Əlaqə Arxiv
news Image
2018.09.22
08:00
| A A A
Pambıq Azərbaycana daha çox valyuta qazandıracaq
Qadir Bayramlı: “Hər tona görə alış qiymətinin artımı ölkəmizdə pambığın inkişafına müsbət təsir göstərəcək”

Kənd Təsərrüfatı Nazirliyinin (KTN) və İqtisadiyyat Nazirliyinin məsul işçilərinin iştirakı ilə pambıq istehsalı və emalı ilə məşğul olan şirkət rəhbərləri ilə görüş keçirilib. Pambıq əkən fermerlərin məhsul istehsalına, yığımına həvəsləndirilməsi və onların maddi rifahının daha da yüksəldilməsi məqsədilə pambığın növlər üzrə mövcud alış qiymətlərinin hər ton üçün 50 manat artırılmasına qərar verilib. 

Qeyd edək ki, son illər ölkəmizdə kənd təsərrüfatının inkişafı fonunda pambıqçılıq sahəsində də ciddi irəliləyişlər baş verib. Bu irəliləyişin əsası isə Azərbaycan Prezidentinin 13 iyul 2017-ci il tarixində imzaladığı «Azərbaycan Respublikasında Pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı» ilə qoyulub. Onu da vurğulayaq ki, pambıqçılığın inkişafı ilə bağlı dövlət siyasətinin gücləndirilməsi son illər ölkəmizdə bu sahə üzrə məhsul istehsalının kəskin artımına gətirib çıxarıb. Yuxarıda qeyd edilən proqramın icrası nəticəsində isə 2022-ci ildə xam pambıq istehsalının 500 min tona çatdırılması gözlənilir. Bunun baş verməsi ilə Azərbaycan dünya pambıq istehsalçıları arasında ilk onluğa düşəcək. Bu hal həmçinin 300 minə yaxın insanın işlə təmin olunması deməkdir.   Eyni zamanda, əhalinin bu sahəyə marağının artırılması üçün bir sıra stimullaşdırıcı addımlar atılır ki, alış qiymətinin hər tona görə 50 manat artırılamsı da məhz bu məqsədə xidmət edir.  
Azərbaycan İqtisad Universitetinin dosenti Qadir Bayramlı bildirdi ki, hər tona görə alış qiymətinin artımı ölkəmizdə pambığın inkişafına müsbət təsir göstərəcək: “Pambıq istehsalı üzrə alış qiymətinin artırılması sözsüz ki, mütərəqqi haldır. Amma yetərli deyil. 
Ölkəmizdə pambıqçılığın inkişafı üçün əlverişli fiziki-coğrafi şərait var. Torpaq ehtiyatlarımız pambıqçılığın inkişafına nail olmaq üçün yetərlidir. Sovet dönəmində pambıq istehsalı hədsiz dərəcədə çox idi. Kür-Araz ovalığı başdan-başa pambıqçılq rayonlarına çevrilmişdi. İndi isə müstəqil dövlət olaraq bu sahədə də siyasətimizi özümüz müəyyən edirik. Pambiqçiliğin inkişafı zəruridir. Amma ekstensiv üsullar hesabına deyil, intensiv metodlar vasitəsilə inkişafa nail olmaq lazımdır. Yəni məhsuldarlığı artırmaq, aqrotexniki tədbirləri gücləndirmək hesabına. 
Hazırkı şəraitdə Azərbaycan kimi ölkədə ildə 300 min ton pambıq istehsalı optimal sayıla bilər. Bu qədər istehsal həm daxili tələbatı ödəməyə, həm də məhsulun bir hissəsini ixraca yönəltməyə imkan verəcək. Belədə hər tona görə alış qiymətinin artırılması əhalinin  pambıq istehsalına marağının artmasına stimul yaratmaq baxımından mühüm təsir vasitəsi ola bilər. Amma fermerlərə bu istiqamətdə maksimum kömək əli uzadılmalıdır ki, pambıq sentyabr-oktyabr ayları ərzində yığılıb başa çatsın. Çünki pambıq iqlim şərtlərinə çox bağlı bitkidir. Keçən ilin intensiv yağışları da bir daha göstərdi ki, həmin hadisə baş verməsəydi, pambıq istehsalı 210 min ton deyil, daha çox olardı. Ona görə də tez yetişən sortlara üstünlük verməliyik. Həm də məhsulun bazara çıxışında fermerlərə kömək edilməlidir. Bunlar olarsa, son qiymət artımı da öz müsbət təsirini göstərəcək. Hələlik ilkin addım olaraq atılan addımı müsbət qiymətləndirirəm”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz