Əlaqə Arxiv
news Image
2018.09.20
12:51
| A A A
“Əsrin müqaviləsi” ölkəmizin iqtisadi müstəqilliyini möhkəmləndirib, ona beynəlxalq aləmdə böyük nüfuz qazandırıb

Azərbaycan Respublikasının müstəqil dövlət kimi özünün yeraltı və yerüstü sərvətlərinin şəriksiz sahibi olduğunu bütün dünyaya bəyan etməsinə imkan yaradan “Əsrin müqaviləsi”nin imzalanmasının 24-cü ili tamam olur. 1994-cü il sentyabr ayının 20-də Bakıda dünyanın 11 transmilli şirkəti ilə imzalanmış bu nəhəng neft sazişi regionda, eləcə də postsovet məkanında qarşılıqlı etimadın və geniş əməkdaşlığın təməlini qoydu.

Yeni neft strategiyasının başlanğıcı - “Əsrin müqaviləsi”

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair sazişin imzalanması ilə Azərbaycanın neft sənayesinin qapıları xarici sərmayələrin üzünə açıq elan olundu. “Gülüstan” sarayında keçirilən imzalanma mərasimində çıxış edən görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri, Azərbaycanın yeni neft strategiyasının müəllifi Heydər Əliyev bu mühüm hadisənin əhəmiyyətini qeyd edərək deyib: “Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradır, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qoşulması üçün əsas yaradırıq. Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq, digər şirkətlərin də Azərbaycanda fəaliyyət göstərməsi üçün zəmin yaradırıq”.

Yeni neft strategiyasının başlanğıcı sayılan “Əsrin müqaviləsi” ölkəmizə yüksək işgüzarlıq, təşəbbüskarlıq ab-havası gətirdi. Ölkə iqtisadiyyatının böhran məngənəsindən çıxarılmasına səbəb olan müqavilə həm də neft sənayesi infrastrukturunun xeyli yaxşılaşdırılmasına imkan yaratdı. Digər tərəfdən, “Əsrin müqaviləsi” sonralar dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanmasına yol açaraq, ilk növbədə, Azərbaycanın inkişafında və xalqımızın rifahının yüksəlməsində mühüm rol oynadı. “Əsrin müqaviləsi” Azərbaycanın bir dövlət kimi siyasi və iqtisadi təhlükəsizliyinin təmin olunmasına, dünya iqtisadi sisteminə qoşulmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə əlverişli şərait yaratdı.

Görkəmli dövlət xadimi Heydər Əliyevin işləyib hazırladığı yeni neft strategiyasının reallaşdırılmasında onun ən yaxın silahdaşı məhz o zamanlar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olan İlham Əliyev idi. Həmin dövrdə Vaşinqton, Nyu-York, Hyuston, Dallas, İstanbul və digər şəhərlərdə iri neft şirkətlərinin rəhbərləri ilə səmərəli görüşlər keçirən və danışıqlar aparan İlham Əliyev xalqımızın milli maraqlarını tam təmin edən müqavilə şərtlərinin əldə olunması üçün gərgin əmək sərf edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “1994-cü ildə “Əsrin müqaviləsi” imzalanarkən bəziləri bunun uğuruna inanmırdı və hesab edirdilər ki, müqavilə elə kağız üzərində qalacaq. Çünki onun həyata keçirilməsi üçün təkcə iqtisadi deyil, eyni zamanda, siyasi və coğrafi­siyasi məsələlər öz həllini tapmalı idi. Heydər Əliyevin neft strategiyası və Heydər Əliyev diplomatiyası qarşımızda duran bütün məsələlərə nail olmaq üçün imkan yaratdı”.

Azərbaycan xarici neft şirkətlərinin etibarını qazandı

Onu da qeyd etmək lazımdır ki, “Əsrin müqaviləsi”nin imzalanması üçün bir sıra çox əhəmiyyətli məsələlərin əvvəlcədən öz həllini tapması vacib idi. Bunlardan birincisi ölkədə ictimai-siyasi sabitliklə yanaşı, iqtisadi sabitliyin, inkişafın, onun dayanıqlılığının təmin olunmasıdı. 1993-cü ildə Azərbaycanda ikinci dəfə ali hakimiyyətə qayıdan Ulu Öndərin xilaskarlıq missiyasının əsas hədəflərindən biri də o zamana qədərki xaos və anarxiya mühitində məhv olmuş iqtisadiyyatı yenidən canlandırmaq, insanları düçar olduqları maddi çətinliklərdən xilas etmək idi. Həmin illərdə Azərbaycanın öz müstəqilliyini qoruyub saxlamaq və müstəqil iqtisadi siyasət yeritmək üçün lazım olan iqtisadi və hərbi güc qədər ağıl və zəkaya, cəsarət və iradəyə də ehtiyacı var idi. Məhz belə yüksək keyfiyyətlərə malik olan dahi şəxsiyyət ölkəni təlatümlərdən, parçalanmaqdan, yox olmaqdan xilas etdi, dünyanın heyrətlə izlədiyi dağıdıcı proseslərin qarşısını aldı, sabitliyi bərpa etdi. Yenicə müstəqillik əldə etmiş, iqtisadiyyatı böhran içində olan, müharibə şəraitində yaşayan bir ölkənin aparıcı dövlətlərin diqqətini belə bir nəhəng neft layihəyəsinə cəlb edə bilməsi beynəlxalq aləmdə Heydər Əliyev şəxsiyyətinə böyük hörmətin və dahi şəxsiyyətin parlaq diplomatiyasının nəticəsi idi.

Digər tərəfdən, “Əsrin müqaviləsi”nin imzalanması üçün Xəzərdə planlı surətdə geoloji-kəşfiyyat işlərinin təşkili və həyata keçirilməsi, necə deyərlər, neft infrastrukturunun mövcudluğu da vacib idi. Bu da Ulu Öndərin misilsiz tarixi xidmətlərindəndir ki, hələ XX əsrin 70-80-ci illərində Azərbaycan neft sənayesinin sürətli inkişafı üçün tarixi qərarlar qəbul edib, bu sahədə böyük nailiyyətlərin qazanılmasına hərtərəfli şərait yaradıb. Həmin illərdə dəniz yataqlarının işlənilməsi üçün qazma qurğuları, suda tikinti işlərini aparmaq üçün xüsusi gəmilər, texnika və avadanlıq alınıb, Bakı Dərin Dəniz Özülləri Zavodu kimi nəhəng strateji istehsalat qurğusu tikilib. Bununla yanaşı, neft emalı, neft-kimya sənayesi və neft maşınqayırmasının inkişafında böyük irəliləyişlər olub. Məhz həmin dövrdə böyük uzaqgörənliklə yaradılan neft infrastrukturu, kəşf edilən yataqlar 20-25 il sonra müstəqil Azərbaycanın gələcəyi üçün əvəzsiz əhəmiyyəti olan neft müqavilələrinin imzalanmasında baza rolunu oynadı.

Ulu Öndərin siyasətinin uğurla davam etdirilməsi nəticəsində ötən dövr ərzində neft infrastrukturu daha da möhkəmlənib: dünyanın ən böyük Səngəçal neft-qaz terminalı inşa edilib. Gəmiqayırma Zavodu tikilib, bunun nəticəsində bu gün Azərbaycanda istənilən növ gəminin istehsalı mümkündür. Ən böyük qazma qurğularından biri - Heydər Əliyevin adını daşıyan qazma qurğusu istifadəyə verilib. Bu gün Azərbaycanda platformalar tikilir. Azərbaycan mütəxəssisləri xarici neft-qaz layihələrinin icrasında artıq aparıcı rol oynayırlar.

