Əlaqə Arxiv
news Image
2013.04.17
17:26
| A A A
Azərbaycan-Qazaxıstan biznes forumu keçirilib

Aprelin 17-də Qazaxıstan Respublikasının Manqistau vilayəti Aktau şəhərinin akimi Edil Janbırşin Tekerbayulın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Qazaxıstan biznes forumu keçirilib.


Mövqe.az-ın  İqtisadi İnkişaf nazirliyindən aldığı məlumata görə, tədbirdə rəsmi şəxslərlə yanaşı, tikinti, su təchizatı, bərk məişət tullantılarının emalı, qida sənayesi, alternativ enerji və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edib.


Qonaqları salamlayan İqtisadi İnkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycan və Qazaxıstan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, bunun iqtisadi və digər sahələrdə də əməkdaşlığın inkişafına təkan verdiyini, hər iki ölkənin iqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensiala malik olduğunu diqqətə çatdırıb. İşgüzar dairələrin iştirakı ilə keçirilən tədbirlərin iqtisadi-ticarət əlaqələrinin genişlənməsində əhəmiyyətini vurğulayan nazir müavini Niyazi Səfərov biznes təşəbbüslərinin stimullaşdırılması baxımından bugünkü biznes forumun yeni əməkdaşlıq imkanlarının yaranmasına, mövcud əlaqələrin və ticarət əməkdaşlığının genişlənməsinə müsbət təsir göstərəcəyini bildirib. Qeyd edilib ki, iki ölkə arasında möhkəm müqavilə-hüquq bazası yaradılıb, indiyədək Azərbaycan və Qazaxıstan arasında ticarət və iqtisadi sahədə əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 9 iclası keçirilib. Hazırda Azərbaycanda 30-dan çox Qazaxıstan kapitallı şirkəti fəaliyyət göstərir. Azərbaycan şirkətləri də Qazaxıstanda uğurla fəaliyyət göstərirlər.


Qazaxıstan Respublikasının Manqistau vilayəti Aktau şəhərinin akimi Edil Janbırşin Tekerbayulı ölkəsində, o cümlədən Manqistau vilayətində iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib, dinamik inkişaf edən Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə, iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə də aqrar sektorda Azərbaycan təcrübəsinə Qazaxıstanda marağın böyük olduğunu vurğulayıb. Edil Janbırşin Tekerbayulı Qazaxıstanla Azərbaycan arasında keçən il ticarət dövriyyəsinin artaraq 450 milyon dollardan çox olduğunu diqqətə çatdırıb. Bildirilib ki, Qazaxıstan regionları ilə Azərbaycan regionları arasında əməkdaşlığın inkişafı üçün böyük potensial var. Edil Janbırşin Tekerbayulı Azərbaycan sahibkarlarını Aktau şəhərində iqtisadiyyatın müxtəlif sahələrinə sərmayə yatırmağa dəvət edib.


Tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya mühitinə dair təqdimatla çıxış edib.


Biznes forumda həmçinin, "Aktau şəhərinin investisiya prioritetləri və iqtisadi potensialı", "Aktau Dəniz Limanı" xüsusi iqtisadi zonası", "Aktau şəhərinin kanalizasiya sisteminin problemləri və həlli yolları", "Dəniz suyunun duzsuzlaşdırılması - Aktau şəhərinin əsas su təchizatı" və "Aktau şəhərinin eksperimental botanika bağı" mövzusunda təqdimatlar keçirilmişdir.

Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.


 

Sizin Reklam Yeriniz