüm aspektə çevrilir
Fikrət Yusifov: “Azərbaycanda ixrac üçün istehsal olunan məhsullar Rusiya bazarlarında on illər boyu özünəməxsus yer tutub” İlqar Vəlizadə: “Rusiya və Azərbaycan regionda ən nəhəng iqtisadiyyatlara malik olan ölkələrdir”

Proseslər göstərir ki, iqtisadiyyat Azərbaycan-Rusiya münasibətlərində mühüm aspektə çevrilir. Mütəxəssislərin sözlərinə görə, bunu şərtləndirən obyektiv səbəblər çoxdur. Bu hal isə Azərbaycanın regionda daha hansı üstün mövqe tutmasında mühüm rol oynayır. 

Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, professor Fikrət Yusifov bildirir ki, qonşu ölkə ilə iqtisadi sahədəki əməkdaşlığımız son illər özünün ən yüksək səviyyəsinə yüksələ bilib: “İki ölkə arasındakı ticarət dövriyyəsi ötən il 2,5 milyard dollardan çox olub. Bu da bizim xarici ticarət dövriyyəmizin əhəmiyyətli bir hissəsini təşkil edir. Bu gün Rusiya bazarı Azərbaycanın ixrac məhsulları üçün ən münasib bazarlardan biridir. 
Eyni zamanda, Rusiya məhsullarının idxalı da ümumi idxalımızda böyük xüsusi çəkiyə malikdir. Son illər Rusiya Azərbaycanla iqtisadi əlaqələri genişləndirməkdə çox maraqlıdır. Azərbaycanda ixrac üçün istehsal olunan məhsullar Rusiya bazarlarında on illər boyu özünəməxsus yer tutub və bu məhsullar digər ölkələrdən gətirilən eyniadlı məhsullardan daha keyfiyyətlidir. Ən əsas olan budur ki, rus adamını Azərbaycan məhsullarının keyfiyyətli olmasına inandırmağa çalışmaq lazım deyil. O, bunu yaxşı bilir. 
Azərbaycan hökumətinin qeyri-neft sektorunu və onun aparıcı sahəsi olan kənd təsərrüfatını sürətlə inkişaf etdirmək, müasir və daha məhsuldar texnologiyalar tətbiq etmək yolu ilə istehsalın həcmini dəfələrlə artırmaq istiqamətində atdığı addımlar ixrac potensialımızı kifayət qədər genişləndirir. Bu məhsulların reallaşdırılması üçün isə Rusiya bazarı ən münbit bazardır. Çünki, Rusiya bazarının hüdudları çox genişdir, bizim məhsullara olan təlabat isə hədsizdir. Belə bir dönəmdə qonşu ölkə ilə iqtisadi əlaqələrin genişləndirilməsi olduqca vacibdir. Digər tərəfdən Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar fonunda bizim dost ölkəyə ixracı artırmaqla verəcəyimiz dəstəyin də xüsusi önəmi var”.
Politoloq İlqar Vəlizadə bildirdi ki, bu başdüşüləndir: “Çünki hər iki ölkə əsasən də infrastruktur sahəsində irimiqyaslı layihələrin reallaşması ilə məşğuldur. Burada xüsusən «Şimal-Cənub» Dəhlizinin adını çəkmək lazımdır. Bu dəhliz inteqral layihə olduğu üçün yalnız logistik əsası ilə yanaşı digər paralel iqtisadi məsələləri də ortalığa çıxardır. Yol boyu infrastrukturun yaradılması ola bilər ki, əlavə iqtisadi layihələr ərsəyə gətirsin. Hansı ki, son zamanlar azad iqtisadi zonalardan söhbət gedir. Həmin ərazilərdə də Azərbaycanın və Rusiyanın biznesi iştirak edə bilər. Həmçinin logistik mərkəzlərdə hər iki ölkənin iş adamlarının iştirakı mümkündür. 
Eyni zamanda nəzərə alaq ki, Rusiya və Azərbaycan regionda ən nəhəng iqtisadiyyatlara malik olan ölkələrdir. O baxımdan iqtisadiyyatların səmərəli şəkildə əlaqələndirilməsi vacibdir. Nəzərə alaq ki, Rusiya kəskin sanksiyalar altındadır. Bu fonda Azərbaycn inkişaf etmiş bazarlardan biri kimi çox əlverişlidir”.
Mübariz BAYRAMOV