Əlaqə Arxiv
news Image
2018.09.21
09:40
| A A A
İqtisadi şaxələndirmə siyasəti öz bəhrəsini verir
Regionların inkişafı artan sürətlə davam edir

Bu gün ölkəmiz özünün sosial-iqtisadi inkişafının yeni yüksəliş dövrünü yaşayır. Ölkə həyatının bütün sahələrində baş verən tərəqqi və sürətli inkişaf göz önündədir. Bu da təsadüfi deyil. Çünki özünün daxili imkanlarına, zəngin təbii sərvətlərinə əsaslanan ölkəmiz müstəqil iqtisadi siyasət yürüdür, qlobal enerji layihələrinin təşəbbüskarı və əsas iştirakçısı kimi regionda və dünyada mühüm tərəfdaşa, nüfuz sahibinə çevrilir. Əlverişli geosiyasi mövqeyə malik olan Azərbaycan özünün müstəqil iqtisadi siyasəti sayəsində  dünyanın ən sabit və davamlı inkişaf edən dövləti statusuna yiyələnib. Azərbaycanın son illər yürütdüyü müstəqil iqtisadi siyasəti onu dünyada və regionda yüksək nüfuz qazandırıb. Artıq özünün enerji təhlükəsizliyini tam təmin etmiş Azərbaycan Respublikası hazırda bir sıra dünya ölkələrinə də bu sahədə mühüm töhfələr verir. Həyata keçirilmiş məqsədyönlü islahatlar nəticəsində “İnkişafın Azərbaycan modeli” artıq beynəlxalq aləmdə nümunə göstərilir. 

Bu modeldə regionların xüsusi çəkisi kifayət qədər yüksəkdir və proses artan sürətlə davam edir. Bir neçə gün əvvəl Prezident İlham Əliyevin Masallı və Biləsuvar rayonlarına səfərləri deyilənləri sübut etmək üçün tutarlı faktdır. Belə ki, hər dəfə olduğu kimi bu səfər boyunca inkişaf göstəricisi olan neçə-neçə yeni obyekt, istehsal müəssisəsi və geniş, rahat yollar xalqın istifadəsinə verilib. 
Səfər çərçivəsində dövlət başçısı Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədinə qədər tikintisi başa çatmış yeni avtomobil yolunun açılışını edib. Ələt-Astara yolu demək olar ki, regionun əsas mafistralıdır. Bu yol cənub zonasının iqtisadi inkişafına, xüsusən turizmin canlanmasına böyük təkan verəcək. Həm də ki, kəndlilərin öz yetişdirdikləri məhsulları mərkəzi şəhərlərə çıxartmaları üçün sərf etdikləri vaxt itkisi azalacaq.
Masallı Sənaye Məhəlləsinin açılışının da səfər müddətində baş verməsi rayon əhalisinə böyük müjdə olub. Sənaye Məhəlləsində müxtəlif mebel və onların hissələrinin istehsalı üzrə 5 müəssisə qurulub və sahibkarlar tərəfindən bu layihələrin icrasına ümumilikdə 3,5 milyon manatdan çox investisiya yatırılıb, 142 yeni iş yeri yaradılıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən sənayeləşmə siyasəti  nəticəsində yaradılan sənaye məhəllələri regional iqtisadiyyatın təməlinə çevrilir. Artıq Neftçala Sənaye Məhəlləsi sahibkarların istifadəsinə verilib. Masallı Sənaye Məhəlləsinin təşkili işləri başa çatdırılıb. Hacıqabul Sənaye Məhəlləsinin bu ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulur. Sabirabad Sənaye Məhəlləsinin tikintisi üçün hazırlıq işləri aparılır. Beləliklə, bütün bunlar bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin tərkib hissələrindən olan sənayeləşmənin sürətləndirilməsi prioritet sahədır və bu istiqamətdə irimiqyaslı layihələrin icrası davam etdirilir. Müasir sənaye məhəllələrinin yaradılması həm də ölkəmizin iqtisadi potensialını nümayiş etdirir, iqtisadi gücümüzü artırır.
Sənaye məhəlləsinin ardınca “Masallı - Nemətləri” Məhdud Məsuliyyətli Cəmiyyətinin çəltik emalı müəssisəsinin istifadəyə verilməsi son illərdə ölkəmizdə qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatının çəkisi və rolunun artmasını göstərir. Hökumətin səyi ilə Azərbaycanda sahibkarlığın dəstəklənməsi üçün xüsusi fond fəaliyyət göstərir. Son on il ərzində həmin fond vasitəsilə özəl sektora təqribən 2 milyard dollar həcmində vəsait verilib. Bu da olduqca sərfəli şərtlərlə, aşağı faizli kreditlərin verilməsi yolu ilə həyata keçirilib. Azərbaycanda fermerlər üçün subsidiyalar və olduqca yaxşı investisiya mühiti var. Bu səbəbdən kənd təsərrüfatında məhsuldarlıq ildən-ilə yüksəlir.
Prezident İlham Əliyevin regionların inkişafını daim diqqət mərkəzində saxlaması təkcə iqtisadi obyektlərin dəstəklənməsi ilə bitmir. Əhalinin firavan həyatı, sosial problemlərinin həlli, gənc nəslin inkişafına qayğının artırılması bu siyasətin prioritetidir. Təkcə budəfəki səfərdə sadalanan yeni obyektlərin siyahısında Masallıda əsaslı şəkildə yenidən qurulan Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı, Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı, Biləsuvar rayonunun Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yollarının açılışı da var. 
Biləsuvarda Bayraq Muzeyinin, Gənclər Evinin istifadəyə verilməsi regionlarda mədəniyyət və istirahətin təşkilinin hökumətin diqqətdə saxladığı məsələlərdən olduğunu sübut edir. Bütün bu yeniliklər isə iqtisadiyyatın və mədəniyyətin inkişafında regionların xüsusi çəkisinin artmasına aşkar nümunədir.
N.NOVRUZ

Sizin Reklam Yeriniz