Yeni neft strategiyasının şah əsəri: Bakı–Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri

“Əsrin müqaviləsi”nin imzalanmasından ötən dövr ərzində neft hasilatının ildən-ilə artması həm də Azərbaycanı dünyanın potensial neft ixrac edən ölkələri ilə bir sıraya yüksəltmişdi. Artan neft hasilatının xarici bazarlara çatdırılması üçün ölkəmizdə geniş imkanlara malik neft ixracı sistemlərinin yaradılması tələb olunurdu. Azərbaycanın yeni neft salnaməsinin yaradıcısı, ulu öndər Heydər Əliyev bu vacib məsələnin də konturlarını vaxtında müəyyənləşdirdi. O, həmin marşrutların keçəcəyi ünvanları dəqiqliklə nişan verdi. İlk əvvəl Şimal istiqaməti ilə neft ixrac edən Azərbaycan 1999-cu ilin aprel ayında Bakı-Supsa kəməri istifadəyə verildikdən sonra daha bir əlverişli imkan qazandı. Azərbaycan neftinin Qara dənizdəki Supsa limanı vasitəsilə dünya bazarına çıxarılmasına başlanıldı. Bununla belə, getdikcə artmaqda olan neft həcmləri daha geniş imkanlara malik ixrac boru kəmərinin çəkilməsini zəruri edirdi. Bu isə haqlı olaraq Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının şah əsəri sayılan Bakı–Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri idi.

Bu məqamda xatırladaq ki, hələ “Əsrin müqaviləsi” imzalanan zamanı Ulu Öndər Azərbaycanın gələcəkdə daha geniş imkanlara malik neft ixracı marşrutu kimi məhz Bakı–Tbilisi-Ceyhan variantına üstünlük verdiyini bəyan etmişdi. Zaman bu fikrin də həqiqiliyini sübuta yetirib. 2002-ci il sentyabr ayının 18-də Səngəçal terminalında Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçılarının iştirakı ilə həmin kəmərin təməli qoyulub. 2006-cı ilin yayında isə kəmərin təntənəli açılış mərasimi keçirilib. Bununla da, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verməyə başlayıb.

“Üç dəniz əfsanəsi” adlandırılan və strateji əhəmiyyəti ilə seçilən layihənin əfsanədən gerçəkliyə çevrilməsi ötən qısa zamanda Azərbaycana çox böyük siyasi və iqtisadi qazanclar gətirib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dediyi kimi: “Hər bir dövlətin müstəqilliyinin dayanıqlı olması onun iqtisadi potensialından da asılıdır. Azərbaycanın tam müstəqil dövlət olması üçün onun iqtisadi inkişafının da əsaslarını hazırlayan Ulu Öndərimiz qısa müddətdə islahatların aparılmasına nail olmuş, davamlı inkişaf üçün böyük maliyyə imkanları yaradan neft strategiyasını işləyib hazırlamış, Azərbaycan regionda həyata keçirilən qlobal layihələrin təşəbbüsçüsü və fəal iştirakçısı rolunu oynamağa başlamışdır. O zaman nəhəng neft-qaz layihələrinin əfsanədən reallığa çevrilməsi müstəqil Azərbaycanın gələcəyi, Azərbaycan xalqının xoşbəxtliyi uğrunda atılmış addım kimi tarixə düşmüşdür”.

Azərbaycan nəhəng enerji layihələrinin fəal iştirakçısına və mərkəzinə çevrilib

Bu gün böyük enerji ixracatçısına çevrilmiş Azərbaycanda hasil olunan karbohidrogen ehtiyatları neft-qaz boru kəmərləri, terminallar və dəmir yolu vasitəsilə Avropa və dünya bazarlarına çatdırılır. Dünyada gedən iqtisadi proseslərin, nəhəng enerji layihələrinin fəal iştirakçısına və mərkəzinə çevrilmiş Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası ilbəil daha da sürətlənir, ölkəmiz dünyanın enerji təhlükəsizliyinə mühüm töhfələr verir.

Respublikamızın geosiyasi mövqeyi ilə bağlı tranzit imkanlarının genişləndirilməsi, beynəlxalq neft-qaz kəmərlərinin yeni şəbəkəsinin formalaşmasında fəal iştirakının təmin edilməsi iqtisadiyyatımızın gələcək inkişafı üçün çox mühüm əhəmiyyətə malikdir. Son illərdə öz geosiyasi və iqtisadi əhəmiyyəti ilə seçilən TANAP, TAP kimi iri transmilli layihələrin reallaşdırılmasında Azərbaycanın söz sahibinə çevrilməsi və əhəmiyyətli paya malik olması, XXI əsrin layihəsi hesab edilən “Şahdəniz-2” layihəsinin reallaşdırılması da əsası “Əsrin müqaviləsi” ilə qoyulan böyük neft strategiyasının məntiqi davamıdır. Bu layihələr bir tərəfdən Azərbaycanın vacib iqtisadi və enerji tərəfdaşı kimi dünyada mövqelərini möhkəmləndirirsə, digər tərəfdən gələcəkdə qaz ixracı hesabına da böyük gəlirlər əldə edəcəyinə təminat verir.

Neft-qaz sahəsində növbəti böyük uğur

Ulu Öndərin əsasını qoyduğu neft strategiyasının uğurla davam etdirilməsi istiqamətində ötən il daha bir tarixi saziş imzalanıb. 2017-ci ilin sentyabr ayının 14-də Bakı şəhərindəki Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında kontraktın imzalanması mərasimi keçirilib. Həmin sənədə əsasən, neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılıb. Yeni imzalanan sənəd Azərbaycan üçün daha da əlverişlidir, baxmayaraq ki, 1994-cü ildə imzalanmış kontrakt da bizim maraqlarımızı tam təmin edirdi. Bunun bir neçə əsas parametrlərini qeyd etmək istərdim. Birincisi, sazişin imzalanmasında sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödənilib. Digər tərəfdən, SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi müqavilənin icrasında iştirak edir. Üçüncüsü, SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılıb və bununla da Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edir. Bunlar əsas şərtlərdir. Əlbəttə ki, müqavilənin Azərbaycana fayda verən digər müddəaları da vardır. Ancaq əsas şərtlər onu göstərir ki, Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarımızın genişləndirilməsi üçün imzalanan bu sazişin də çox böyük əhəmiyyəti var.

Azərbaycanın enerji siyasəti regional müstəvidən çıxaraq qlobal müstəviyə yüksəlib

“Əsrin müqaviləsi” Azərbaycanın müstəqil dövlət kimi öz sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmində olduğunu təsdiqləyən tarixi sənəddir. Bu gün Azərbaycanın enerji siyasəti regional müstəvidən çıxaraq qlobal müstəviyə yüksəlib. Azərbaycan neft-qaz ixrac edən ölkə kimi dünya birliyi üçün etibarlı tərəfdaşa, enerji təhlükəsizliyi məsələlərində isə fəal subyektə çevrilib. Ötən illərdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına, Avropa Şurasının Nazirlər Komitəsinə və bir sıra mötəbər beynəlxalq təşkilatlara sədrlik etməsi, onun beynəlxalq nüfuzunun göstəricisidir. Bu gün Azərbaycan “Böyük iyirmilər”in sammitinə dəvət edilir, o, kosmik ölkələr ailəsinin üzvüdür. Bakı, Naxçıvan və ölkəmizin digər şəhərləri dünyanın mütərəqqi təşkilatlarının tədbirlərinə ev sahibliyi edir. Respublikamızın həm siyasi, həm də iqtisadi reytinqi gündən-günə artır. Bu il Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı kimi tarixi bir missiyanı həyata keçirməsi, İslam dünyasının mədəniyyət bayraqdarı kimi qlobal arenada çıxış etməsi də dövlətimizin uğurlu siyasətinin nəticəsidir. Azərbaycan Prezidentinin böyük diqqət və qayğısı nəticəsində muxtar respublikada həyata keçirilən möhtəşəm quruculuq tədbirləri, aparılan məqsədyönlü siyasət nəticəsində qədim diyar cazibə mərkəzinə, informasiya məkanına çevrilib. Bütün bunlar aparılan hərtərəfli islahatların, ən başlıcası isə görkəmli dövlət xadiminin müəyyənləşdirdiyi neft strategiyasının bəhrələridir.

AZƏRTAC

Sizin Reklam Yeriniz