Əlaqə Arxiv
news Image
2018.09.21
08:00
| A A A
Xəzərdə yeni neft-qaz yataqları Azərbaycana böyük dividendlər vəd edir
Vüqar Bayramov: “Perspektiv yataqların kəşfi mavi qaz və nef hasilatının artımına imkan yaradacaq” Zəfər Vəliyev: “Xəzərin Azərbaycan sektorunda olan karbohidrogen ehtiyatlarının kəşfi və xarici bazarlara çıxarılması ölkəmizə əlavə gəlirlər vəd edir”

SOCAR Xəzər dənizinin Azərbaycan sektorunda perspektiv strukturların aşkar olunması və ilkin kəşfiyyat işləri ilə bağlı bir sıra xarici şirkətlərlə danışıqları yekunlaşdırıb. Bunu Azərbaycanda Neftçilər gününə həsr olunmuş tədbir zamanı SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib. Onun sözlərinə görə, danışıqların yekunlarına əsasən artıq razılıq da əldə olunub: “Azərbaycanda qaz yataqlarının işlənməsi barədə danışarkən R.Abdullayev qeyd edib ki, 2020-ci ildə “Ümid” qaz-kondensat yatağının ikinci platformasında yeni quyunun qazılmasına başlanılacaq Qazma işləri 2020-ci ildə başlanılacaq. Quyu 2021-ci ildə istifadəyə veriləcək”.

İqtisadçıların fikrincə, Xəzər dənizində bu cür strukturların aşkar olunması ölkəmizin neft gəlirlərini artıracaq. İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirir ki, “Əsrin Müqaviləsi”nin uzadılması ilə yanaşı Azərbaycan perspektiv yataqlarda neft və qaz istehsalının genişləndirilməsi siyasətini davam etdirir: “Bu, ölkəmizin neft və qaz hasilatının artırılması baxımından vacibdir. Azərbaycan neft rezervlərinə görə dünyada 20, qaz ehtiyatlarına görə isə 14-cüdür. 
Nəzərə alaq ki, burada söhbət kəşf edilmiş yataqların rezervlərindən gedir. Amma bununla yanaşı, kəşf edilməmiş və perspektiv yataqlarımız da var. Bu da hasil ediləcək qazın və neftin həcminin artımına gətirib çıxardacaq. Azərbaycan gün ərzindən dünya bazarına 650 min barreldən artıq neft ixrac edir. İllik neft istehsalımız isə 38 milyon tondan çoxdur. Mavi qaz hasilatımızda da artımlar müşahidə olunur. Hazırda 29 milyard kubmetr mavi qaz hasil edirik. Bu rəqəmin yaxın illərdə 40 milyard kubmetrə qədər artacağı nəzərədə tutulur. Odur ki, perspektiv yataqların kəşfi mavi qaz və nef hasilatının artımına imkan yaradacaq. Bu da Azərbaycanın dünya bazarına çıxartdığı enerji resurslarının payının artırılması baxımından vacibdir. Nəticədə dövlət və SOCAR-ın şirkət olaraq gəlirlərinin yüksəlməsinə gətirib çıxardacaq”.
Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirdi ki, Xəzərin Azərbaycan sektorunda olan karbohidrogen ehtiyatlarının kəşfi və xarici bazarlara çıxarılması ölkəmizə əlavə gəlirlər vəd edir: “Digər tərəfdən, bu, Azərbaycanın beynəlxalq qaz bazarlarında mövqeyinin qorunub saxlanılması baxımından əhəmiyyətlidir. Azərbaycanın qaz hasilatının artırmasına ehtiyac var. 
SOCAR-ın strategiyası ondan ibarət idi ki, Azərbaycanda yaxın 10 ildə neft hasilatını sabit – 40 milyon ton civarında saxlasın. Ona görə Azərbaycanda effektiv kəşfiyyat işləri aparılmalıdır. Çünki neft, qaz hasilatını sabit saxlamaq istəyən ölkə geoloji axtarış və kəşfiyyat işlərinə vəsait ayırmalıdır. İstehsalda olan quyuların neftvermə əmsalını artırmaq üçün əlavə xərclərə ehtiyac var. Bütün bu xərclər optimallaşandan sonra yaxın perspektivdə hasilatı sabit saxlamaq mümkündür. 
Bundan başqa Xəzər dənizinin daha dərin qatlarında karbohidrogen ehtiyatları mövcuddur. Bizdə olan indiki texnologiya onların çıxarılmasına imkan vermir. Lakin perspektivdə optimal variant tapılarsa, onların hamısını gerçəkləşdirmək mümkün olacaq. Xərcləri optimallaşdırmaq və geoloji kəşfiyyat işləri aparmaqla Azərbaycanda neft və qaz hasilatını sabit saxlamaq olar”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz