Əlaqə Arxiv
news Image
2018.09.22
09:30
| A A A
Xarici valyutaların ölkə daxilində işlənmə dövriyyəsi ilə bağlı maraqlı yanaşma ortaya qoyuldu
Vüqar Bayramov: “Azərbaycan mövcud valyuta qaydalarını qoruyub saxlamalı, daxildə yalnız manat istifadə edilməlidir” Mehdi Babayev: “Hazırda ölkəmizdə bu məsələ ilə bağlı qanunvericiliyin sərt tələbi mövcuddur”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son günlərdə maliyyə bazarlarındakı manipulyasiya hallarını qınayaraq, sərt formada buna qarşı çıxıb.Ərdoğan ölkədə hər hansı böhranın olmadığını dilə gətirib. “Böhran məsələsinə aldanmayın. Bunların hamısı manipulyasiyadır. Güclənərək gələcəyə doğru gedirik. Alış-veriş mərkəzlərində manipulyasiya edənlərə aldanmayın. Bu ölkədə dollar, yaxud avro ilə icarə haqqı yoxdur. Bundan sonra türk lirəsi keçərlidir. Əks təqdirdə bunun bədəlini ödəyərlər. Bura Türkiyədir, ABŞ deyil. Burada türk lirəsi var. Türk lirəsi ilə mağazanı icarəyə verərsən, alış-verişi edə bilərsən” – Ərdoğan belə deyib. 

Mütəxəssislərin sözlərinə görə, bu, dollara yumşaq təzyiq vasitəsidir. Bununla Ərdoğan Türkiyədə xarici valyutanın dövriyyəsinin azaltmağa çalışır. Lakin bütövlükdə xarici valyutanın qadağan edilməsi mümkün deyil. Hansı ki, ölkəmizdə də bu cürdür. İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirdi ki, Azərbaycanda ödəniş vasitəsi yalnız manatdır: “Çox nadir hallarda hansısa obyekt xarici valyutanı qəbul edir. Qanun manatdan başqa nağd şəkildə hansısa valyutanı qəbul etmir. 
Etiraf etmək lazımdır ki, xidmət və iaşə obyektlərinin böyük əksəriyyəti hazırda yalnız manatdan istifadə edirlər. Türkiyədə deyilənlər isə əsasən xarici valyutanın dövriyyəsinin azaldılmasına hesablanıb. Ancaq nəzərə alaq ki, Türkiyə turizm ölkəsidir. Artıq Türkiyənin xarici ticarətdə 76 milyard dollarlıq defisiti var. O baxımdan ölkədə xarici valyutanı qadağan etmək mümkün deyil. İş adamlarının, xarici valyutaya ehtiyacı var, ixrac xarici valyuta ilə həyata keçirilir, yığımların böyük hissəsi xarici valyutadır. O baxımdan Türkiyədə xarici valyutanın qadağan edilməsi mümkün deyil. Düzdür, Türkiyədə iaşə, xidmət sahələri xarici valyutadan istifadə edir. Ölkəyə turistlər vasitəsi ilə xarici valyuta gəlir. Bu qadağan edilsə belə, Türkiyədə dollara tələbin azalmasına gətirib çıxarmayacaq. Ona görə də daxili ödənişlərdə yalnız milli valyutadan istifadə olunmalıdır. Lakin bütövlükdə ölkənin xarici valyutaya olan tələbi inzibati yolla qadağan etmək mümkün deyil. 
Azərbaycan da mövcud valyuta qaydalarını qoruyub saxlamalı, daxildə yalnız manat istifadə edilməlidir. Eyni zamanda xarici valyuta idxal, yığım baxımından vacibdir. Yəni xarici valyutaya hər zaman tələb var”.
Maliyyə məsələləri üzrə ekspert Mehdi Babayev bildirdi ki, hazırda ölkəmizdə bu məsələ ilə bağlı qanunvericiliyin sərt tələbi mövcuddur: “Yəni, yerli qanunvericiliyə görə, Azərbaycan Respublikası ərazisində mal, iş və xidmətlərin dəyərinin ödənişi vasitəsi kimi yalnız Azərbaycan manatından istifadə oluna bilər. Hər hansı şəxs, istər fiziki şəxs, istərsə də hüquqi şəxs üçün bu tələblər məcburidir. Lakin bəzi hallarda mal, iş və xidmətləri təklif edən şəxslər öz elanlalarında xarici valyuta göstəricilərindən istifadə edirlər. Məsələn, nəqliyyat vasitəsini satmaq istəyən vətəndaş elanda qiyməti ABŞ dolları ilə təqdim edir. Buna baxmayaraq, nəqliyyat vasitəsini satanda mütləq qaydada ödənişi manatla həyata keçirməlidir. 
Əlbəttə ki, “qara bazar”da hələ də dollarla nəqliyyat vasitəsinin dəyərini qəbul edən fiziki şəxslərə rast gəlmək mümkündür. Lakin bu hal qanun pozuntusudur. Yəni, bu gün Azərbaycan hüdudları daxilində aparılan mal, iş və xidmətlərin alqı-satqı əməliyyatları yalnız Azərbaycan manatı ilə ödənilə bilər. Xarici valyuta əməliyyatları Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları” ilə tənzimlənir.  Xarici valyutada ödənişlər valyutadəyişmə və xarici ölkə ilə əlaqəli idxal olunan və ya ötürülən mal, iş və xidmətlərə görə aparılan əməliyyatlda həyata keçirilə bilər. 
Düzdür, ölkədaxili bağlanılan işgüzar müqavilələrdə qiymətləri xarici valyutada əks etdirmək olar. Çünki müqavilə maliyyə axını ilə nəticələnən əməliyyatın faktiki baş verdiyini təsdiq edən sənəd hesab edilmir. Ölkə daxilində belə müqavilələr üzrə ödəniş həyata keçirilərkən ödəniş günü xarici valyutanın manata məzənnəsi müqabilində manatla həyata keçirilməlidir. Ümumiyyətlə, ödənişin yalnız yerli valyuta ilə ödənilməsi tendensiyası yerli valyutanın möhkəmlənməsinə xidmət edən bir amildir. Həmçinin bu, yerli valyutaya olan mütləq sevginin təcəssümüdür”. 
Ekspert əlavə etdi ki, Türkiyədə son vaxtlar alış-veriş məkanlarında xarici valyutada malların satışı tendensiyası azalıb və azalmaqda da davam edir: “Çox az hallarda xarici valyuta ilə mal almaq mümkündür. Lakin bu məsələ Türkiyədə yerli valyutanın möhkəmlənməsinə cüzi təsir edə bilər. Ümumiyyətlə, yumşaq formada desək, xarici valyutanın güclənməsinin səbəblərindən ən birincisi, ölkənin idxaldan asılılığının artması və çox gizli formada təzahür edən bir hal, yəni əhalinin "istehlak səviyyəsi"dir. Ya ölkə daxilində əhalinin istehlak səviyyəsinə uyğun mal, iş və xidmətlər istehsal olunmalıdır, ya da əhalinin istehlak səviyyəsi yerli mal, iş və xidmətlərin formatına uyğunlaşdırılmalıdır. İkincini reallaşdırmaq qloballaşan dünyada çox çətin məsələdir. Türkiyədə nə qədər ki, yerli əhalinin və işgüzar aləmin istehlak səviyyəsinin və xarakterinin tamamlanması üçün mal, iş və xidmətlər idxal olunacaq və bunlara tələbat artacaq, lürk lirəsinin zəifləməsinin qarşısının alınması çətinləşəcək”. 

Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz