Əlaqə Arxiv
news Image
2018.09.21
07:00
| A A A
Ticarət savaşı dünya iqtisadiyyatı üçün əsas təhdidə çevrilir
Rəşad Həsənov: “ABŞ-la Çin arasında ticarət müharibəsi qlobal ticarətin həcminin azalmasına, neftin qiymətinin enməsinə gətirib çıxaracaq”

Dünyanın iki böyük nəhəngi, ABŞ-la Çin arasında ticarət müharibəsi daha da qızışır.Belə ki, bu günlərdə  ABŞ prezidenti Donald Tramp Çindən idxal edilən 200 milyard dollarlıq məhsula gömrük vergisi paketini aktivləşdirəcəyi və sentyabrın 24-dən etibarən 10 faiz gömrük vergisi tətbiq olunacağını bəyan edib. Gələn ilin yanvarın əvvəlindən etibarən isə bu faiz artaraq 25-ə qədər yüksələcək. Bu fonda dünya mətbuatı Trampın açıqlamasının Çinlə ABŞ arasında mövcud olan ticarət müharibəsinin daha da böyüyəcəyindən yazır. Pekin də ABŞ-ın son addımına cavab olaraq əks addımlar ataraqa, ABŞ-dan aldığı 60 milyard dollarlıq məhsula rüsum tətbiq edib. 

Xatırladaq ki, iki dünya nəhəngi arasında ticarət müharibəsinin əsası  cari ilin martın 23-də qoyulub. Həmin vaxt Donald Tramp adminstrasiyası idxal edilən polad və aliminium məhsullarına 10 və 25 faizlik əlavə gömrük vergisi tətbiq etdi. Cavabında Pekin ABŞ-dan idxal edilən  50 milyard dollar məbləğində 650 adda məhsula 25 faizlik vergi qoydu.  
İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov bildirdi ki, sözügedən ticarət müharibəsinin qızışması ilə qlobal ticarətin həcmi azalacaq və neftin qiyməti aşağı düşəcək: “Təbii ki, ABŞ-la Çin arasında baş qaldıran ticarət müharibəsi və münasibətlərin kəskinləşməsi dünya iqtisadiyyatına müəyyən qədər mənfi təsir göstərəcək. Amma onu da nəzərə almaq lazımdır ki, bu proses hazırda sadəcə, ABŞ-la Çin arasında getmir. Həmin proses bu gün ABŞ-la Kanada, habelə birincilə Meksika, Avropa Birliyi, Rusiya, İran, Türkiyə arasında da müəyyən dərəcədə gedir. Belə vəziyyət isə problemin miqyasını daha da artırır. 
Məsələ ondadır ki, hazırda Çinlə ABŞ dünyanın iki ən böyük iqtisadiyyatına malik ölkələrdir. Nəticədə böyük iqtisadiyyata malik ölkələr arasında yaranan gərginliyin müəyyən problemlərə gətirib çıxaracağı gözləniləndir. Deyərdim ki, Tramp hökumətinin ticarət razılaşmaları ilə bağlı ortaya qoyduğu davranışlar son illər qloballaşma və liberal ticarət anlayışlarına müəyyən zərbələr endirib və endirməkdədir. Çünki son 70-80 ildə dünya ölkələri, beynəlxalq təşkilatlar liberal ticarət mühitinin formalaşması üçün müəyyən addımlar atıb. Ancaq Tramp hökuməti öz hərəkətilə mərhələli şəkildə bu müqavilələr və anlaşmaların legitimliyini kölgə altına alır. Bu proses isə son nəticədə ABŞ-ın etibarlı tərəfdaş olmaq imicinə mənfi təsir göstərir. 
Hazırda Çinlə ABŞ arasında ticarət dövriyyəsi illik 650 milyard dollara yaxındır. Onun da təxminən 130 mlyard dolları ABŞ-dan Çinə ixrac olunan məhsullardır. 500 milyard dollarlıq məhsul isə Çindən ABŞ-a ixrac edilir. Bu mənzərəyə baxanda, baş verən prosesdən ən çox zərər çəkən ölkə qismində ilk baxışda Çin görünür. Çünki ABŞ-la ticarət əlaqələrində təxminən 150 milyard dollar əlavə profisit  əldə edir ki, bu da Çinin daxili bazarında tədiyyə balansının müdafiəsi üçün əhəmiyyətli rəqəmdir. ABŞ Çin məhsullarının ölkəyə idxalını müəyyən qədər çətinləşdirərək, əlavə rüsumlar tətbiq edəcəksə, Pekin də ona adekvat formada cavab verməyə çalışacaq. Bu rüsumun tətbiqi mexanizmi 2019-cu ilə planlaşdırılır. Təxminən 200 milyard dollarlıq məhsula əlavə 10 faizlik rüsum tətbiq olunacaq. Amma nəzərə almaq lazımdır ki, növbəti dövrdə Çinin hansı addımlar atacağını proqnozlaşdırmaq çətin məsələdir. Çünki onun ABŞ-dan aldığı məhsulların həcmi çox azdır. Yəni Çin adekvat olaraq həmin məbləğdə məhsullara rüsum və əlavə vergi tətbiq edə bilməyəcək. Ümumiyyətlə, baş verənlər Çin iqtisadiyyatına mənfi təsir göstərəcək. Çin iqtisadiyyatı daha çox ixrac meylli iqtisadiyyatdır. Onun son 40-50 illik inkişafında əsas rolu məhz ixrac oynayıb. Çünki Çinin daxili istehlak gücü heç də yüksək deyil. 
Bu mənada Çin ixracında problem yaranarsa, bu da təbii ki, zəncirvari olaraq digər sahələrə, istehsal, məşğulluq əhalinin gəlirləri və s. sahələrə də öz təsirini göstərəcək. Nəticədə Çin iqtisadiyyatının artım tempi əhəmiyyətli dərəcədə geriləyə bilər. Bu zaman Çin öz valyutasının dəyərsizləşdirilməsi yolunu seçməklə müəyyən qədər alternativ bazarlarda öz məhsulunun ixrac imkanlarını genişlənidrməyə çalışacaq. Ticarət müharibəsinin qızışmasının dünya iqtisadiyyatına təsirinə gəldikdə, bu, əsasən ticarət müharibələri fonunda qlobal ticarətin həcmində azalmanın baş verməsi  istiqamətində olacaq. Bunun özü isə son nəticədə enerji resurslarına tələbatı aşağı sala bilər. Bir neçə gün əvvəl Beynəlxalq Enerji Agentliyi 2019-cu il üçün proqnozlaşdırdığı neft istehlakı göstəricilərini artıq aşağı salıb. Ona səbəb olan amillər sırasına məhz ticarət müharibələrinin göstərdiyi nəticələri də daxil etmək olar. Çin ən böyük iqtehlakçılardan biridir. Bu ölkə iqtisadiyyatında müəyyən dərəcədə gərginlik yaranacaqsa,  tələb aşağı enəcək. 
Tələbin aşağı düşməsi fonunda da neftin qiyməti ucuzlaşa bilər. 
Hazırda İranla bağlı məsələyə görə neftin qiymətində daha çox artım tempi özünü göstərir. Amma orta müddətli dövr üçün Çİn və ABŞ arasında olan münasibətlər enerji bazarlarında neqativ mühit formalaşdıracaq və bu da son nəticədə neftin qiymətinin ucuzlaşmasına gətirib çıxaracaq”.
Rüfət NADİROĞLU   
 

Sizin Reklam Yeriniz