Əlaqə Arxiv
news Image
2018.09.15
08:00
| A A A
ABŞ iqtisadiyyatı zəifləyəcək, dollar sürətlə dəyər itirəcək
Samir Əliyev: “Bir neçə ildir bu məsələ müzakirə olunur, dollara alternativ valyuta axtarılır” Vüqar Bayramov: “Avropa sistemi şəkildə avronun möhkəmlənməsi siyasətini davam etdirərsə, qlobal yığımlarda dolların dominantlığının azalmasını müşahidə edə bilərik”

ABŞ dollarının məzənnəsi istiqamətində proqnozlar səngimək bilmir. Məsələn, “Bridgewater Associates” şirkətinin qurucusu Ray Dailo “Bloomberg”ə açıqlamasında bildirib ki, iki il içində ABŞ iqtisadiyyatı zəifləyəcək, dollar sürətlə dəyər itirəcək. Onun sözlərinə görə, iki il ərzində dollar böhranı baş verəcək: “Daha çox siyasi və sosial böhran olacağını düşünürəm. ABŞ dolları ən az 30 faiz dəyər itirəcək”.

Qeyd edək ki, xüsusən Donald Tramp hakimiyyətindən sonra ABŞ dünya ölkələrinin bir çoxu ilə aqressiv iqtisadi siyasət aparır. Bu fonunda Ray Dailonun proqnozu maraq doğurur. Düzdür, hələlik əksər iqtisadçı təhlilçilər bu proqnoza inandıcı yanaşmır, amma istisna da edilmir. 
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bildirir ki, dollar haqqında verilən bu proqnoz ilk deyil: “Bir neçə ildir bu məsələ müzakirə olunur, dollara alternativ valyuta axtarılır. Onlardan biri avro olub. Lakin sonrakı proseslər göstərdi ki, dollar mövqeyini saxlamaqdadır. Nəzərə alaq ki, dolların güclü olması heç də ABŞ-ın hərbi gücü ilə bağlı deyil. Bunun əsas səbəbi ABŞ iqtisadiyyatının dünyada bir nömrəli iqtisadiyyatı olmasıdır. Həmçinin qızıl ehtiyatına görə ABŞ dünyada ilk yerdədir. Hansı ki, qızıl ehtiyatı valyutanın dönərliliyində önəmli rol oynayır. Hərbi potensialın da burada rolu var. Bu baxımdan dolların cəlbediciliyi azaltmayacaq. Dünyanın valyuta ehtiyatlarında da təxminən 65-70 faizi dollardadır. Müəyyən dövr ərzində artır, müəyyən dövrdə azalır. Odur ki, dolların məzənnəsinin aşağı düşməsi real görünmür. Sadəcə, qismən ucuzlaşa bilər. Amma dolları ucuzlaşdırmaq istəyən dövlətlərin dünya ticarətində payı çox cüzidir. Bu gün dünyada ticarətin 63 faizi məhz dollarla həyata keçirilir. Bu arada “Moody” reytinq agentliyi də yaxın dövr ərzində dollar dominant rolunu saxlayacağını proqnozlaşdırıb. Yəni, hələ dolların “basdırılması” tezdir”.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirdi ki, ABŞ ilə bir sıra dövlətlər arasında aparılan ticarət müharibəsi kimi xarakterizə olunan danışıqlar qlobal iqtisadiyyata mənfi təsir göstərir: “Birmənalı şəkildə qlobal böhran risklərini artır. Hətta aparıcı beynəlxalq qurumlar da qlobal böhranın ola biləcəyini istisna etmirlər. ABŞ-ın ticarət müharibəsi yalnız Çin ilə deyil, həm də Kanada və Avropa Birliyi kimi strateji tərəfdarları ilədir. Odur ki, qlobal böhran ehtimalı yüksəkdir. Qlobal böhran baş verəcəyi halda isə aparıcı valyutaların məzənnəsinə birbaşa təsir göstərə bilər. 
Bununla yanaşı, Avropa İttifaqı avronun dominantlığını artırmağa çalışır. Xüsusən də Donald Trampın son addımlarına qarşı avronun güclənməsi istiqamətində Avropa İttifaqının aparıcı dövlətləri danışıqlara başlayıb. Bu da artıq avronun məzənnəsinə təsir göstərib, artımlar müşahidə edilməkdədir. Elə ABŞ-ın həyata keçirdiyi siyasət bu gün dolların özünə də təzyiq yarada bilər. Buna baxmayaraq, dolların kəskin ucuzlaşması ehtimalı azdır. Avropa Birliyi avronun beynəlxalq yığımlarda payının artırılması istiqamətində sistemli şəkildə fəaliyyət həyata keçirərsə, avronun güclənməsinə və qlobal rezervlərdə payının artmasına nail ola bilər. 
Düzdür, bir sıra hallarda Avropa İttifaqında avronun məzənnəsi ilə bağlı fərqli mövqelər meydana çıxır. Əgər fərqli mövqelər olarsa, yenidən dolların dominantlığını müşahidə edəcəyik. Nəzərə alaq ki, dünya rezervlərin 62 faizi dolların payına düşür. Avro ilə yığımlar isə 24 faizdir. Bu isə o deməkdir ki, növbəti illərdə də dollar dominantlığını qoruyub saxlayacaq. Amma Avropa sistemi şəkildə avronun möhkəmlənməsi siyasətini davam etdirərsə, qlobal yığımlarda dolların dominantlığının azalmasını müşahidə edə bilərik”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz