news Image
2018.09.20
09:15
| A A A
Sahibkarlığın inkişafına yüksək səviyyədə növbəti dəstək
Vüqar Bayramov: “Ölkə Prezidentinin təşəbbüsü ilə yaradılan Ələt azad iqtisadi zonası daxili və xarici investisiyanın cəlb edilməsi baxımından mühüm rol oynayacaq” Fuad İbrahimov: “Geostrateji vəziyyət baxımından azad iqtisadi zonalar Azərbaycana perspektivdə geniş imkanlar yaradır”

Məlumdur ki, Prezident İlham Əliyev Ələt azad iqtisadi zonasının inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, İşçi qrupu müvafiq sahədə nüfuzlu beynəlxalq məsləhətçi şirkətləri cəlb etməklə on ay müddətində Azad Zonanın təkmilləşdirilmiş mərhələli inkişaf konsepsiyasını və onun həyata keçirilməsinin ətraflı planını, Azad Zona ərazisinin zonalaşdırılması barədə təkliflərini, ətraf mühitin mövcud vəziyyəti barədə məlumatları və digər məsələləri hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. 

Mütəxəssislərin fikrincə, Ələt azad iqtisadi zonası ilə bağlı görülən tədbirlər bura xarici sərmayə axını və yerli sahibkarlığın inkişafında mühüm rol oynayacaq. İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirdi ki, Ələt azad iqtisadi zonasının Azərbaycan üçün böyük əhəmiyyəti var: “Ölkəmiz  Ələt azad iqtisadi zonası vasitəsi ilə daha çox investisiya cəlb etmək niyyətindədir. Xarici investisiyanın cəlb edilməsi Azərbaycan üçün vacib məqamlardan biridir. Bu kontekstdən ölkə Prezidentinin təşəbbüsü ilə yaradılan Ələt azad iqtisadi zonası daxili və xarici investisiyanın cəlb edilməsi baxımından mühüm rol oynayacaq”.
Ekspert əlavə etdi ki, Ələt azad iqtisadi zonasının sərhədlərinin müəyyənləşməsi və ora daxil olan obyektlərə, sahibkarlıq subyektlərinə kompensasiyaların verilməsi nəzərdə tutulur: “Nəzərə alaq ki, azad iqtisadi zonanın formalaşması iki mərhələdə həyata keçiriləcək. Onun ərazisi birinci mərhələdə 400, ikinci mərhələdə isə 1000 hektara qədər artacaq. Son sənəddə isə zonanın ərazisi və həmin ərazidə olan tikililərin siyahısı müəyyən olunacaq. Məqsəd də zonadakı sahibkarlıq subyektlərinə kompensasiya ödənilməklə azad iqtisadi zonanın formalaşmasına nail olmaqdır. Bu mənada azad iqtisadi zonanın formalaşması Azərbaycan üçün vacib hesab olunur. Azad iqtisadi zonanın formalaşması bir tərəfdən qeyri-neft ixracatına müsbət təsir göstərəcək, digər tərəfdən isə xarici investisiyanın cəlbini nəzərə tutur. Xarici investisiya isə birbaşa ixractutumlu sahələrin məhsullarının dünya bazarına çıxarılmasını təmin edəcək. Bu baxımdan azad iqtisadi zonanın formalaşması xüsusən də 2019-cu ildə Azərbaycanın qeyri-neft sektoruna daha çox invetisiyaların yatırılmasına şərait yaradacaq”.
Digər iqtisadçı-ekspert Fuad İbrahimov bildirdi ki, azad iqtisadi zonalar vergi və gömrük rüsumlarından azad olduğundan hər zaman cəlbedici görünüb: “Odur ki, bunu həqiqətən instutisional səviyyədə yarada bilsək, ölkəmizə böyük mənfəətlər qazandıracaq. Nəzərə alaq ki, indiki vəziyyətdə şimal və cənub qonuşumuz Avropa və ABŞ tərəfindən sanksiyalara məruz qalıblar. Xüsusən bu fonda Azərbaycan sürətli şəkildə azad iqtisadi zonaları yarada bilsə, daha böyük gəlirlər əldə edə bilərcək. 
Geostrateji vəziyyət baxımından azad iqtisadi zonalar Azərbaycana perspektivdə geniş imkanlar yaradır. Həmçinin Türkiyə-ABŞ, Gürcüstan-Rusiya əlaqələrinin pisləşməsi də Azərbaycana hərtərəfli şərait yaradır. Eyni zamanda Orta Asiya ölkələrinin Ələt Limanından istifadədə marağı böyükdür. Bunlar bizə  münbit şərait yaradıb. Sadəcə, işləri yüksək səviyyədə həyata keçirmək lazımdır”.
Mübariz BAYRAMOV