Əlaqə Arxiv
news Image
2018.09.15
09:30
| A A A
Dollar və avrodan ölkə daxilində istifadə azalacaq
Natiq Cəfərli: “Azərbaycanda manat stabil qaldıqca, avtomobil və daşınmaz əmlakda satışlar, icarə haqları milli valyuta ilə həyata keçiriləcək” Musa Quliyev: “Ölkədə bütün alqı-satqı əməliyyatlarının tədavülündə milli valyutaya üstünlük verilməsi daha yaxşı və daha güvənlidir”

Türkiyədə əmlakın satışı və kirayəsi üzrə bütün hesabları milli valyuta - lirə ilə aparılacaq. Müvafiq qərar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən türk lirəsinin devalvasiyadan qorunması siyasəti çərçivəsində qəbul edilib. 30 gün ərzində tam olaraq bu sistemə keçiləcək. Azərbaycanda da daşınmaz əmlak, avtomobil satışında analoji təcrübənin tətbiqi mümkündürmü? Bu baş verərsə manatın məzənnəsinə necə təsir edə bilər?

İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, manatın stabil qalması fonunda ölkəmizdə sözügedən istiqamətdə satış və icarə haqları onsuz da manatla həyata keçiriləcək: “Qardaş ölkədə ticarət obyektlərində hesabların məhz dollarla aparılması problemi var.Türkiyədə ticarət mərkəzlərinin əksəriyyətində icarə haqları dollar üzərindən təsbit olunur. Bu isə dolların türk lirəsinə nisbətdə məzənnəsinin kəskin artmasından sonra icarədarlar üçün ciddi problemlər yaradır. Həmin səbəbdən də Türkiyə hökuməti əmlakın satışı və kirayəsi üzrə hesabları lirə ilə aparmaq barədə qərara gəlib. Amma burada bir maraqlı məsələ ondan ibarətdir ki, Türkiyədə rəsmi məlumatlara görə, ticarət obyektlərinin təxminən 35 faizinin sahibi xarici vətəndaşlardır. Yəni, bu obyektləri kirayəyə verənlər arasında xarici vətəndaşlar da çoxdur. Bu mənada onlar kirayə haqqını lirə ilə alsalar da, sonradan onu mütləq valyutaya, dollar və yaxud avroya çevirməli olacaqlar. Çünki həmin vəsaitləri ölkədən çıxarmaq, yaxud da öz hesablarına yatırmalıdırlar. Belə vəziyyət isə bir müddət sonra lirənin məzənnəsinə mənfi təsir göstərə bilər. 
Azərbaycanda bir il yarımdır ki, manat inzibatı qaydada olsa da sabitləşdirilib. Dollar qarşısında heç bir məzənnə dəyişikliyi yoxdur. Artıq avtomobil və daşınmaz əmlak bazarında da cari ilin əvvəlindən başlayaraq manatla satışlar daha böyük üstünlük təşkil edir. Manat nə qədər sabit qalacaqsa, avtomatik olaraq, yəni, təbii yolla daşınmaz əmlak və avtomobil satışının manatla aparılması prosesi davamlı olaraq gedəcək. Bu prosesi qanuni və inzibatı metodlarla həyata keçirmək isə bir o qədər də effektli yol deyil. Türkiyənin özündə belə müqavilə şərtləri anlayışı var. Ola bilər, icarə və ya satışlar üzrə müqavilə türk lirəsi üzərindən bağlansın. Amma bütün hallarda bənd əlavə oluna bilər ki, məzənnə satış günü olan kursa uyğun tənzimlənsin. Bunun olacağı təqdirdə, prosesi lirə ilə aparsalar da, onu sonradan valyutaya çevirməyə imkan yaranacaq. 
Azərbaycanda manat stabil qaldığı təqdirdə, onsuz da təbii yolla avtomobil və daşınmaz əmlakda satışlar, icarə haqları da  milli valyuta ilə həyata keçəcək. Əsas odur ki, manatın sabitliyi uzun müddətli təmin olunsun. Sabitlik təmin olunduqca, satış və icarə haqlarının manatla aparılması onsuz da təbii yolla baş verəcək. Qanunla prosesin tənzimlənməsi isə bir qədər çətindir. Çünki, icarədar istənilən halda dollar almaq istəsə, aldığı manatı və ya lirəni həmin an valyutaya çevirəcək. Belə vəziyyət valyuta bazarına əlavə gərginlik gətirəcək”.
Milli Məclisin deputatı Musa Quliyev qeyd etdi ki, daşınmaz əmlak və avtomobil satışında hesabların manatla aparılması milli valyutamızın reytinqinin yüksəlməsinə xidmət edəcək: “Bunun üçün beynəlxalq əlaqələrin mövcud reallığına fikir verməliyik. Türkiyədəki sözügedən təcrübədən yaralanmamışdan qabaq, Azərbaycanın beynəlxalq iqtisadi əməkdaşlığı, xarici şirkətlərin ölkəmizdə əmlakının olması və yaxud onların öz əmlaklarını satması kimi proseslər nəzərə alınmalıdır. 
Amma istənilən halda daşınmaz əmlak, avtomobil satışı və kirayəsində milli valyutaya üstünlük verilməsinin tərəfdarıyam. Bu halda manatın reytinqi, qiyməti, hörməti daha da qalxar. Həm də milli valyutanın dönərli valyutalar qarşısında əriməsinin qarşısı alınar. Ona görə də həmin təcrübədən yararlanmağımız fikrimcə, milli valyutamızın möhkəmlənməsi yolunda atılan vacib addımlardan biri olar. Amma hazırda əlimdə statistik məlumatlar olmadığından konkret cavab verə bilmirəm. Hər halda iqtisadçılarımız bu barədə düşünməlidir. Əlbəttə, ölkədə bütün alqı-satqı əməliyyatlarının tədavülündə milli valyutaya üstünlük verilməsi daha yaxşı və daha güvənlidir”.
Rüfət NADİROĞLU  

Sizin Reklam Yeriniz